Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi

19 oktyabr 2013, 12:15

- Hörmətli xanımlar və cənablar.

İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm.

Dünən Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilirdi. Hesab edirəm ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.

On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi.

Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir. On ildə Azərbaycanda sabitlik qorundu. Biz Müstəqillik Gününü qeyd edərkən bir daha müstəqilliyimizin ilk illərinə qayıdırıq və görürük ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir, Azərbaycan böyük fəlakətlərlə üzləşmişdir. Demək olar ki, gənc müstəqil dövlət uçurum kənarında idi. Heydər Əliyev siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı bu ağır vəziyyətdən xalqımızı, dövlətimizi çıxara bilmişdir və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur.

Ona görə sabitliyin qorunması son on il ərzində prioritet məsələ kimi daim gündəlikdə idi. Sabitliyin qorunmasında əlbəttə ki, dövlət siyasəti xüsusi rol oynayır, eyni zamanda, xalqla iqtidar arasındakı birlik bax bu sabitliyin təmin edilməsində əsas rol oynamışdır.

Biz Azərbaycanı bütün risklərdən, təhlükələrdən qoruya bildik. Son on il ərzində bölgədə və dünyada baş vermiş hadisələr bizim hamımızın yaxşı xatirindədir. Qanlı toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları - bütün bunlar bizim ətrafımızda baş verən hadisələr idi. Biz öz siyasətimizlə, qətiyyətimizlə Azərbaycan xalqını və Azərbaycan dövlətini bu bəlalardan qoruya, müdafiə edə bilmişik. Beləliklə, son on il ərzində də Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamışdır.

Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılmışdır.

Bu on ildə Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Siyasi azadlıqlar, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilmişdir. Azərbaycanda bütün demokratik proseslər müsbət istiqamətdə getmişdir. Son on il ərzində iqtisadi uğurlarla bərabər, siyasi islahatların aparılması da ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir.

Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir. Bir sözlə, demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş və dinamik inkişafa imkan vermişdir.

Son on il ərzində bizim beynəlxalq əlaqələrimiz böyük dərəcədə güclənmişdir, genişləndirilmişdir. Azərbaycan son on il ərzində 39 ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə çatmışdır. On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açmış və beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatmışdır. Beynəlxalq təşkilatlarla münasibətlərdə Azərbaycan öz prinsipial mövqeyini daim müdafiə edir və qoruyur. Biz on ildə bir neçə mötəbər beynəlxalq təşkilatın üzvü olmuşuq və bu təşkilatlarda öz maraqlarımızı müdafiə edirik.

Eyni zamanda, ikitərəfli formatda aparılan xarici siyasət uğurlu olmuşdur. Bizim dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyildi.

Ancaq bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur. Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik edir və son iki il ərzində biz bu təşkilatda öz prinsipial mövqeyimizlə, ədalətli addımlarımızla və beynəlxalq hüquqa olan hörmətimizlə daha da böyük nüfuz qazana bilmişik.

Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər çox dostlarımız olsa, bizim iqtisadi inkişafımız o qədər də uğurlu olacaqdır.

Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir. Beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Belə olan halda əlbəttə ki, bizim birtərəfli qaydada aparılan diplomatik səylərimiz uğur gətirə bilməzdi.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli üçün atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar təbii ki, bizim mövqeyimizi daha da möhkəmləndirir. Son 10 il ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Hesab edirəm ki, bizim bu istiqamətdə səylərimiz davam etdiriləcəkdir. Çünki bir halda, bilavasitə bu qətnamələr münaqişənin həllinə gətirib çıxarmır, eyni zamanda, biz hüquqi bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və sadaladığım bu təşkilatlarda cəmləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir. Beləliklə, dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bundan sonra da siyasi və diplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasi və regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Çünki haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılmışdır.

Hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Azərbaycan Ordusu bu gün dünya miqyasında güclü ordular sırasındadır. Son on il ərzində alınmış silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasındakı hərbi balansı artıq pozmuşdur. Bizim üstünlüyümüz dəfələrlə ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Əminəm ki, bu amillər, diplomatik səylər və ümid edirəm ki, böyük dövlətlərin bu məsələyə münasibəti problemin həllinə gətirib çıxaracaqdır. Bir daha demək istəyirəm, məndə zərrə qədər şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məsələ ondadır ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri üzərində öz həllini tapmalıdır.

Daha da güclü orduya malik olmaq üçün əlbəttə ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir. İqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Əminəm ki, son on il ərzində əldə edilmiş nailiyyətlərimiz beynəlxalq ekspertlər tərəfindən ciddi şəkildə təhlil ediləcəkdir. On ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində olmuşdusa, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcəkdir.

Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapmışdır. İşsizliyin səviyyəsi təxminən 5 faiz civarındadır. Ancaq elə etməliyik ki, biz növbəti illərdə işsizliyi tamamilə aradan götürək. İki regional beşillik proqram icra edilmişdir. Bölgələr abadlaşdı, canlandı. Bölgələrdə infrastruktur yaradıldı və regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azaldı.

Son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin təxminən yarısı xarici sərmayədir. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Eyni zamanda, yerli investisiyalar da artır. Əlbəttə ki, yerli investisiyaların strukturunda daxili sərmayə üstünlük təşkil edir. Ancaq yerli özəl sektor da bu işlərə fəal qoşulubdur. Azərbaycanda gözəl investisiya iqlimi vardır. Azərbaycanda çox uğurlu iqtisadi inkişaf müşahidə olunur.

Son on il ərzində yoxsulluqla bağlı tədbirlərimiz gözəl nəticələrə gətirib çıxarmışdır. On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki, iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə olunur. Ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu pisləşə bilər. Biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilmişdir. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilmişdir, tarixi abidələrimiz bərpa edilmişdir. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm ki, bundan sonra da davam edəcəkdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir – təxminən ümumi daxili məhsulun 7-8 faizini təşkil edir. Dünya miqyasında bu, ən yaxşı göstəricilərdən biridir.

Azərbaycan investisiya qoyuluşu üçün çox gözəl ölkəyə çevrilibdir və növbəti illərdə investisiya qoyuluşu davam edəcəkdir. Biz son on il ərzində valyuta ehtiyatlarımızı bir neçə dəfə artıra bilmişik. Baxmayaraq ki, biz, eyni zamanda, böyük infrastruktur layihələrinə Dövlət Neft Fondundan vəsait götürürük, hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxındır. Bu, onu göstərir ki, iqtisadi və sosial siyasət bir-birini tamamlayır. Eyni zamanda, bizim iqtisadi siyasətimiz güclü zəmin üzərində qurulub. Biz xarici borcdan asılı deyilik. Baxmayaraq ki, bəlkə bu gün Azərbaycana borc vermək üçün təşkilatlar növbəyə düzülürlər, buna ehtiyac yoxdur. Biz hər şeyi düşünülmüş şəkildə edirik, iqtisadi siyasətimizi elə aparırıq ki, bu siyasət dayanıqlı inkişafa xidmət göstərsin. İldən-ilə artan valyuta ehtiyatlarımız, açılan yeni iş yerləri, sosial müdafiə məsələlərinin həlli bizim müstəqilliyimizin nə qədər güclü olmasını göstərir.

Biz öz gücümüzə arxalanırıq, Azərbaycan xalqının istedadına, zəhmətinə güvənirik. Ona görə Azərbaycan dünya miqyasında hətta böhranlı illərdə uğurla inkişaf etmişdir. Bəziləri xüsusilə əvvəlki illərdə bizim uğurlarımızı neft amili ilə bağlamaq istəyirdilər. Amma hazırda həyat və bizim nəticələr göstərir ki, əgər neft amilinin əvvəllər rolu olubsa, indi bu rol o qədər də böyük deyildir.

