İlham Əliyev Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir
15 noyabr 2013, 15:00
Jen-Mironosits kilsəsinin yerləşdiyi ərazidə yeni tikilən Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olmuşdur. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılmışdır. Ümummilli Lider xalqın dini-mənəvi, milli dəyərlərinin qorunub saxlanılması istiqamətində çox mühüm işlər görmüşdür. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Konstitusiyasında da dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutudur.
Müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir. Dinlərarası dialoq daha da gücləndirilir. Bu gün ölkəmizdə tarixi, dini abidələrə xüsusi diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir, yenidən qurulur. Heydər Əliyev Fondu da bu işə öz töhfəsini verir.
Prezident İlham Əliyevi Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşıladılar.
Azərbaycan Prezidentinin şərəfinə kilsə zəngi çalındı.
Dövlət başçısına duz-çörək təqdim edildi.
Azərbaycan Prezidenti Moskva Patriarxlığının nümayəndələri, Berlin və Alman arxiyepiskopu Feofan, Moskva Yeparxiyasının vikariyi, Verey arxiyepiskopu Yevgeni, protoierey Vsevolod Çaplin, Azərbaycandakı dini icmaların rəhbərləri və digər qonaqlarla görüşdü.
Prezident İlham Əliyev əvvəlcə Jen-Mironosits kilsəsində oldu.
Burada kilsə xoru dua oxudu.
Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr kilsənin tarixi barədə məlumat verdi. Bildirildi ki, Müqəddəs Jen-Mironosits kilsəsi 1907-ci ildə tikilmişdir. 2001-ci ildə burada aparılan yenidənqurma işlərindən sonra ulu öndər Heydər Əliyev dini məbədin açılış mərasimində iştirak etmişdir. Bununla da kilsədə Azərbaycanda yaşayan pravoslavların dini ayinlərini rahat icra etmələri üçün hər cür şərait yaradılmışdır.
Dövlət başçısı Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi ilə tanış oldu. Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilmişdir. 2012-ci ildə başlanılan tikinti işləri nəticəsində dördmərtəbəli binada məhs otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün otaqlar, kilsə təhsilinin verilməsi məqsədilə bazar günü məktəbinin fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır.
Diqqətə çatdırıldı ki, buradakı müxtəlif dini komitələr - yeparxiya, kanonik ayinlər, kataxizasiya, eləcə də kilsə mediası üçün ayrıca otaqlar nəzərdə tutulmuşdur. Mərkəzdə kitabxana da fəaliyyət göstərir, qonaqlar üçün xüsusi otaqlar vardır.
Bakı və Azərbaycan Yeparxiyası adından Prezident İlham Əliyevə “Fərəh və Təsəlli” adlı Müqəddəs Məryəmin ikonası hədiyyə edildi.
Dövlət başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Daha sonra Prezident İlham Əliyev çay süfrəsi arxasında mərasim iştirakçıları ilə söhbət etdi.
Prezident İlham ƏLİYEV dedi:
-Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəniyyət Mərkəzinin açılışı münasibətilə hamımızı təbrik edirəm. Bu, ölkəmizin həyatında əlamətdar hadisədir. Biz bunu çoxdan gözləyirdik və əlbəttə, belə bir mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir.
Azərbaycanda Rus Pravoslav Kilsəsinin fəaliyyəti böyük tarixə malikdir. Lakin təəssüf ki, bütün başqa dini abidələr kimi, Müqəddəs Jen-Mironosits kilsəsi də dağıntılara məruz qalmışdır. Məscidlərin də, sinaqoqların da, katolik kilsəsinin də aqibəti belə olmuşdur. Sovet hakimiyyətinin ilk illərində onların çoxu dağıdılmış, lakin indi hamısı bərpa edilmişdir.
Əlbəttə, bu dini abidənin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Rus Pravoslav Kilsəsinin hər iki başçısı – Müqəddəs II Aleksi və Müqəddəs Kiril bu kilsəyə baş çəkmişlər. Hər ikisi burada olmuşdur. Yəqin ki, Rusiya hüdudlarından kənarda Rus Pravoslav Kilsəsinin iki patriarxının baş çəkdiyi və xeyir-dua verdiyi kilsələrin sayı o qədər də çox deyildir.
