İlham Əliyev Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir
26 dekabr 2013, 12:30
Prezident İlham Əliyev Bilgəh-Novxanı- Sumqayıt avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olmuş, Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak etmişdir.
Son illər paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırılması və əhalinin rahatlığının təmin edilməsi məqsədini daşıyır. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. İndi respublikamızda həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, bu illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilmişdir.
Prezident İlham Əliyev əvvəlcə Bilgəh-Novxanı- Sumqayıt avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış oldu.
Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı- Sumqayıt avtomobil yolunda salınmış yol qovşaqları və piyada keçidləri barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, ümumi uzunluğu 42 kilometr olan altızolaqlı yolun 16,5 kilometri artıq hazırdır. Magistral boyu eyni səviyyəli 6 yol qovşağı tikiləcəkdir. Bundan başqa, layihəyə əsasən yol üzərində 12 körpü, 4 yeraltı və 1 dəmir yolu keçidinin tikintisi nəzərdə tutulmuşdur. Artıq Nardaran və Bilgəhdə 2 yol qovşağı istismara hazırdır. Kürdəxanı qovşağında isə tamamlama işləri aparılır.
2011-2013-cü illər üzrə Bakı və onun ətraf qəsəbələrinin sosial–iqtisadi inkişafı Dövlət Proqramına daxil olan layihənin reallaşdırılmasında əsas məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrini Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu vasitəsilə Bakı şəhərinə daxil olmadan Bakı-Quba yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, bu magistral Bakı-Şamaxı yoluna çıxmaqla respublikanın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir. Yeni avtomobil yolu Bakı qəsəbələrinin ölkənin beynəlxalq əhəmiyyətli magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcəkdir. Prezident İlham Əliyev layihənin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Sonra Prezident İlham Əliyev yenidən qurulması başa çatmış Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak etdi.
Dövlətimizin başçısına Zabrat dairəsi-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, birinci dərəcəli yolun uzunluğu 8 kilometrdir. Mövcud yol əvvəllər dar olduğu üçün hərəkətin intensivliyinin təmin olunmasında problemlər yaranır, tıxaclara səbəb olurdu. Yenidənqurmadan sonra yolun hərəkət hissəsinin eninin 15 metrə çatdırılması burada avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaratmışdır. Yol dörd hərəkət zolağından ibarətdir. Bu avtomobil yolu da Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yenidən qurulmuşdur.
Zabrat dairəsi-Kürdəxanı-Pirşağı avtomobil yolu bundan əvvəl istifadəyə verilən Sabunçu dairəsi-Zabrat-Maştağa-Buzovna avtomobil yolu ilə birlikdə 200 mindən çox əhalisi olan Kürdəxanı, Pirşağı, Zabrat, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Lahıc Bağları, Novxanı, Nardaran və bu yolların xidmət dairəsində olan digər yaşayış məntəqələrini birləşdirəcəkdir. Bununla yanaşı, bu yol tikintisi davam etdirilən Bilgəh-Pirşağı-Bentonit dairəsi yolu ilə birləşdirilərək adı çəkilən kənd və qəsəbələrin yol-nəqliyyat problemini həll edəcəkdir.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikamızda, o cümlədən Bakı şəhərində yol-nəqliyyat sisteminin yenidən qurulması zamanı beynəlxalq standartlar və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Bütün yeni qurğular yüksək keyfiyyəti və müasirliyi ilə diqqəti cəlb edir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.