İlham Əliyev Haaqada III Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir
24 mart 2014, 19:40
Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlamışdır.
Prezident İlham Əliyev Sammitdə iştirak edir.
Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Bu Zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birik tərəfindən təqdir olunur.
Martın 24-də III Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin rəsmi salamlanması ilə başladı.
Niderland Krallığının Baş naziri Mark Rütte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Nüvə Təhlükəsizliyi Sammiti “Nüvəsiz dünya” videoçarxının nümayişi ilə başladı.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Zirvə görüşünü açıq elan edən Niderlandın Baş naziri Mark Rütte Sammit iştirakçılarını salamladı. 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı. Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin gələcəyinin təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirdi.
Bundan əvvəlki Sammitə ev sahibliyi edən Koreya Respublikasının Prezidenti Pak Kın He çıxışında müasir dünyada nüvə təhlükəsizliyinin təmin olunmasının zərurətə çevrildiyini deyərək ölkəsinin bu məsələdə öz dəstəyini əsirgəmədiyini vurğuladı.
BMT-nin baş katibi Pan Gi Mun Sammitin əhəmiyyətindən danışarkən onun ehtimal olunan nüvə terrorizminin qarşısının alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirdi. Nüvə təhlükəsizliyinin müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin bu sahədəki missiyasının səmərəli olduğunu vurğuladı.
Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirdi. Bu çərçivədə “Siyasətin ssenari əsasında müzakirəsi” mövzusunda iclas keçirildi.
X X X
Niderland Kralı Əlahəzrət Villem-Aleksandr tərəfindən Haaqada III Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə qəbul və şam yeməyi təşkil olunmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.