İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “VEGO” otelində yaradılmış şəraitlə tanış olmuşdur
21 yanvar 2014, 15:50
Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “VEGO” otelində yaradılmış şəraitlə tanış olmuşdur.
“VEGO” oteli Gəncə şəhərinin mərkəzində yerləşir. Otel ən müasir standartlar səviyyəsində inşa olunmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.
“VEGO” otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcəkdir. Otelin ətrafında Şah Abbas məscidi və Çökək hamam yerləşir. Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilmişdir. Bina günbəzlidir. Hamamda yenidənqurma işləri aparılarkən tarixi görkəm olduğu kimi saxlanılmışdır. Gəncənin tarixi memarlıq abidəsi sayılan Çökək hamama otelin birinci mərtəbəsindən birbaşa yeraltı tunel vardır.