Əlbəttə, kilsənin nəzdində Yeparxiyanın rəhbərliyi üçün ofis kimi də xidmət edən bir mədəniyyət mərkəzinin, dini-mədəniyyət mərkəzinin olması zəruri idi. Müəyyən çətinliklər də vardı, çünki 1990-cı illərin əvvəlində, Azərbaycanda hərc-mərclik, xaos dövründə çox işlər düzgün görülmürdü. O cümlədən, kilsənin ətrafındakı ərazi də əslində zəbt olunmuşdu.
Lakin sonradan biz təsirli tədbirlər gördük. Bu ərazi Yeparxiyaya verildi və Azərbaycan dövləti burada belə bir gözəl bina inşa etdi. Bu da Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu kilsənin böyük tarixi vardır. Bu məbəd keçən əsrin əvvəlində bir azərbaycanlı mesenatın fəal iştirakı ilə tikilmiş və artıq müstəqillik dövründə bir azərbaycanlı sahibkarın vəsaiti hesabına bərpa edilmişdir. Dini-mədəniyyət mərkəzi isə Azərbaycan dövlətinin vəsaiti ilə tikilmişdir.
Bu, çox müsbət təcrübədir. Belə bir təcrübənin dərin kökləri var. Eyni sözləri məscidlərin bərpası barədə də demək olar.
Onlar əsasən dövlət vəsaitləri hesabına bərpa edilmişdir. Eyni sözləri sinaqoq haqqında da demək olar, o da dövlət vəsaiti ilə tikilmişdir, katolik kilsəsinin bərpasında da dövlət iştirak etmişdir.
Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Biz haqlı olaraq fəxr edirik ki, Qafqazda ən qədim kilsə Azərbaycanda, Şəki şəhərinin yaxınlığındakı kiçik bir kənddə yerləşir. Ən qədim məscidlərdən biri də Azərbaycanda, Şamaxıda yerləşir. 743-cü ildə tikilmiş həmin məscid bu il bərpa olunmuşdur. Bakıdakı Atəşgah da bizim tarixi keçmişimizin, zərdüştilik dövrünün abidəsidir. Katolik kilsəsi də bərpa edilmişdir, sinaqoqlar da tikilir. Yəni, bunlar bizim cəmiyyətimizin inkişafının göstəricisidir, ilk növbədə cəmiyyətin durumunun, həmçinin dövlət siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu məsələlərdə cəmiyyətin durumu da, dövlətin siyasəti də, necə deyərlər, yanaşı dayanır.
Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu günlərdə keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda multikulturalizm ən çox müzakirə edilən mövzu idi. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Biz diqqəti ona görə bu məsələlər üzərində cəmləşdiririk ki, bu mövzuya yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə fikirlər də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğramış, özünü doğrultmamışdır. Bunlar çox narahatlıq doğuran bəyanatlar, tendensiyalardır. Əgər bu həqiqətən belədirsə, onda bu ciddi müzakirə mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır. O, yaşayır, möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Ona görə ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid ilə məşğul olmaq sadəcə məhvə məhkumdur. Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır. Buna görə də bugünkü hadisə sadəcə Azərbaycanda Rus Pravoslav Kilsəsinin normal fəaliyyəti üçün şərait yaradılmasından daha vacib məna daşıyır. Bu, böyük rəmzi məna daşıyır. Bu gün bu hadisə ölkəmizin, xalqımızın tarixinə əsaslanır, bizim həyata keçirdiyimiz siyasətin nəticəsidir. Müsəlmanların, pravoslavların, katoliklərin və yəhudilərin bütün tədbirlərində, bütün bayramlarında bütün konfessiyaların rəhbərləri həmişə bir yerdə, bir masa arxasında olur. Zənnimcə, bu da ölkəmizin qiymətli sərvətlərindən biridir.
Sizi bir daha səmimi qəlbdən təbrik edirəm. Çox şadam ki, bu gün biz gözəl hadisəni birlikdə və qonaqlarımızın iştirakı ilə bayram edirik. Əminəm ki, burada işləmək üçün hər cür şərait olacaqdır. Müzakirə etdiyimiz mövzuları daim diqqət mərkəzində saxlayırıq. Bu mövzular daim çox yaxşı nəticələr verəcəkdir. Bir daha sizi təbrik edirəm, qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm.
