İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışında iştirak etmişdir

12 sentyabr 2013, 18:30

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlət başçısı klinikanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Tibb Universitetinin 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir. Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsində müxtəlif cərrahi əməliyyatlar aparmaq da mümkün olacaqdır. Tibb ocağı ən müasir avadanlıqla təchiz edilmişdir.

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov dövlətimizin başçısına klinika barədə məlumat verdi. Bildirildi ki, tibb ocağının inşaat işləri “Azərinşaat Qranit” MMC tərəfindən həyata keçirilmişdir. Ümumi ərazisi 45 min kvadratmetr olan klinikanın binası orijinal memarlıq üslubunda inşa edilmişdir. On üç mərtəbəli binanın həyətində geniş abadlıq işləri görülmüşdür.

Azərbaycan Prezidentinə klinikadakı kafedralar və şöbələr haqqında məlumat verildi. Bildirildi ki, burada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaqdır.

Diqqətə çatdırıldı ki, klinikada imtahan və kompyuter zalları da müasir avadanlıqla təchiz edilmişdir. Burada kursların və dövlət imtahanlarının keçirilməsi üçün kompyuterlə təchiz olunmuş zallar da vardır.

Yüksək zövqlə inşa edilən binanın foyesində Heydər Əliyev guşəsi yaradılmışdır. Guşədə Ümummilli Liderin Azərbaycan səhiyyəsinin inkişafı və universitetin həyatında əvəzedilməz rolu barədə məlumat verilir. Burada Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu tibb ocağında keçirilən tədbirlərdə iştiraklarını əks etdirən fotostend vardır.

Qeyd edildi ki, klinikanın şöbələrində ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Bu cihazlar müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir. Klinikanın həkim, dərs və kompyuter otaqları bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Burada, həmçinin ictimai tədbirlərin keçirilməsi üçün xüsusi akustika və müasir multimedia sistemlərinin quraşdırıldığı 250 yerlik konfrans zalı da vardır. Ümumilikdə klinikada hər biri 100 nəfərlik olmaqla 9 mühazirə zalı, 50-dən çox praktik məşğələ üçün treninq otağı yaradılmışdır. Klinikanın şöbələrində quraşdırılan avadanlıq dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu cihazlar vasitəsilə qısa müddətə müayinələrin nəticələrini daha dəqiq əldə etmək mümkündür.

Məlumat verildi ki, klinikanın mərkəzi laboratoriyası yüksək səviyyədə qurulmuşdur. Ölkənin yeganə universitet klinikası olan bu bölmədə biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir.

Laboratoriyada dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar vardır. Bu isə istənilən laborator müayinələri maksimum az vaxtda və dəqiq yerinə yetirməyə imkan verir. Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi “CLSI” standartlarına uyğun biokimyəvi və immunoloji analizlər aparılacaqdır. Pasiyentlər dünyanın istənilən ölkəsindən şəxsi kodları ilə klinikanın saytına daxil olaraq laborator analizlərinin nəticələrini əldə edə biləcəklər.

Diqqətə çatdırıldı ki, buradakı avadanlıq tibbi müayinələrin görüntülərini də yüksək səviyyədə əldə etməyə imkan verir.

Klinikada, həmçinin “Tesla” maqnit rezonans tomoqrafı, 128 kəsikli kompyuter tomoqrafı, iki yüksək tezlikli rəqəmsal rentgen qurğusu, universal tipli angeoqraf, 4D rejimli ultrasəs müayinəsi aparatı quraşdırılmışdır.

Üçüncü mərtəbədə 20 çarpayılıq 5 reanimasiya zalı, 18 əməliyyatxana yaradılmışdır. Reanimasiya zallarında Avropa istehsalı olan çoxfunksiyalı elektrik yataqlar, mərkəzləşdirilmiş qaz sistemləri, monitorlar, süni tənəffüs cihazları quraşdırılmışdır. Burada çətinliyindən asılı olmayaraq, reanimasion-intensiv terapiya xidmətləri xaricdə təhsil almış təcrübəli reanimatoloqlar tərəfindən icra edilir. Burada quraşdırılan xüsusi çoxfunksiyalı işıqlandırma sistemi və kamera vasitəsilə əməliyyat prosesləri dərs otaqlarına, tədris və konfrans zallarına, həmçinin xaricdəki yüksək ixtisaslı mütəxəssislərə ötürülə bilir və tibb müəssisənin arxivinə yüklənir.

