İlham Əliyev Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
21 yanvar 2014, 16:40
Prezident İlham Əliyev Göygöl şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Tariximizin şərəfli bir dövrü Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq və dövlət qarşısında əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxt Bakı ilə yanaşı, bölgələrdə də dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün çox mühüm işlər görülmüşdür. Göygöl rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzinin yaradılması dahi siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan daha bir mühüm addımdır. Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Mərkəzlə yaxından tanışlıq bir daha sübut edir ki, bütün mənalı ömrünü xalqına və Azərbaycan dövlətçiliyinə həsr edən Ulu Öndər hər şeydən çox sevdiyi Vətəni üçün tarixi işlər görmüşdür.
Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratmış, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanı öz üzərinə götürmüşdür. Ulu Öndər güclü dövlət və səmərəli iqtisadiyyat amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixinə şanlı səhifələr yazmışdır. Mərkəz və onun yerləşdiyi Heydər Əliyev parkı indi Göygölün ən gözəl məkanlarından biridir.
Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev parkı ilə tanış oldu.
Dövlətimizin başçısına burada aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən parkdakı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, kinoteatr və uşaq əyləncə mərkəzi ən müasir standartlara cavab verir. Burada rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılmışdır. Parkdakı Yaşıl Teatr bərpa olunmuşdur, stolüstü oyunlar zalı fəaliyyət göstərir və uşaqlar üçün xüsusi attraksionlar quraşdırılmışdır.
Prezident İlham Əliyev parkda tikilmiş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzin foyesində dahi şəxsiyyətin büstü qoyulmuşdur. Burada Ulu Öndərin siyasi irsini araşdırmaq məqsədi ilə Heydər Əliyev Muzeyi yaradılmışdır. Muzeydə Ümummilli Liderin uşaqlıq və gənclik illərinə aid şəkillər, həmçinin müxtəlif dövrlərdə çəkilən digər fotolar böyük maraqla qarşılanır. Muzeyin hər bir eksponatı təsdiqləyir ki, tarix yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur və Ulu Öndərin taleyi əslində bütün Azərbaycan xalqının taleyidir. Heydər Əliyevin misilsiz xidmətləri milli tərəqqi, qurtuluş və inkişaf salnaməsinə çevrilmişdir. Muzeydə təqdim olunan materiallardan da görünür ki, müstəqil Azərbaycan dövlətinin banisi olan Heydər Əliyevin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətimizin dəyərlər sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün akt və konfrans zalları yaradılmışdır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün burada rəsm, xalçaçılıq, tikiş dərnəkləri fəaliyyət göstərəcəkdir. Mərkəzdə, həmçinin elektron kitabxana, fotostudiya, şahmat zalı, muğam otağı və 3D kinoteatrı da vardır.
Orijinal üslubda inşa edilən Heydər Əliyev Mərkəzi Azərbaycanın milli mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə isə bu cür mərkəzlərin inşası Ulu Öndərin siyasi irsinin öyrənilməsi ilə yanaşı, onun gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. Ulu Öndər istər sovet illəri, istərsə də müstəqillik dövründə Azərbaycanın bütün regionlarının inkişafına xüsusi diqqət yetirmişdir. İndi Göygöldə belə bir Mərkəzin yaradılması dahi şəxsiyyətə rayon sakinlərinin verdiyi real qiymətdir.