“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Ə S A S N A M Ə
18 dekabr 2013, 20:35
Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə milli təhlükəsizlik orqanlarında xidməti vəzifələrini yerinə yetirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və milli təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.