Klinikanın hər cür lazımi avadanlıq, o cümlədən yumşaq və bərk inventarla təchiz edilmiş palataları müasir səviyyədədir.

Binanın müxtəlif mərtəbələrində palatalar fəaliyyət göstərəcəkdir.

Bu tibbi mərkəzdə tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası vardır. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB məkanında analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyantlar quraşdırılmışdır. Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu cihazlara kompyuterə yüklənmiş məlumatlarla yanaşı, xəstənin də maqnit rezonans, rentgen, kompyuter tomoqrafiyasından alınan görüntülərini yükləmək olur.

Dünyanın yalnız bəzi aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir. Klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir və yerli “ARASH Medical” şirkəti tərəfindən quraşdırılmışdır.

Klinikada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşdü.

X X X

Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Bu gün çox əlamətdar bir gündür. Biz Bakı şəhərində Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb Universitetinin bütün professor-müəllim heyətini, bütün tələbələri təbrik edirəm.

Gözəl mərkəzdir, gözəl tibb ocağıdır. İndi mərkəzin müxtəlif bölmələri ilə tanış oldum. Bir daha görürəm ki, Azərbaycanda artıq səhiyyə sahəsində işlər ən yüksək səviyyədə görülür.

Xatırlayıram ki, üç il bundan əvvəl bu klinikanın təməl daşını qoyduq. O vaxt - üç il bundan əvvəl Tədris-Terapevtik Klinikanın açılışını da qeyd etdik. O vaxt rektor və professor-müəllim heyətinin nümayəndələri müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra dövlət büdcəsi hesabına bir neçə il ərzində bu gözəl tibb mərkəzi yaradılmışdır.

Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçilən bir klinikadır.

O vaxt belə bir klinikanın yaradılması iki məqsədi güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda, bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin yaradılması da təmin edilmişdir. Yəni, burada həm təhsil, həm səhiyyə - ölkəmiz üçün vacib olan iki sahə birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də olmalıdır. Çünki Azərbaycan uğurla və sürətlə inkişaf edir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. O cümlədən, səhiyyə, təhsil sahələrində qarşıda duran vəzifələr icra edilir. Son illər ərzində Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər ölkəmizin bütün bölgələrini əhatə edir. On beş şəhərdə diaqnostika mərkəzi yaradılmışdır. Bu gün demək olar ki, ölkəmizin hər bir yerində keyfiyyətli tibbi xidmət almaq üçün gözəl imkanlar vardır. Səhiyyənin maddi-texniki bazası möhkəmlənir, güclənir. Əminəm ki, yaxın bir-iki il ərzində artıq bütün şəhərlərimizdə ən gözəl klinikalar yaradılacaqdır.

Təkcə son iki həftə ərzində ölkəmizin bir neçə şəhərində müasir xəstəxanalar açılmışdır. Deyə bilərəm ki, bölgələrdə, rayonlarda istifadəyə verilmiş xəstəxanalar da ən müasir avadanlıqla təchiz edilir və ən yüksək standartlara malikdir.

Azərbaycan Tibb Universiteti ölkəmizdə həkim kadrların hazırlanmasında xüsusi rol oynayan ali məktəbdir. Bu ali məktəbin böyük tarixi, gözəl ənənələri və əminəm ki, gözəl gələcəyi vardır. Çünki bu gün müstəqil Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər artır, səhiyyənin maddi-texniki bazası möhkəmlənir. Belə olan halda əlbəttə ki, tibbi xidmətin səviyyəsi də artmalıdır.

Universitetdə çox böyük təcrübəyə, biliklərə malik olan professor-müəllim heyəti vardır. Əlbəttə ki, sizin bilikləriniz gənc nəslə ötürülür. Elə etməliyik ki, gənc nəsil, gənc həkimlər dünyada səhiyyə sahəsində gedən bütün prosesləri yaxından izləyə bilsinlər. Bunu etmək üçün burada imkanlar, kompyuter otaqları vardır. Əminəm ki, müxtəlif ali məktəblərlə canlı bağlantı da yaradıla bilər. Əməliyyatların izlənməsi üçün gözəl şərait vardır.

