İlham Əliyev Göygölə səfəri çərçivəsində Bayraq Meydanı Kompleksinin açılışında iştirak etmişdir
21 yanvar 2014, 16:15
Prezident İlham Əliyev Göygölə səfəri çərçivəsində Bayraq Meydanı Kompleksinin açılışında iştirak etmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayraq ötən əsrin sonlarında yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilmişdir. Bu tarixi iş Ümummilli Liderin dahiyanə ideyalarından biri idi. Ölkəmiz yenidən müstəqilliyini bərpa etdikdən sonra bu bayrağın ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılması bunun əyani təzahürüdür. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Vətənə və dövlətin atributlarına hörmət və ehtiram Ulu Öndərin bizə ən böyük əmanətidir. Hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir.
Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşması da bunu şərtləndirən əsas səbəblərdən biridir. Paytaxtla yanaşı, respublikanın bölgələrində də bayraq meydanlarının inşası dövlətin bu sahədə həyata keçirdiyi siyasətin nəticəsidir.
Göygöl rayonunda salınan Bayraq Meydanı kompleksində ucaldılan üçrəngli bayrağımız, quraşdırılan gerbimiz möhtəşəmliyi ilə diqqəti cəlb edir və hər kəsin qəlbində iftixar və qürür hissləri oyadır. Kompleksdə yaradılan şərait, həmçinin “Azərbaycan dövlətinin rəmzləri muzeyi” milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, kompleksin tikintisinə 2012-ci ilin may ayında başlanmışdır. Meydanda 50 metr yüksəkliyə qaldırılmış dövlət bayrağı rayonun hər yerindən aydın görünür. Kompleksdə geniş əraziyə malik gəzinti zolaqları yaradılmışdır.
Nəfis şəkildə işlənən dövlət gerbi kompleksi daha da gözəlləşdirir.
Dövlətimizin başçısına meydanın tikinti prosesini əks etdirən fotostend təqdim olundu. Bütövlükdə geniş yaşıllıq işlərinin aparıldığı kompleks rayonda gedən abadlıq-quruculuq tədbirlərinin ardıcıl xarakter daşıdığına dəlalət edir. Müasir səviyyədə inşa olunan bu kompleks indi rayonun ən gözəl yerlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyev “Azərbaycan dövlətinin rəmzləri muzeyi”ində də oldu. Muzeydə Azərbaycanın müxtəlif dövrlərdəki gerbləri, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzaları və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Burada Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illər və 1991-ci ildəki xəritələri də vardır. Tarixin müxtəlif dövrlərində atribut kimi qəbul edilmiş bayraqlar da böyük maraq doğurur.