Bakı və Azərbaycan arxiyepiskopu ALEKSANDR dedi:
-Zati-aliləri, cənab Prezident!
İcazə verin, bu əlamətdar hadisədə iştirak etməyinizə görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirim. Siz vurğuladınız ki, bu, sadəcə Azərbaycanda Rus Pravoslav Kilsəsinin həyatına yeni təkan verən hadisə deyil, həm də multikulturalizm deyilən prosesin təzahürü olacaqdır. Əlbəttə, Heydər Əliyevin sözləri həmişə yadımdadır. Onun bir gözəl ifadəsini mən öz çıxışlarımda həmişə misal gətirirəm: “çoxmillətlilik bizim sərvətimizdir”. Bu, Azərbaycan Respublikasının daxili siyasətinin mənasıdır. Bu, çox vacibdir. Rus Pravoslav Kilsəsinin rəhbəri Zati-müqəddəsləri patriarx Kiril üç dəfə Azərbaycanda olmuşdur – bir dəfə Kilsənin xarici əlaqələr şöbəsinin sədri kimi, sonra Sizin dəvətinizlə, möhtərəm şeyximizin dəvəti ilə Rus Pravoslav Kilsəsinin rəhbəri kimi bu ilin fevral ayında Arxiyerey məclisində məruzəsinin bütöv bir abzasını Azərbaycanda dini həyatla bağlı vəziyyətə həsr etmiş, dinlərarası münasibətlərin inkişafına Sizin xüsusi töhfənizi ayrıca vurğulamışdır. Biz artıq tolerantlıq barədə, yəni bir-birimizə münasibətdə dözümlülük barədə deyil, konstruktiv dinlərarası dialoq barədə danışırıq, həyatın və cəmiyyətin din xadimləri qarşısında qoyduğu müxtəlif problemləri birgə səylərimizlə həll etməyə çalışırıq.
Zati-müqəddəsləri Patriarx Kiril bu əlamətdar hadisə münasibətilə təbrik göndərmişdir.
X X X
Verey Arxiyepiskopu YEVGENİ dedi:
-Zati-aliləri, çox hörmətli cənab prezident.
Zati-müqəddəsləri möhtərəm şeyx.
Diplomatik korpusun hörmətli nümayəndələri.
Dini konfessiyaların nümayəndələri.
Əziz bacılar və qardaşlar.
Əziz dostlar.
Bu gün təkcə Rus Pravoslav Kilsəsinin və Bakı Yeparxiyasının həyatında deyil, həm də Azərbaycan Respublikasında çox mühüm bir hadisə baş verir. Dövlət başçısının, respublika Prezidentinin burada iştirak etməsi bugünkü hadisəyə xüsusi əhəmiyyət verir.
Hörmətli cənab Prezident, Siz artıq bu hadisənin xüsusi əhəmiyyətini və vacibliyini qeyd etdiniz. Rus Pravoslav Kilsəsinin rəhbəri Zati-müqəddəsləri Patriarx Kiril bu cür hadisələrə həmişə xüsusi diqqət yetirir və o da təbrik göndərmişdir.
Həmin təbriki oxumaq şərəfi mənə nəsib olmuşdur.
Verey Arxiyepiskopu Yevgeni Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin təbrikini oxudu:
“Zati-müqəddəsləri, Bakı və Azəbaycan arxiyepiskopu Aleksandra.
Bakı şəhərində pravoslav dini-mədəniyyət mərkəzinin təntənəli açılış mərasiminin iştirakçılarına.
Zati-müqəddəsləri.
Əziz qardaşlar və bacılar.
Azərbaycan paytaxtında pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı mərasiminin bütün iştirakçılarını ürəkdən salamlayıram. Əlamətdar haldır ki, bu mühüm hadisə Müqəddəs Jen-Mironosits Kafedral Kilsəsinin bərpasının on illiyi ilə bir vaxta düşmüşdür.
Fərəhlə qeyd edirəm ki, Azərbaycan dövlətinin rəhbərliyi ölkənin pravoslav icmasının ehtiyaclarına diqqətlə yanaşır və Bakı Yeparxiyasının bir sıra layihələrini fəal dəstəkləyir. Pravoslav Dini-Mədəniyyət Mərkəzinin inşası üçün torpaq sahəsi ayrılması barədə prinsipial qərar qəbul etmiş və bu mühüm təşəbbüsün həyata keçirilməsinə yardım göstərmiş Prezident İlham Heydər oğlu Əliyevin xidmətlərini xüsusi qeyd etmək istərdim.