Beləliklə, bizim gənc həkimlərimiz dünyada səhiyyə sahəsində gedən bütün mütərəqqi yenilikləri bilməlidirlər. Çünki bu gün dünyada səhiyyə elmi çox sürətlə inkişaf edir. Siz həkimlər bunu hamıdan yaxşı bilirsiniz. Bu gün vaxtilə müalicəsi mümkün olmayan bir çox xəstəliklər əgər vaxtında aşkarlanarsa müalicə edilir. Diaqnostika cihazları, o cümlədən burada quraşdırılan kompyuter tomoqrafları, MRİ, müasir rentgenlər imkan verir ki, istənilən xəstəlik ilkin mərhələdə aşkarlansın və düzgün diaqnoz qoyulsun. Artıq bu cihazların mövcudluğu düzgün diaqnozun qoyulmasında da mühüm bir addımdır və əlbəttə ki, müalicə də düzgün aparılmalıdır.

Yəni, dünya səhiyyə elminin uğurlu inkişafı insanların sağlamlığına bilavasitə bir töhfədir. Biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır.

Bu yaxınlarda mən təhsillə bağlı fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, elə etməliyik ki, bizim gənclər xaricə oxumağa getməyə ehtiyac duymasınlar. Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada ən yüksək təhsil almaq üçün imkan olsun. Səhiyyə sahəsində də, həmçinin biz o səviyyəni əlbəttə ki, təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Çünki son illərdə səhiyyə sahəsində aparılan islahatlar uğurludur, bununla bərabər hələ çox iş görülməlidir.

Ancaq beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə Təşkilatının Avropa bölməsi Azərbaycanda gedən islahatları vurğulamışdır.

Bir daha demək istəyirəm ki, son illərdə hər bir rayonda müasir xəstəxanalar, tibb mərkəzləri tikilir. O ki qaldı Bakıya, son illərdə Bakıda demək olar ki, əsas elmi-tədqiqat səhiyyə müəssisələrimiz yenidən qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə böyük xəstəxana tikilmişdir. Yəni, bu sahədə biz öz ardıcıl siyasətimizi davam etdirəcəyik.

İnsanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir. Mənim bölgələrə səfərlərim zamanı açılan xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan sağlamlığı qorunsun, keyfiyyətli müalicə almaq üçün imkan, şərait olsun. İndi bütün bölgələrdə və yaxın zamanlarda hər bir şəhərdə dializ mərkəzləri tam şəkildə fəaliyyətə başlayacaqdır. Əksər şəhərlərdə biz artıq buna nail olmuşuq. Biz bunun müsbət tərəfini görürük. Vaxtilə xəstələr 100 kilometrlərlə məsafəni qət etməli olurdular, böyük şəhərlərdə müalicə alırdılar. İndi hər bir bölgədə deyə bilərəm ki, təxminən hər bir şəhərdə müasir dializ mərkəzləri vardır. Ona görə insanların sağlamlığını təmin edən tibbi xidmət bu gün əlbəttə ki, daha da yüksək səviyyədədir. İnsan sağlamlığını şərtləndirən digər amillər Azərbaycanda əlbəttə ki, vardır. Bu sahəyə diqqət yetirilir. Statistik göstəricilər, - yəqin ki, həkimlər bunu hamıdan yaxşı bilirlər, - onu göstərir ki, Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq ölümü azalır. Bu, səhiyyənin səviyyəsini göstərən əsas amillərdən biridir.

Bir daha demək istəyirəm ki, Azərbaycan Tibb Universitetinin böyük tarixi, ənənələri, gözəl bu günü, gözəl gələcəyi vardır.

Deyə bilərəm ki, biz həkimlərin bütün xahişlərini çalışırıq ki, yerinə yetirək. Belə gözəl klinikalar həm tədris, tibb mərkəzləridir, eyni zamanda, həkimlərin iş yeridir. Hər yerdə, hər şəhərdə, hər rayonda həkimlərin iş yeri də bax, belə olmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, bu gözəl klinikanın açılışı böyük əlamətdar hadisədir. Mən çox şadam ki, son illərdə biz sizinlə bərabər bu gözəl hadisələri qeyd etmişik. Tibb Universitetinin ardıcıllıqla klinikaları yaradılır. 2002-ci ildə stomatoloji, 2007-ci ildə onkoloji, 2010-cu ildə terapevtik klinikaları açılmışdır və indi cərrahiyyə klinikası artıq fəaliyyətə başlayır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.