Əsas uğurlarımızın səbəbi düşünülmüş siyasətdədir. Burada müstəqil xarici siyasət öz rolunu oynayır. Cəsarətli siyasətimiz uğurlarımızı şərtləndirə bilib. Bütün beynəlxalq aparıcı qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirir və öz reytinqlərində yüksək yerlərə layiq görürlər. Dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görüb. Bu, Azərbaycanda iqtisadi sahədə aparılan ciddi islahatların nəticəsidir. Bu islahatlar davam etdiriləcəkdir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, eyni zamanda, biz öz daxili bazarımızı qoruyuruq və qoruyacağıq. Biz daxili istehsalçılara daha da əlverişli şərait yaradırıq və yaradacağıq.

Son on il ərzində sahibkarlığın inkişafı ilə bağlı böyük addımlar atılmışdır. On ildə bir milyard manat dəyərində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna yönəldilmişdir və iş yerlərinin açılması, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması məqsədləri güdülürdü. Belə olan halda sahibkarlığın inkişafının, orta təbəqənin yaradılmasının, yoxsulluğun azaldılmasının - bütün bu məsələlərin təməlində bizim düşünülmüş iqtisadi siyasətimiz və siyasi xəttimiz dayanır.

Sənayeləşmə ilə bağlı məsələlər öz həllini tapmışdır. Beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində hesab edirəm ki, on il ərzində çox böyük addımlar atılmışdır və bu siyasət davam etdiriləcəkdir. Son on il ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə investisiya qoymağa başlamışdır. Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilmişdir. Bəlkə on il bundan əvvəl bu barədə danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət olan yerdə istənilən məsələ öz həllini tapa bilər.

Bu gün bizim peykimiz - “Azərspace-1” artıq Azərbaycanı kosmik dövlət kimi dünyada tanıtdırır. Kosmik sənayenin inkişafı sürətlə gedəcəkdir. Dövlət əlbəttə ki, öz sözünü deyir və deyəcəkdir. Burada dövlət vəsaiti əsas rol oynayır.

Enerji siyasətimizdə son 10 il ərzində tarixi hadisələr baş vermişdir. Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün tam şəkildə reallaşıbdır. Bu strategiyanın davamı üçün yeni təşəbbüslər irəli sürülübdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə verilmişdir. Beləliklə, ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz ehtiyatları dünya bazarları ilə birləşmişdir. Dəhliz yaradılmışdır ki, bu dəhlizdən indi biz və qonşularımız istifadə edir. O dəhliz ki, onun üzərində strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. Bu layihənin də təşəbbüskarı Azərbaycan olmuşdur. Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur.

Son illər ərzində Azərbaycanda yeni qaz yataqları kəşf edilmişdir. Bu yataqların kəşfi artıq Azərbaycanı dünya miqyasında böyük qaz ölkəsi kimi təqdim edir. Bizim təsdiq edilmiş qaz ehtiyatlarımız təxminən üç trilyon kubmetrə bərabərdir.

Azərbaycan bu sahədə bundan sonra ən azı 100 il ciddi oyunçu kimi öz rolunu oynayacaq, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir.

Keçən il və bu il neft-qaz strategiyamızın reallaşması üçün də iki önəmli hadisə baş vermişdir. Keçən il TANAP layihəsinə, bu il isə Trans-Adriatik boru kəməri layihəsinə start verildi. Bunlar dünya miqyaslı, strateji əhəmiyyətə malik olan layihələrdir. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Bu layihələrin icrası üçün Azərbaycan həlledici sözə malikdir. Bizim təşəbbüslərimiz və ardıcıl siyasət, müstəqil siyasət bax, bu reallıqları yaradır. Bu reallıqlar Azərbaycan dövlətinə və xalqına onilliklər bundan sonra da xidmət edəcək, bizim iqtisadi müstəqilliyimizi təmin edəcəkdir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır.

Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması – bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir. Biz bunu edəcəyik. Növbəti beş ildə mən Prezident kimi bunu təmin edəcəyəm. Əlbəttə, bu gün neft strategiyasının icrası nəticəsində beynəlxalq, regional əməkdaşlıq da yeni bir formada özünü göstərməkdədir. Regional və beynəlxalq əməkdaşlıqda Azərbaycan, bir daha demək istəyirəm ki, bundan sonra da etibarlı tərəfdaş kimi öz rolunu oynayacaqdır. Bir daha qeyd etmək istəyirəm ki, bizim xarici siyasətimizlə bağlı bütün təşəbbüslər əməkdaşlıq, dostluq üzərində qurulubdur. Bir-birinin işinə qarışmamaq, bir-birinə hörmət etmək, bu, həm beynəlxalq hüquq normalarına uyğundur, eyni zamanda, normal insani davranışa da uyğun olan siyasətdir.

Son on il ərzində sənayenin inkişafı ilə bağlı önəmli hadisələr baş vermişdir. Artıq ağır sənayenin inkişafı ilə bağlı böyük layihələr icra edilmişdir. Növbəti illərdə əminəm ki, bu istiqamət prioritet olacaqdır. Çünki Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, demoqrafik göstəricilərdə də özünü büruzə verir. Bunu mən böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda son on il ərzində əhali artmışdır. On il əvvəl əhalimiz 8,3 milyon idi. Hazırda 9,4 milyondur. On ildə əhali bir milyon yüz min artmışdır. Demoqrafiya özlüyündə gələcəkdə böyük rol oynayacaqdır. Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir.

Son on il ərzində Azərbaycanda böyük enerji potensialı yaradılmışdır. On dörd elektrik stansiyası yaradılmışdır ki, əgər o stansiyalar tikilməsəydi, hazırda Azərbaycanda bu qədər müəssisə fəaliyyət göstərə bilməzdi. Deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz hazırda altı min meqavat səviyyəsindədir. Onun təxminən 45 faizi son on il ərzində yaradılmışdır. Bu gün Azərbaycan xarici bazarlara elektrik enerjisini ixrac edir. On il bundan əvvəl idxal edirdi. Bu gün biz təbii qazı ixrac edirik. On il bundan əvvəl idxal edirdik və demək olar ki, böyük problemlər yaranmışdı. Yəni, bu on il ərzində energetika sektorunda bütövlükdə böyük nailiyyətlər əldə edilmişdir və əminəm ki, növbəti illərdə bu müsbət meyillər davam edəcək, çünki bizim konkret proqramımız, planlarımız vardır.

İqtisadiyyatın hər bir sahəsinin inkişafı ilə bağlı olan bu proqramlar əminəm ki, icra ediləcəkdir. Mən növbəti beş il ərzində ölkə qarşısında duran vəzifələrlə bağlı dəfələrlə ictimaiyyətə öz fikirlərimi çatdırmışam. Bir daha qeyd etmək istəyirəm ki, növbəti beş il ərzində biz ölkəmizin uğurlu inkişaf tempini saxlamalıyıq, artırmalıyıq.

Əsas prioritet məsələ əlbəttə ki, ərazi bütövlüyümüzün bərpasıdır. Bu, ən başlıca vəzifədir, bizim üçün ən ağrılı problemdir.

Biz hamımız çalışmalıyıq ki, növbəti illərdə bu məsələni beynəlxalq hüququn ədalətli norma və prinsipləri üzərində həll edək.
İqtisadi gücümüz bizim tərəfimizdədir. Haqq-ədalət, tarixi həqiqət bizim mövqeyimizi müdafiə edir. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır. Biz növbəti beş il ərzində bu münaqişənin həlli üçün öz ardıcıl siyasətimizi davam etdirəcəyik. İlk növbədə, dövlət siyasəti aparılacaqdır. İctimai qurumlar da bu işlərdə çox böyük fəallıq göstərirlər. Xocalı soyqırımını soyqırımı kimi dünyada tanıtdırmaq üçün artıq gözəl imkanlar vardır. Bir neçə ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu proses davam etməlidir.