Zati-müqəddəslərinizə və təntənəli tədbirin bütün iştirakçılarına möhkəm cansağlığı, xeyirxah əməllərinizdə və təşəbbüslərinizdə Ulu Tanrıdan kömək arzulayıram. Tanrıdan hamınıza mərhəmət diləyirəm.
Moskvanın və bütün Rusiyanın patriarxı Kiril”.
X X X
Prezident İlham ƏLİYEV:
- Sağ olun. Zati-müqəddəslərinə mənim təşəkkürümü çatdırmağınızı xahiş edirəm. Bu məktuba görə mənim adımdan ona təşəkkür edin. Bakıda onunla görüşlərimizi xatırlayıram. Bu görüşlər mənim yaddaşımda silinməz iz qoymuşdur. Biz diqqət tələb edən çox mühüm məsələləri, o cümlədən ölkələrimiz arasında dövlətlərarası münasibətlərin inkişafı məsələlərini müzakirə etmişik. Bizim aramızda tam qarşılıqlı anlaşma var və baxışlarımız üst-üstə düşür.
Onu da deməliyəm ki, kilsə təltiflərinə, kilsənin iki mükafatına layiq görüldüyüm üçün qürur duyuram. Zati-müqəddəsləri Patriarx II Aleksi məni Birinci dərəcəli “Sergi Radonejski” ordeni ilə, Zati-müqəddəsləri Patriarx Kiril isə Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə təltif etmişdir. Beləliklə, Rus Pravoslav Kilsəsi məni kilsənin iki təltifinə layiq görmüşdür və yəqin ki, bu təltiflər Azərbaycanda dinlərarası dialoq çərçivəsində, ölkəmizdə yaşayan xalqlar arasında, bütün dinlərin nümayəndələri arasında münasibətlərin möhkəmlənməsi çərçivəsində görülən işləri əks etdirir.
Möhtərəm arxiyepiskop Aleksandrın qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, çoxmillətlilik bizim sərvətimizdir. Bu, həqiqətən belədir. Biz xoşbəxtik ki, müstəqillik dövründə cəmiyyətin inkişafının müsbət meyillərini qoruyub saxlamışıq. Multimədəni cəmiyyət qurulması işində qazandığımız uğurlar ölkəmizdə yaşayan bütün xalqların və bütün dinlərin nümayəndələrinin ümumi xidmətidir.
Artıq qeyd etdiyim kimi, Azərbaycanda bu istiqamətdə də çox ciddi dövlət siyasəti həyata keçirilir. Lakin belə demək mümkündürsə, ictimai sifariş olmasa, dövlətin bu siyasətinin səmərəsi olmazdı. Mənim fikrimcə, vəziyyətin nadirliyi məhz ondan ibarətdir ki, cəmiyyət də, Azərbaycandakı bütün xalqların və dinlərin nümayəndələri də, dövlət də öz qarşısında cəmiyyətin qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında yaxınlaşması, birləşməsi məqsədini qoymuşdur.
Azərbaycanın pravoslav icmasının nümayəndələri Azərbaycan dövlətinin çox böyük vətənpərvərləridir. Onlar ölkəmizin inkişafına, mədəniyyətin, incəsənətin, təhsilin, iqtisadiyyatın inkişafına böyük töhfələr verirlər. Biz bunu çox qiymətləndiririk, bu, bizim sərvətimizdir. Bir daha demək istəyirəm, cəmiyyət o vaxt sağlam olur ki, həm ölkənin inkişafının qlobal məsələlərinə, həm də millətlərarası, dinlərarası dialoq məsələlərinə dair ictimai konsensus mövcud olsun.
Mənim fikrimcə, indiki halda bu amil Rusiya ilə Azərbaycan arasında çox səmərəli, dinamik, müsbət istiqamətdə inkişaf edən dövlətlərarası münasibətlərin möhkəmlənməsində də çox mühüm rol oynayır. Biz hamımız bir məqsədə - quruculuq, inkişaf, dostluğun, qarşılıqlı anlaşmanın, dözümlülüyün və həmrəyliyin möhkəmlənməsi kimi nəcib məqsədə xidmət edirik. Bir daha xahiş edirəm, bu məktuba görə mənim ən xoş arzularımı və təşəkkürümü çatdırın.
