İlham Əliyev Göygölə səfəri çərçivəsində Gənclər Mərkəzi ilə tanış olmuşdur
21 yanvar 2014, 17:00
Prezident İlham Əliyev Göygölə səfəri çərçivəsində Gənclər Mərkəzi ilə tanış olmuşdur.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq uğurlu nəticələrlə yadda qalmışdır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu proseslərdə çox mühüm rol oynamışdır. Hazırda həyata keçirilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” bu tədbirlərin məntiqi davamıdır. Bu gün gənclərin vətənpərvərlik və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir. Bölgələrdə gənclər üçün müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin tikintisi də bu amala xidmət edir. Göygöldə Gənclər Mərkəzinin yaradılması da gənclərin rayonun həyatında fəal mövqe tutmalarına yeni stimul vermək məqsədi daşıyır.
Gənclər Mərkəzi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, rayon gənclərinin fəallığının artırılması, onların intellektual potensialının üzə çıxarılması məqsədilə yaradılan mərkəz indi gənclərin ən çox üz tutduqları məkandır. Buradakı internet–kafe, diskoteka və digər əyləncə növləri və stolüstü oyunlar gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Burada müxtəlif maraqlı tədbirlərin keçirilməsi üçün müasir zal da gənclərin ixtiyarına verilmişdir. Bütövlükdə belə mərkəzlərin yaradılmasında əsas məqsəd yetişməkdə olan nəslin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir.