İlham Əliyev Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak etmişdir
24 dekabr 2013, 13:00
Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Odur ki, hazırda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsinə çevrilmişdir. Bu çərçivədə son illərdə əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi təkmilləşdirilmiş, 10-a qədər yeni hüquqi normativ akt qəbul edilmişdir. Dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir.
Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin edilmişdir. Ötən illərdə yüz minlərlə əlil vətəndaşın sosial müdafiəsinin gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Bu dövrdə Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyevin göstərişləri və sərəncamları əsasında bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxtda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilmişdir.
Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzləri də tikilmişdir. Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Dövlətimizin başçısı və xanımı Mərkəzdə yaradılan şəraitlə tanış oldular.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, nazirliyin tabeliyində olan, əvvəllər Gənc Əlillərin Əmək və İstirahət evi adlanan bu müəssisə 1990-cı ildə 2 nömrəli internat evinin bazasında yaradılmışdır. Müxtəlif sahələrdə əmək vərdişləri qazanmaq üçün ayrı-ayrı bölgələrdən buraya gələn əlillər sonralar yaşadıqları rayonların Ermənistan tərəfindən işğal olunduğuna, həmçinin ailə qurduqlarına görə burada məskunlaşıblar.
Məlumat verildi ki, 2011-ci ildə burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Əsas məqsəd əlilliyi olan şəxslərin səmərəli peşə hazırlığını təmin etmək üçün müvafiq şəraitin yaradılması idi.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi əsas və çoxfunksiyalı binadan ibarətdir. Tibbi korpusda sağlamlıq imkanları məhdud gənclər reabilitasiya keçəcəklər. Korpus ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Mərkəzin digər korpusunda ayrı-ayrı bölgələrdən gələn əlillərin qalması üçün 53 otaq vardır. Bu otaqların hamısında yüksək şərait yaradılmışdır. Mərkəzdə kompyuter, toxuculuq, xalçaçılıq, rəssamlıq və digər sahələr üzrə peşə hazırlığı, həmçinin musiqi və bədii yaradıcılıq otaqları vardır.
Mərkəzdə hər kurs müddətində 200 gəncin peşə hazırlığı təmin ediləcəkdir. Ümumiyyətlə, il ərzində mərkəzdə 800-dən çox şəxs peşə hazırlığına cəlb olunacaqdır. Mərkəz əlilliyi olan gənclərin peşə reabilitasiyasını təmin etməklə onların məşğulluğu üçün imkanlar yaradacaqdır.
Azərbaycanda sosial proqramların icra olunmasında Heydər Əliyev Fondu da fəal iştirak edir. Fondun təşəbbüsü ilə Şağan qəsəbəsində 3 nömrəli və Saray qəsəbəsində 7 nömrəli əlil uşaqlar üçün internat evləri yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilmişdir.
Yenidən qurulan Mərkəzin idman korpusunda trenajor, stolüstü oyunlar və konfrans zalları da vardır.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti və xanımı sağlamlıq imkanları məhdud insanlarla görüşdülər.
Prezident İlham ƏLİYEV sağlamlıq imkanları məhdud gəncləri mərkəzin açılışı münasibətilə təbrik edərək dedi:
- Mən sizi bu gözəl mərkəzin yenidən açılması münasibətilə təbrik edirəm. Tanış oldum, bütün şərait vardır. Burada həm reabilitasiya, həm peşə hazırlığı yüksək səviyyədə təşkil olunacaqdır. Artıq Bakıda fiziki imkanları məhdud olan gənclər üçün gözəl reabilitasiya və peşə mərkəzi yaradılıbdır. Əminəm ki, bizim gənclərimiz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Burada həm reabilitasiya kursları keçiriləcəkdir, həm də peşə sahibi olmaq üçün gözəl imkanlar vardır, qalmaq, işləmək üçün yüksək şərait yaradılıb.
Əslində, belə mərkəzlərin yaradılması Azərbaycanda güclü sosial siyasətin aparılması deməkdir. Mən dəfələrlə demişəm ki, Azərbaycan sosial dövlətdir. Baxmayaraq biz artıq 22 ildir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq, sosial siyasət daim diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın təcrübəsi, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər. Çünki biz keçid dövrünü başa çatdırmışıq. Biz sovet sistemində yaşamışıq. Ondan sonra bazar iqtisadiyyatı sisteminə keçmişik. Ancaq biz vacib olan bütün sosial əlamətləri saxlamışıq və onları gücləndirmişik.
Ona görə, əsaslı iqtisadi islahatların aparılması ilə bərabər, güclü sosial siyasətin həyata keçirilməsi bugünkü reallıqları müəyyən edir. Əlbəttə ki, gələcəkdə də bu sahəyə diqqət daha da böyük olacaqdır. Çünki bizim maliyyə imkanlarımız yaxşılaşır, iqtisadiyyat artır. Güclü iqtisadiyyatı olan ölkələrdə əlbəttə ki, sosial məsələlər də uğurla həll olunur. Maaşlar, pensiyalar qaldırılır, sosial obyektlər tikilir, bir neçə ay bundan əvvəl Bakıda “Qocalar evi” açılmışdır. Orada da gözəl şərait yaradılmışdır. Bu Mərkəz gənclər üçün nəzərdə tutulur. Əlbəttə ki, biz sosial məsələlərin həlli üçün bundan sonra da böyük addımlar atacağıq.
Əminəm ki, bu sahə ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Sosial sahə hər bir ölkə üçün vacib olan sahədir. Sosial sahə hər bir insana təsir edir. Onun yaşayış səviyyəsinə təsir edir. Burada həm dövlət siyasəti düzgün aparılmalıdır, eyni zamanda, cəmiyyət də bu sahədə dövlətlə bir yerdə olmalıdır.
Azərbaycan cəmiyyətində fiziki imkanları məhdud olan insanlara münasibət müsbətdir. Bu, cəmiyyətimizin əlamətidir. Heç də hər yerdə belə deyildir. Dövlət siyasəti də bu istiqamətdə aparılır. Burada müxtəlif peşələrə sahib ola biləcək gənclərin gələcəkdə işlə təmin edilməsi üçün də biz gərək səylərimizi əsirgəməyək. Burada təlim kursları keçəcək insanların gələcək taleyi ilə də biz gərək maraqlanaq. Dövlət və özəl müəssisələrdə əlillərin işlə təmin edilməsi məsələləri qanunvericiliklə tənzimlənir. Ancaq həyatda heç də hər zaman buna riayət edilmir. Ona görə, hesab edirəm ki, burada həm ciddi nəzarət olmalıdır, eyni zamanda, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi də öyrənilməlidir. O təcrübə müsbətdir. Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik ki, fiziki imkanları məhdud olan insanlar, xüsusilə gənclər cəmiyyətdə özlərini rahat hiss etsinlər, cəmiyyətdən təcrid edilməsinlər və cəmiyyətin fəal üzvləri olsunlar.
İndi gənclər cəmiyyətimizin ən fəal üzvləridir. Bütün gənclər özlərini rahat hiss etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Bizim gənclərimiz vətənpərvərdir, Vətənə bağlı olan gənclərdir, biliyə, savada çox meyllidirlər. Bu gün hesab edirəm, hər kəs dərk edir ki, yüksək bilik olmasa, cəmiyyətdə layiqli yer tutmaq mümkün olmayacaqdır.
Dövlət bundan sonra da bu sahədə öz siyasətini aparacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini verəcəkdir. Hər bir sahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaqdır. Əminəm ki, hər bir vətəndaş, xüsusilə əlil, fiziki imkanları məhdud olan vətəndaş bunu hiss edəcəkdir.
Bizim sosial sahə ilə bağlı fəaliyyətimiz çox genişdir. Sosial proqramların icra edilməsi, sosial infrastrukturun yaradılması, məktəb, xəstəxana tikintisi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, - bütün bunlar sosial sahəyə aid olan məsələlərdir. Biz çalışırıq imkan daxilində bu sahədə maksimum nəticəni əldə edək. Xüsusilə ən ağır vəziyyətdə yaşayanlara biz dövlət olaraq daim arxa, dayaq olmalıyıq.