X X X
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:
- Biz əlbəttə, bu gün çox sevinirik ki, burada bir yerdə görüşürük. Deyə bilərəm ki, bu gün tolerantlıq günüdür. Bununla bərabər, cənab Prezident, Sizin bu gün buraya gəlməyiniz və bir masa arxasında birlikdə əyləşməyimiz artıq ənənə halı almışdır. Bu ənənənin bünövrəsini qoyan dostum, qardaşım ulu öndər Heydər Əliyev həzrətləri olmuşdur. O, həmişə bu gün bizi yığardı, bizimlə danışardı və bizə tövsiyələr edərdi. Bu gün onun bəhrəsini görürük və Siz də bunu davam etdirirsiniz.
Əlbəttə, bizi çox sevindirir ki, Azərbaycan dövləti son illərdə böyük uğurlar qazanmışdır. Mən fəxr edirəm ki, bizim belə Prezidentimiz vardır. Budəfəki Prezident seçkiləri Həcc ziyarəti dövrünə, Qurban bayramı ərəfəsinə təsadüf etmişdir.
Ziyarətdə olan dindarlarımız müqəddəs Məkkədə Prezidentimizə səs vermiş, dualar etmişlər. Demək istəyirəm ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünya dövlətləri onun təcrübəsini öyrənə bilərlər.
Əlbəttə ki, bizim bir-birimizə münasibətimiz, din-dövlət münasibətləri də çox yüksək səviyyədə inkişaf edibdir. Əgər dövlətimizin rəhbəri bizə diqqət və qayğı göstərməsəydi, əlbəttə, biz dindarlar bu işləri görə bilməzdik. Ona görə də biz Sizə təşəkkürümüzü bildiririk, Prezident həzrətləri. Siz həmişə dinindən, dilindən asılı olmayaraq bütün dindarlara öz xoş münasibətinizi bildirmisiniz. Bu gün Sizin burada iştirakınız özü də elə bunun əyani sübutudur.
Qaldı ki, bizim Rusiya ilə, rus-pravoslav kilsəsi ilə olan qardaşlıq münasibətlərimizə bu gün də davam edir və inşallah, bundan sonra da davam edəcəkdir. Bu günlərdə mən patriarx həzrətlərindən bir məktub almışam. Məktubda gələcəkdə birgə sammitin keçirilməsi təklif olunur. Hələ tam razılaşdırılmayıb, ola bilər ki, bu sammit 2014-cü ildə Rusiyada, yaxud Azərbaycanda keçirilsin.
Ona görə də biz Sizə minnətdarlığımızı bildirmək istəyirik. Mən istərdim bütün dindarlar, buradakı iştirakçılar adından üçüncü dəfə Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edim, Allah-Təaladan Sizə, ailənizə cansağlığı diləyim. Allah-Təala bir xalqı istəyəndə həmişə ona müdrik dövlət rəhbəri göndərir ki, o xalq öz doğru yolunu tapa bilsin.
Allah-Təala da Heydər Əliyevi, Sizi bizə doğru yol göstərmək üçün müdrik bir şəxs, rəhbər göndərib. Allah-Təala Heydər Əliyevə rəhmət etsin. Sizə gələcəkdə xoşbəxtlik arzu edirəm. İnşallah, hələ çox böyük işlər görəcəksiniz. Allah Sizi qorusun. Sağ olun.
X X X
Sonra Bakı dağ yəhudiləri dini icmasının sədri Milix YEVDAYEV çıxış etdi:
- May ayında biz Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin tərkibində İsraildə olduq. Knessetin sədri ilə görüşdə dedim ki, Azərbaycan Prezidenti yaxın vaxtlarda bizə - yəhudilərə gözəl bir sinaqoq hədiyyə etmişdir.
Oktyabrın 14-dən 17-dək Kiyevdə antisemitizmə qarşı mübarizəyə həsr edilmiş beynəlxalq forum keçirilirdi. Həmin foruma mən də dəvət edilmişdim. Mən dedim ki, bizim Azərbaycanda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmamışdır. Belə hal yoxdur. Nə üçün? Ona görə ki, Ulu Öndərin dediyi kimi, tolerantlıq yüksək mədəniyyətin nəticəsidir. Azərbaycanda əsrlər boyu tolerantlıq olmuşdur, var və olacaqdır.