X X X

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman ƏMİRASLANOV dedi:

-Möhtərəm cənab Prezident!

Çox hörmətli Mehriban xanım!

İcazə verin, Tibb Universitetinin professor-müəllim heyəti, tələbə kollektivi adından Sizi ürəkdən salamlayım və Tibb Universitetinin bu möhtəşəm, böyük klinikasına xoş gəlmisiniz deyim.

Bu gün yeni tədris ilinin başlaması ərəfəsində, möhtərəm Prezident, Sizinlə bir yerdə olmaq bizim üçün çox böyük qürur mənbəyi və sevincdir. Siz son illərdə artıq üçüncü dəfədir ki, universitetimizə gəlirsiniz. Bu, universitetimizə olan hörmətin, etimadın, qayğının nəticəsidir. İcazə verin, bu etimada, bu qayğıya görə bir daha Sizə dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirim.

Mən ayrıca olaraq qeyd etmək istərdim ki, Azərbaycanda elmin, səhiyyənin, təhsilin, mədəniyyətin, incəsənətin böyük hamisi olan, vaxtilə universitetimizdə təhsil almış Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva da bu üç görüşün üçündə də iştirak edibdir. Mən ona da bütün kollektiv adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tibb Universiteti fəxr edir ki, - düzdür universitetimizi bitirməyibdir, - vaxtilə Mehriban xanım bizim universitetdə təhsil alıbdır.

Möhtərəm cənab Prezident, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Tibb Universitetinə böyük qayğı və diqqətlə yanaşmışdır. Təkcə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra Ulu Öndər iki dəfə bizim universitetdə oldu. O ağır, çətin dövrdə universitetin 11 mərtəbəli möhtəşəm tədris binası və stomatoloji klinikası Ulu Öndərin Tibb Universitetinə çox sanballı bir töhfəsi kimi yaddaşlara həkk olunubdur. Universitet klinikalarının yaranması ideyası da Ulu Öndərə məxsusdur. Ancaq bu ideyanı, bu universitet klinikalarının yaranmasını Siz reallaşdırdınız və Sizin sərəncamlarınızla bu gün Tibb Universitetinin üç klinikası fəaliyyət göstərir. Bayaq mən Sizə məruzə etdiyim kimi, 2007-ci ildə onkoloji klinika istifadəyə verildikdən bir qədər sonra Sizə tədris-terapevtik klinikanın yaradılması ilə bağlı müraciət etdik. Bu gün burada qeyd etdiyiniz kimi, çox çəkmədi ki, Siz Sərəncam imzaladınız. Onun həm təməl daşının qoyulması, həm də açılış mərasimlərində Siz Mehriban xanımla bir yerdə iştirak etdiniz. Universitet kollektivinə töhfələrinizi verərkən elə oradaca qeyd etdiniz ki, Tibb Universitetinin daha bir klinikaya böyük ehtiyacı vardır - cərrahi klinikaya. Siz cərrahi klinikanın tikilməsi ilə bağlı qərar verdikdən düz beş il sonra biz bu klinikanın açılışına toplaşmışıq.

Hesab edirəm ki, Tibb Universiteti 83 illik şərəfli tarixinin bu gün ən yaddaqalan, bəlkə də o tarixə qızıl hərflərlə həkk oluna biləcək bir gününü, hadisəsini yaşayır. Çünki bu klinika doğrudan da istər tədris, istər elmi, istər müalicə-profilaktika, müalicə-diaqnostika nöqteyi-nəzərindən son dərəcə geniş imkanlara malik olan, dünyanın bir çox universitetlərinin klinikaları ilə bir səviyyədə dayana biləcək bir klinikadır.

Möhtərəm Prezident, böyük məmnuniyyətlə istərdim Sizə məruzə edim ki, son illər Tibb Universitetində bu klinikalarda uğurla çalışa biləcək kadr potensialı yetişibdir və yetişməkdədir. Ona görə, Sizi əmin edirəm ki, bu klinikanın kadr potensialı ilə bağlı da bir problemimiz olmayacaqdır. Bu gün tədris-terapevtik klinikasında dünyanın müxtəlif aparıcı klinikalarından dəvət olunmuş 10 nəfər korifey sənətkar çalışır. Bu sənətkarlar həm tədrislə, həm müalicə işləri ilə məşğul olurlar, bu və ya digər sahənin inkişaf etdirilməsi üçün bizə son dərəcə kömək edirlər. Bu da Sizin göstərdiyiniz qayğının nəticəsidir.