Bilirsiniz ki, məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq və məşğulluğu artırmaq üçün dövlət proqramları icra edilir. Hər il 20 min köçkün yeni mənzillərə yerləşdirilir. Demək olar ki, hər il Azərbaycanda bir orta səviyyəli şəhər yaradılır. Çadır şəhərcikləri ləğv edilibdir və yeni mənzillər verilir. Fiziki imkanları məhdud olan şəxslərə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən hər il mənzillər, minik maşınları verilir. Dünən növbəti Sərəncam imzalanmışdır. Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılmışdır ki, bu da növbədə duranların problemlərini həll etsin. Gələn il də müəyyən məbləğ ayrılacaqdır. Beləliklə, minik maşınlarına olan tələbat tam təmin ediləcəkdir.
Yəni, bütün bunlar, yenə də deyirəm, sosial sahəyə aid olan məsələlərdir. Sosial sahə hər bir ölkənin, dövlətin qüdrətini əks etdirir. Əlbəttə, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ona görə, sosial sahəyə ayrılan vəsait də artır. Ancaq hətta bizim maddi imkanlarımız məhdud olan dövrdə də sosial sahəyə daim diqqət göstərilmişdir.
İndi bəzi inkişaf etmiş ölkələrdə sosial proqramlar ixtisar edilir, maaşlar kəsilir, iş yerləri ixtisara düşür. Ancaq Azərbaycanda istənilən dövrdə, hətta böhranlı illərdə də maaşlar, pensiyalar, sosial müavinətlərin məbləğləri artır və sosial proqramların heç biri təxirə salınmamışdır. Nəzərə almalıyıq ki, bizim bundan sonra da iqtisadi inkişafımız uğurlu və sürətli olacaqdır. Əlbəttə, gələcək illərdə sosial məsələlərin həlli üçün bizdə daha da yaxşı imkanlar olacaqdır.
Bax belə gözəl mərkəzlərin yaradılması dövlətimizin qüdrətini göstərir. Biz müstəqil, güclü dövlətdə yaşayırıq. Fəxr edirik ki, bu dövlətdə yaşayırıq. Hamımız elə etməliyik ki, bu dövlət daim inkişafda, yüksəlişdə olsun. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.
Görüş iştirakçıları: Çox sağ olun. Təşəkkür edirik.
Sonra birinci qrup əlil Vüqar XƏLİLOV çıxış edərək dedi:
- Sizi əlillər adından salamlayırıq. Sizə hörmət və ehtiramımızı bildiririk, xoş gəlmisiniz. Siz keçən il ad gününüzdə Sumqayıtdakı tədbirdə iştirak etmişdiniz, bizə böyük şərəf vermişdiniz. Çox sağ olun, minnətdarıq. Sizin qayğınızı, diqqətinizi hər bir zaman hiss edirik.
Siz Ulu Öndərimizin siyasətini uğurla davam etdirirsiniz. Dövlətimiz gündən-günə möhkəmlənir, qüdrətlənir, inkişaf edir. Hər bir işin səbəbkarı, memarı Sizsiniz. Biz də onun bəhrəsini görürük. Bugünkü açılış da buna misaldır. Mən burada 1990-cı ildən yaşamışam, buraya köçmüşəm. Vallah, naşükürlük olmasın, bilsəydim bura belə olacaq evimi atıb gəlib burada qalardım. Çox gözəldir, yaraşıqlıdır. Allah Sizə kömək olsun. İşlərinizdə uğurlar arzulayırıq.
Bu gün əlamətdar günlərdən biridir. Siz həmişə olduğu kimi, öz ad gününüzü bizlərlə keçirirsiniz, bizə şərəf verirsiniz. Sizə minnətdarıq. Sizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq. Sizi qarşıdan gələn 31 dekabr – Həmrəylik Günü, Yeni il münasibətilə təbrik edirik.
Birinci qrup əlil Qənirə ƏBİLOVA onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
- Gəlişinizə çox sevindik. Sizin ad gününüzü ürəkdən təbrik edirik. Vaxtınızı çox almaq istəmirəm. Mən Cəbrayıl rayonundanam. 1992-ci ildə orada müharibə gedirdi. Həmin ərəfədə mən müalicə almaq üçün buraya gəldim. O vaxtdan da burada yaşadım. 2012-ci ildə mənə verilmiş evin qapısını açıb içəri girəndə Sizə ürəkdən təşəkkürümü bildirdim.
Siz and içib bayrağımızı öpəndə belə bir söz demişdiniz: “Mən hər birinizin prezidenti olacağam”. Mən evimin qapısını açıb içəri girəndə dedim ki, Prezidentimiz sözünə sadiq qaldı. Bu qayğı və diqqətə görə çox sağ olun.
Hər dəfə yolum Bakıya düşəndə şəhərimizin çox gözəlləşdiyini görürəm. Dünən də buraya gələrkən gördüm ki, şəhərimiz nə qədər gözəlləşib. Çox sevinirəm. Allaha and olsun gələ-gələ belə dua etmişəm: “Ya Rəbbim, Prezidentimiz başda olmaqla ölkəmizi pis gözdən, pis xətalardan, fəlakətlərdən, nəfsdən qoru. Hamımızın, bacımızın, qardaşımızın hər kəsin övladı bu gözəl ölkəmizdə xoşbəxt yaşasın”.
Burada yaşadığım dövrdə biz kurslar keçdik. Mən nənəmdən, anamdan öyrəndiyim xalça sənətini burada daha da təkmilləşdirdim. İstəyirəm ki, başqa əlillər də mənim kimi cəmiyyətdə öz yerlərini tutsunlar. Bayaq Siz qeyd etdiniz, onlar bir küncə qısılıb qalmasınlar. Kimin nə qabiliyyəti var ortaya qoysun, özünü həyatda sübut etsin.
Prezident İlham ƏLİYEV: Ona görə mən dedim ki, həm dövlət qurumları və özəl qurumlar gərək əlilləri işə götürərkən ayrı-seçkiliyə yol verməsinlər. Bir də demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə gözəl təcrübə vardır. Orada müəyyən güzəştlər, digər üstünlüklər var ki, hansısa bir şirkət fiziki imkanı məhdud olan insanları işə götürəndə o güzəştlərdən istifadə edir. Ona görə biz də gərək bu sahəyə diqqət yetirək.
Bu Mərkəzin açılması çox əlamətdar hadisədir. Siz də vaxtilə burada olmusunuz, indi o fərqi görürsünüz. Ancaq burada hansısa bir peşəyə sahib olan gənc gələcəkdə də gərək işlə təmin edilsin. Ona görə burada fəaliyyət göstərəcək gənclərin gələcək həyatı da diqqət mərkəzində olmalıdır. Yəni, biz gərək izləyək ki, onlar bundan sonra hansı işlə təmin olunurlar, necə yaşayırlar ki, cəmiyyətdən kənarda qalmasınlar. Cəmiyyət və dövlət onları elə bir qayğı ilə əhatə etməlidir ki, özlərini rahat hiss etsinlər, yəni, cəmiyyətdən ayrı düşməsinlər.
Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və mən bunu dəfələrlə bəyan etmişəm. Bu, sadəcə sözlər deyildir, bu, reallıqdır, siyasətdir. Azərbaycan inamla irəli gedir. Cəmiyyətdə heç bir qarşıdurma, ziddiyyət yoxdur.
Cəmiyyətdə həmrəylik və birlik vardır. Biz bir amal ətrafında birləşmişik ki, ölkəmizi daha da inkişaf etdirək, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın gücü artsın, dünyadakı mövqeləri möhkəmlənsin, sosial məsələlər həll olunsun, iqtisadiyyat inkişaf etsin və biz müstəqil ölkə kimi əbədi yaşayaq.
Buna nail olmaq üçün güclü dövlət olmalıdır. İndi mən görürəm ki, siz də siyasi proseslərə biganə deyilsiniz. Baxırsınız, dünyanı görürsünüz. Elə ölkələr var ki, müstəqil yaşaya bilmir. Yaxud da ki, böyük çətinliklər içində yaşayır. Xaricdən yardım olmadan o ölkələr yaşaya bilmir. Əlbəttə ki, o ölkələrin gələcək müstəqil taleyi şübhə altına düşə bilər. Çünki müstəqillik sadəcə olaraq dövlət atributları deyildir.
