İlham Əliyev Bolqarıstanın Baş naziri Plamen Oreşarskini qəbul etmişdir
17 dekabr 2013, 18:30
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi. Dövlətimizin başçısı “Şahdəniz-2” üzrə yekun investisiya qərarının Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini bildirdi.
Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimini tarixi hadisə kimi dəyərləndirdi. Layihəni Azərbaycandan Avropaya açılan enerji dəhlizi kimi səciyyələndirən Baş nazir bunun qaz təchizatının şaxələndirilməsi baxımından yaxşı fürsət yaratdığını dedi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.