İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir
18 noyabr 2013, 20:10
Kiyevdəki “Qəbullar evi”ndə Ukrayna Prezidenti Viktor Yanukoviç tərəfindən Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.
Dövlət başçıları qəbulda çıxış etdilər.
Ukrayna Prezidenti Viktor Yanukoviç dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərlərindən birini Ukraynaya etməsi xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Azərbaycan-Ukrayna əlaqələrinin böyük perspektivinin olduğunu vurğulayan Viktor Yanukoviç səfər zamanı imzalanan sənədlərin münasibətlərin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Bu səfərin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına təkan verəcəyinə ümid etdiyini deyən Prezident İlham Əliyev Ukraynanın bizim üçün dost və qardaş ölkə olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Ukrayna ilə münasibətlərin inkişafına böyük önəm verir.
Səfər zamanı müxtəlif sahələri əhatə edən mövzularla bağlı geniş müzakirələrin aparıldığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, dövlət başçılarının mövqeləri üst-üstə düşür. Çünki hər iki ölkədə aparılan siyasətin əsasında dövlətlərimizin və xalqlarımızın milli marağı dayanır.