X X X
Protoierey Vsevolod ÇAPLİN dedi:
- Moskvanın və bütün Rusiyanın Zati-müqəddəs patriarxları – mərhum Patriarx Aleksi və indiki Patriarx Kiril Azərbaycanda kilsə ilə dövlət arasında və dinlərarası münasibətlərin vəziyyətini qiymətləndirmişlər. Bu gün baş yepiskop Patriarx Kirilin Arxiyerey məclisində son məruzəsini xatırladı. Arxiyerey məclisi müəyyən dövriliklə keçirilir. Qeyd etməliyəm ki, Avrasiyanın bir sıra ölkələrində kilsə-dövlət münasibətlərində müəyyən mürəkkəbliklər olduğuna baxmayaraq, bir neçə il bundan əvvəl mərhum Patriarx da, indiki Patriarx da Azərbaycanda həm bizim kilsənin vəziyyəti, həm də dinlərarası dialoq sahəsində olan təcrübə barədə həmişə yalnız müsbət fikir söyləmişlər. Biz təkcə kilsənin həyatı ilə bağlı məsələləri müzakirə etmirik, Avrasiyada və dünyada dinlərarası dialoqun perspektivlərini də Zati-müqəddəsləri Şeyx ilə və ölkənin digər dini icmaları ilə birlikdə müzakirə edirik. Müəyyən yeni təşəbbüslər vardır. Biz bu müsbət təcrübəmizin, birgə fəaliyyət təcrübəmizin, ünsiyyət təcrübəmizin xristianlarla müsəlmanların münasibətləri, dinin və dövlətin münasibətləri, dinlərarası sülhyaratma dialoqu sahəsində dünyada baş verənlərə daha çox təsir göstərməsi üçün Rusiyada da, Bakıda da görüşəcəyik.
X X X
Prezident İlham ƏLİYEV:
- Siz tamamilə haqlısınız. Buna böyük ehtiyac vardır. III Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrinə əsasən beynəlxalq əməkdaşlığın bu cür formatı artıq yaranmışdır. Biz bundan əvvəl də dünya dinlərinin liderlərinin zirvə görüşünü keçirmişik. Bu iki format bir-birini tamamlayır, çünki dinlərarası münasibətlərin gələcək inkişafına dair ciddi diskussiyalara və ümumi yanaşmalar işləyib hazırlamağa ehtiyac çoxdur çünki dünyanın müxtəlif hissələrində - həm Yaxın Şərqdə, həm də Avropada baş verən proseslər bizi düşünməyə vadar edir və narahatlıq doğurur. Bəzən yaxınlaşma prosesi əvəzinə ayrılma prosesi gedir. Bəzən müəyyən bəyanatlar və ya hərəkətlər həmrəyliyə deyil, əksinə, etimadsızlığa səbəb olur. Ona görə də, mənim fikrimcə, bu halda bütün xalqlar arasında müsbət əməkdaşlıq tarixinə malik olan ölkələrin, çoxmillətli ölkələrin təcrübəsinə əsaslanmaq lazımdır. Zənnimcə, bu halda Rusiya və Azərbaycan qlobal miqyasda məhz dinlərarası, mədəniyyətlərarası dialoqun birləşdirici amili ola bilər. Ona görə ki, burada oxşar cəhətlər, əlaqələr çoxdur. Bundan əlavə, biz iki qonşu dövlətik, Qafqaz da bizi birləşdirir, Rusiya və Azərbaycan iki Qafqaz ölkəsidir.
Buna görə din xadiminin, hörmətli insanın sözü həmişə sanballı olmuşdur. İndiki halda dövlətin siyasəti və din tamamilə eyni məcrada həyata keçirilir. Məqsədlər eynidir – inkişaf, rifah, dəyərlər, qloballaşma dövründə ənənəvi dəyərlərin itirilməməsi, gənc nəslin özünün etnik və dini köklərindən ayrılmaması. İdentiklik itirilməməlidir, qloballaşma adı altında cəmiyyətin mənəvi əsasları sarsıdılmamalıdır. Bu əsaslar olmadan heç bir ölkə, heç bir xalq mövcud ola bilməz.