Ermənistanı bütün regional layihələrdən təcrid etməliyik, etmişik, edəcəyik. Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək templərlə davam etsin. Beləliklə, biz münaqişənin həlli üçün bütün əsas şərtləri təmin etməliyik. Son illərin təcrübəsi onu göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb. Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik. Münaqişənin həlli bir daha demək istəyirəm ki, prioritet məsələdir. Bu məsələ tam şəkildə öz həllini tapmalıdır. Hər hansı bir yarımçıq variant müvəqqəti variant kimi yalnız qəbul edilə bilər. Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək.

Digər prioritetlər haqqında bir neçə kəlmə demək istərdim. Xarici siyasətimiz davam etdiriləcəkdir. Azərbaycan bundan sonra da prinsipial mövqe nümayiş etdirəcək və üzv olduğumuz təşkilatlarda, beynəlxalq təşkilatlarda öz mövqeyimizi müdafiə edəcəyik. Əməkdaşlıq etdiyimiz təşkilatlarla münasibətləri bundan sonra da ancaq bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq və qarşılıqlı hörmət əsasında quracağıq. Çalışacağıq ki, dünyada dostlarımızın sayı çoxalsın və bu məqsədlərə nail olmaq üçün iqtisadi amillərdən də istifadə etməliyik. Bu gün dünyada xarici investorlar üçün şərait yaradılır, onlar dəvət edilirlər və bir çox ölkələr istəyirlər öz iqtisadi vəziyyətlərini xarici investisiyalar hesabına yaxşılaşdırsınlar. Bizim isə iqtisadi siyasətimiz, əksinə, xarici bazarlara investisiya qoymaqdan ibarətdir. Çünki biz gələcəkdə daxili investisiyaları o qədər də artıra bilməyəcəyik. İqtisadi qanunlar da buna imkan verməyəcəkdir. Ona görə iqtisadi amildən istifadə edib dünyada daha çox dost qazanmaq xarici siyasətlə bağlı prioritet məsələlərdən biridir.

İqtisadi sahədə şaxələndirmə siyasəti aparılır, aparılacaqdır. Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar vardır. Bu ilin göstəriciləri bunu deməyə əsas verir. Bu il qeyri-neft sektorumuz on faizdən çox artmışdır. Əgər biz hər il qeyri-neft sektorumuzu on faizdən çox artıra bilsək, o hədəfə çatacağıq.

Əlbəttə ki, bu faizlər, bu rəqəmlər mütləq hədəf deyildir. Əsas məsələ ondan ibarətdir ki, biz bu hədəflərə çatsaq Azərbaycan iqtisadiyyatı daha da güclənəcək və dayanıqlığını daha da möhkəmləndirəcək, neft amilindən asılılığını daha da azaldacaq və iş yerlərinin açılmasına daha da yaxşı imkanlar yaradılacaqdır.

Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki, buna böyük ehtiyac vardır.

Sənayeləşmə ilə bağlı bizim siyasətimiz əminəm ki, növbəti illərdə daha da böyük nəticələrə gətirib çıxaracaqdır. Ağır sənayenin inkişafı üçün gözəl imkanlar vardır. Artıq texnoparklar, sənaye zonaları yaradılır. Dövlət əlbəttə ki, burada aparıcı rolunu ilkin mərhələdə oynamalıdır, oynayacaqdır. Özəl sektor da bu işlərə qoşulur. Azərbaycanda istehsal oluna biləcək bütün məhsullar Azərbaycanda istehsal olunmalıdır.

Ərzaq təhlükəsizliyi tam şəkildə təmin edilməlidir. Biz son 10 il ərzində bu istiqamətdə böyük nailiyyətlərə imza atdıq. Bu gün bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Biz növbəti 5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunsun. Bunu etmək üçün imkan da, konkret təkliflər də vardır və vəsait də nəzərdə tutulacaqdır.