Biz çalışmışıq və bundan sonra çalışacağıq ki, Azərbaycanı daha da möhkəmləndirək. Bu gün bizə heç kim təsir edə bilməz. Ancaq Azərbaycan xalqının iradəsi Azərbaycanın inkişafını müəyyən edir. Ona görə daha da güclü, daha da möhkəm olmalıyıq. Buna nail olmaq üçün bütün imkanlar vardır. Cəmiyyətdə, bir daha demək istəyirəm ki, həmrəylik, birlik vardır. Sosial proqramlar icra edilir, iqtisadi islahatlar aparılır. Bu yaxınlarda böyük qaz layihəsinə start verdik. Bu, bundan sonra ən azı 100 il Azərbaycanın iqtisadi inkişafını təmin edəcəkdir.
Beynəlxalq mövqelərimiz güclüdür. Bizimlə əməkdaşlıq, dostluq etmək istəyən ölkələrin sayı durmadan artır. Yəni, biz öz müstəqil həyatımızı, öz vətəndaşlarımızı qoruyuruq. Hər bir vətəndaşın taleyi, onun qayğıları, problemləri dövlətin diqqət mərkəzində olmalıdır.
Güclü dövlətləri başqalarından fərqləndirən bu amillərdir. Harada yaşamasından asılı olmayaraq, - Azərbaycanda, yaxud da ki, başqa ölkələrdə, - biz öz vətəndaşlarımızı heç vaxt darda qoymuruq, qoymayacağıq. İmkan daxilində onların bütün problemlərini həll etməyə çalışacağıq.
Əlbəttə ki, ölkə daxilində bax belə mərkəzlərin yaradılması, bilirsiniz, doğrudan da böyük hadisədir. Çünki ən ağır vəziyyətdə yaşayanlar üçün biz belə şərait yaratmalıyıq. Mən demişəm ki, internat məktəbləri, kimsəsiz uşaqlar üçün tikilən mərkəzlər, uşaq evləri, qocalar evi, bax bu mərkəz kimi ən yüksək səviyyədə olmalıdır. Çünki bizim vətəndaşlar buna layiqdir və belə şəraitdə yaşamalıdırlar, işləməlidirlər. Deyə bilərəm ki, bu gün ölkədə tikilən bütün sosial obyektlər gözəl səviyyədədir. Bu, indi Azərbaycan standartlarıdır.
Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatların davamlı olacağını vurğulayaraq ədalət prinsipinin cəmiyyətdə mühüm meyarlardan biri olduğunu qeyd edərək dedi:
- Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır.
Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaqdır. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər.
Mən əminəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcəkdir. Artıq işlər başlanmışdır. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaqdır.
Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur.
Qənirə ƏBİLOVA: İnşallah, ondan da sevinək.
Prezident İlham ƏLİYEV: Ədalət yoxdur, əlbəttə. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə.
Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaqdır. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır. Ulu öndər Heydər Əliyev bunu hələ 1970-ci illərdə demişdi.
Qənirə ƏBİLOVA: Allah rəhmət etsin. İki dəfə görüşmüşəm.
Prezident İlham ƏLİYEV: Dahi Nizaminin kəlamıdır “Qoy ədalət zəfər çalsın”. Bu gün də aktualdır. Hər bir ölkə üçün aktualdır, təkcə Azərbaycan üçün yox. Amma biz Azərbaycanda nümunəvi cəmiyyət formalaşdırırıq. Ona görə burada xoşagəlməz hallara yer olmamalıdır.
Birinci qrup əlil Şükufə YUNUSOVA da öz minnətdarlığını çatdıraraq dedi:
- Bütün əlillər adından Sizə, həmçinin Mehriban xanıma böyük təşəkkür edirik. Allah Sizlərə yar olsun. Allah Sizə kömək olsun. Allah Sizlərə cansağlığı versin.