Möhtərəm cənab Prezident, bu gün bu klinikanın müxtəlif şöbələrini gəzərkən, mən bütün bunların hamısını Sizə məruzə etdikcə, digər klinikalar barəsində danışdıqca dedim ki, bunların hamısının səbəbi son on ildə baş vermiş hadisələrdir, ulu öndər Heydər Əliyev siyasətinin ölkəmizdə uğurlu davamı və bu uğurlu davamın aparıcısı kimi Sizin xidmətlərinizdir.

Bu gün Tibb Universitetindəki bu möhtəşəm işlər Azərbaycanda görülən işlərin cüzi bir hissəsidir. Budur Heydər Əliyev siyasətinin Azərbaycana verdiyi töhfələr. Buna görə bizim əsasımız vardır bu gün deyək, bir daha vurğulayaq ki, Ulu Öndərin siyasəti Azərbaycan xalqını xoşbəxt günlərə aparan, yeganə və alternativi olmayan bir siyasətdir. Azərbaycan xalqının mütləq əksəriyyəti kimi, Tibb Universitetinin professor-müəllim heyəti, tələbələri Heydər Əliyev siyasətini dəstəkləyir və bu siyasətin davamlı və daimi olması üçün əlindən gələn bütün işləri edəcəkdir.

Möhtərəm Prezident, son olaraq icazə verin, bu möhtəşəm klinikanı Tibb Universitetinə hədiyyə etdiyiniz üçün professor-müəllim heyəti, tələbə kollektivi adından bir daha Sizə dərin təşəkkürümü, səmimi minnətdarlığımı bildirim. Sizi əmin edirik ki, bu klinika Azərbaycan xalqının sağlamlığının keşiyində möhkəm duracaq, Sizin qarşıya qoyduğunuz bütün məsələləri yerinə yetirəcəkdir.

Ayrıca olaraq, mən Mehriban xanıma da kollektiv adından bir daha dərin təşəkkürümü bildirirəm. Sağ olun. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun!

X X X

Sonra akademik Adilə NAMAZOVA çıxış edərək dedi:

- Həyatda ən çox sevdiyimiz insan İlham müəllim! Bu, dördüncü klinikadır ki, Siz bizə bəxş edirsiniz. Siz bununla bizi xoşbəxt etmisiniz. Doğrudan da çox gözəl binadır. Mənim xəstəxanada əyləşdiyim otağın pəncərəsi bu binaya baxır. Bu binanın bünövrəsi qoyulandan axırıncı daşının rənglənməsinə qədər bütün prosesi izləmişəm. Biz bu klinikalara və bunların ən müasir avadanlıqla təmin olunmasına görə Sizə minnətdarıq. Siz bizə çox gözəl şərait yaratmısınız. Biz hamımız - burada əyləşənlər və burada olmayanlar təsdiq edə bilərlər ki, həm özümüz gözəl, komfort şəraitdə işləyirik, həm də tələbələri, gələcək həkimləri hazırlayırıq. Onlar nəinki Bakıda, müxtəlif rayonlarda, - indi rayon demək düzgün deyil, çünki rayon mərkəzlərinin hamısı indi şəhərdir, - müxtəlif şəhərlərimizdə işləyirlər. Bax, bütün bu şəraitə görə, biz Sizə minnətdarıq. Mən burada oturan və burada olmayan əməkdaşlarımız, tələbələrimiz adından Sizə böyük təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Biz Sizə çox minnətdarıq. Minnətdarıq ki, Ulu Öndərimizin qarşıya qoyduğu məsələlər həyatda öz reallığını tapır. Buna görə biz Sizə minnətdarıq.

Möhtərəm Prezident, Siz bizə çox qayğı göstərmisiniz, bizim həyatımızı çox dəyişdirmisiniz. Mən Sizdən bir xahiş etmək istəyirəm. Bizim Tibb Universitetində on pediatrik kafedramız vardır. On altı tibb elmləri doktoru, professor çalışır.