Kənd təsərrüfatı ilə bağlı tədbirlər bundan sonra da aparılacaqdır. Böyük suvarma layihələri icra edilir və beləliklə, fermerlər üçün daha da gözəl şərait yaradılacaqdır.

İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcəkdir. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir. Bu məsələlərə də xüsusi diqqət göstərilməlidir. Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır.

Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Böyük ümidlərim əlbəttə ki, elektron xidmətlərədir. “Elektron hökumət” layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. “ASAN xidmət”in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır. Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır.

Enerji siyasətimizlə bağlı bizim növbəti illərdə çox böyük planlarımız vardır. Mən qeyd etdim ki, “Əsrin kontraktı”nın imzalanmasından sonra son 19 il ərzində Heydər Əliyev neft strategiyası icra edilir. Son on il ərzində bu, daha çox qaz amilində özünü göstəribdir. Növbəti beş il ərzində biz strateji layihələri icra etməliyik. Bu layihələr dünya miqyaslı layihələrdir. Ancaq mən əvvəlki çıxışlarda qeyd etdiyim kimi, Azərbaycan burada aparıcı rol oynayır. Onların arasında TANAP layihəsi və Trans-Adriatik boru kəməri layihəsi xüsusi yer tutur. Bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, bu layihələrin icrası çox geniş beynəlxalq əməkdaşlıq tələb edir. Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın çox gözəl münasibətləri vardır, işgüzar, bir-birinə hörmət əsasında münasibətlər qurulubdur. Bu iki layihəni biz növbəti beş il ərzində icra etməliyik. Bu, o qədər də asan məsələ deyildir. Ancaq bu günə qədər atılmış addımlar, cəsarətli və düşünülmüş siyasətimiz, əminəm ki, bu layihələrin icrasında da bizə kömək göstərəcəkdir. Bu layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox önəmli beynəlxalq oyunçuya çevirəcəkdir.

Hazırda bizimlə hesablaşırlar. Bizim sözümüz böyük məna daşıyır. Bakıda qəbul edilmiş qərarlar bir çox hallarda enerji siyasətinin istiqamətlərini müəyyən edir. Biz bu iki layihəni icra etsək, - əminəm ki, biz buna nail olacağıq, - onda bizim çəkimiz daha da artacaqdır. Çəkimiz artdıqca, əlbəttə ki, imkanlarımız da genişlənəcək və bundan sonra heç kimin ağlına gəlməyəcək ki, hansısa məsələdə Azərbaycanı kənara qoyub öz problemlərini həll etmək mümkün olsun. Heç kimin ağlına bundan sonra gəlməyəcək ki, Azərbaycanı hansısa layihədən təcrid etmək mümkün olacaqdır. Bu gün Azərbaycanın birmənalı siyasəti - cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək.

Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.

Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək.

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Azərbaycan!

SƏNƏDLƏRFərmanlar12 noyabr 2018
18:58
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 apre...

12 noyabr 2018, 18:58
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:55
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 201...

12 noyabr 2018, 18:55
SƏNƏDLƏRFərmanlar12 noyabr 2018
18:50
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1269-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubl...

12 noyabr 2018, 18:50
SƏNƏDLƏRQanunlar12 noyabr 2018
18:45
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil...

12 noyabr 2018, 18:45
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:44
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1270-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 ok...

12 noyabr 2018, 18:44
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:28
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1233-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikl...

12 noyabr 2018, 18:28
SƏNƏDLƏRQanunlar12 noyabr 2018
18:25
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbay...

12 noyabr 2018, 18:25
SƏNƏDLƏRFərmanlar12 noyabr 2018
18:12
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1247-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respubl...

12 noyabr 2018, 18:12
SƏNƏDLƏRQanunlar12 noyabr 2018
18:10
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və...

12 noyabr 2018, 18:10
SƏNƏDLƏRSərəncamlar12 noyabr 2018
18:01
Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reyt...

12 noyabr 2018, 18:01