Pediatriya üzrə 50-yə yaxın dosentimiz vardır. İki yüzdən çox tibb üzrə fəlsəfə doktoru çalışır. Burada doktorantların, dissertantların sayını deyib vaxtınızı almaq istəmirəm. Üçüncü ildir ki, biz rezidentlərlə məşğuluq. Yəni, onları qəbul edib dörd il müddətində biz Sizin köməkliyinizlə xalqa gözəl, yüksək səviyyəli həkimlər verəcəyik. Bizim bu kafedralar, bu işçilər demək olar ki, Bakı şəhərinin bütün rayonlarına səpələnibdir.

Prezident İlham ƏLİYEV: Mən başa düşürəm. Siz söhbəti nəyə aparırsınız.

Adilə NAMAZOVA: Siz bizə belə bir pediatrik klinika bəxş etsəniz, bizi də, respublikanın uşaqlarını da çox xoşbəxt etmiş olarsınız. Bilirsiniz ki, respublikamızda əhalinin sayı artıb, bu gün 9 milyon 400 mindir. İnşallah, gələn payıza 10 milyon olacaqlar. Deməli, respublikada doğum çoxalıb. Tək-tək yox, əkiz, üçəm uşaqlar doğulur. Beləliklə, respublikamızda uşaqların sayı 43-44 faizə çatıbdır. Onların keşiyində durmaq üçün bizə savadlı pediatrlar lazımdır.

Siz bilirsiniz ki, atalar, analar, babalar, nənələr uşaqları nə dərəcədə çox istəyirlər. Biz istəyirik ki, Sizin köməyinizlə onların qayğısına daha yaxından qalaq, onları sağlam böyüdək. Mən Sizə söz verirəm ki, respublikamız üçün çox yaxşı pediatrlar yetişdirəcəyik. Çünki belə şəraitdə işləmək özü böyük xoşbəxtlikdir. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun və bu işləri daha da yeniləşdirəsiniz, - çünki Siz novatorsunuz, - bizə də kömək edəsiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun. Adilə xanım çox gözəl təklif verdi və sonra o təklifi də gözəl əsaslandırdı. Mən hesab edirəm ki, biz bu təklifə baxmalıyıq. Hesab edirəm ki, bu təklifə müsbət cavab verilə bilər. Xahiş edirəm ki, siz yeri seçin, Təklifi rəsmi qaydada göndərin. Pediatrik klinikanın tikintisinə də müsbət münasibət ola bilər.

Doğrudan da, bu gün Azərbaycanın imkanları böyük dərəcədə artmışdır. Hətta o vaxt imkanlarımız məhdud olanda da ulu öndər Heydər Əliyev məhz Tibb Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox vacib addımlar atmışdır, qərarlar vermişdir. O vaxt dövlət büdcəmiz indikindən 20 dəfə az idi. O vaxt hələ bizim əsas energetika, neft-qaz layihələrimiz icra edilmirdi. Ona görə, büdcədə kifayət qədər problemlər var idi. Gəlir mənbələrimiz o qədər də çox deyildi.

Ancaq buna baxmayaraq, hətta o vaxt səhiyyə məsələlərinin həllinə, Tibb Universitetinin fəaliyyətinə böyük diqqət verilirdi.

Əlbəttə ki, bu gün Azərbaycan güclü dövlətə çevrilibdir. Son illər ərzində Ulu Öndərin siyasətinə sadiq qalaraq biz ölkəmizi böyük dərəcədə inkişaf etdirə bilmişik. Bu gün dünyada yaşanan böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə gedir.

Bölgələrdə olarkən mən bir fikri tez-tez vurğulayıram ki, bu gün bir çox inkişaf etmiş ölkələrdə tibbi mərkəzlər tikilmir.

Çünki maliyyə böhranı yaşanır. Azərbaycanda tikilir, özü də təkcə Bakıda deyil, hər yerdə. Bax, təkcə son 2-3 həftə ərzində Cəlilabadda, Lənkəranda, Astarada, Yevlaxda, Ağcabədidə, digər şəhərlərdə yeni gözəl xəstəxanalar açılmışdır. Ona görə, biz düşünülmüş iqtisadi siyasətimizlə özümüzü siyasi və iqtisadi cəhətdən dünyada gedən bütün mənfi meyllərdən qoruya bildik. Bizim büdcəmiz ildən-ilə artır. Büdcəmiz həm investisiya, həm sosialyönümlüdür. Büdcədə sosial məsələlərin həlli üçün xüsusi yer vardır. Bu il səhiyyə məsələlərinin həlli üçün bir milyard manata yaxın vəsait ayrılmışdır.

Ona görə hazırda maliyyə vəziyyətimiz imkan verir ki, biz bundan sonra da səhiyyə infrastrukturunun yaradılmasına vəsait ayıraq. Pediatrik klinikanın tikintisi də güman edirəm ki, gələn ilin investisiya proqramına salına bilər.

X X X

Daha sonra tələbə, Prezident təqaüdçüsü Xatın MƏMMƏDOVA dedi:

- Möhtərəm cənab Prezident, Siz daim elmə, təhsilə, səhiyyəyə və biz gənclərə xüsusi diqqət və qayğı göstərirsiniz. Elə həmin diqqət və qayğının nəticəsidir ki, respublikamızda hər il keçirilən qəbul imtahanlarında mükəmməl təhsil almış yüzlərlə Azərbaycan gənci yüksək nəticələr göstərir və Prezident təqaüdünə layiq görülür. Bu gün mən Azərbaycan Tibb Universitetinin Prezident təqaüdünə layiq görülmüş bir tələbəsi kimi əminliklə deyə bilərəm ki, universitetimizdə təhsil alan hər bir tələbə daim Sizin biz tələbələrə, təhsilə və səhiyyəyə göstərdiyiniz diqqət və qayğının şahidi oluruq. Belə ki, universitetimizin ayrı-ayrı korpuslarında, eləcə də hər cür müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikalarında yaradılmış mükəmməl şərait və professor-müəllim heyətinin səyi nəticəsində biz təbabətin ən müxtəlif sahələrində gələcəyin savadlı kadrları kimi yetişirik. Buna görə də həm öz adımdan, həm universitetimizin bütün tələbələri adından, həm də digər təhsil ocaqlarında gələcəyin savadlı kadrı kimi yetişən hər bir tələbə adından Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətli Mehriban xanım, Siz həm Heydər Əliyev Fondunun rəhbəri, həm UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, həm də respublikamızın birinci xanımı kimi daim biz gənclərə, elmə, təhsilə, səhiyyəyə qayğı göstərirsiniz.

Azərbaycan xalqının milli mədəni irsinin, incəsənətinin, milli musiqisinin dünya səviyyəsində tanınması üçün əlinizdən gələni əsirgəmirsiniz və bunun üçün çox böyük işlər görürsünüz. Buna görə də Sizə, hörmətli Mehriban xanım və Sizə, cənab Prezident öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun, biz hələ gələcəkdə çox görüşəcəyik. Çünki hələ görüləcək işlər çoxdur, açılışlar da olacaqdır. Bir daha fürsətdən istifadə edərək sizi ürəkdən təbrik etmək istəyirəm. Bir daha Azərbaycanın bütün həkimlərinə öz salamlarımı, hörmətimi bildirmək istəyirəm. Bildiyiniz kimi, mən həkim ailəsində böyümüşəm.

Xoşbəxtlikdən bizim uşaqlarımız da həkim ailəsində böyüyüblər. Ona görə, həkim peşəsi bizim üçün çox əzizdir, doğmadır. Sizi bir daha salamlayıram, öz hörmətimi və məhəbbətimi bildirirəm. Sizi əmin etmək istəyirəm ki, mən bundan sonra da səhiyyə məsələlərinin həllinə diqqətimi əsirgəməyəcəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏRQanunlar17 noyabr 2018
10:30
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medalla...

17 noyabr 2018, 10:30
SƏNƏDLƏRFərmanlar16 noyabr 2018
22:39
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD n...

16 noyabr 2018, 22:39
SƏNƏDLƏRQanunlar16 noyabr 2018
22:34
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunverici...

16 noyabr 2018, 22:34
SƏNƏDLƏRSərəncamlar16 noyabr 2018
22:33
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tar...

16 noyabr 2018, 22:33
SƏNƏDLƏRQanunlar16 noyabr 2018
22:28
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbayc...

16 noyabr 2018, 22:28
SƏNƏDLƏRSərəncamlar16 noyabr 2018
22:25
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1300-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1300-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə ə...

16 noyabr 2018, 22:25
SƏNƏDLƏRSərəncamlar16 noyabr 2018
22:16
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1301-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1301-VQD nömrəli Qanununun qüvvəyə minm...

16 noyabr 2018, 22:16