İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda iştirak etmişdir

26 iyun 2013, 10:30

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda olmuşdur.

Dövlət və hökumət rəsmiləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləmişlər.

Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak etmişdir.

Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamladı.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin müşayiəti ilə Azərbaycanın dövlət himni ifa edildi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təntənəli paradda nitq söylədi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nitqi

-Əziz əsgərlər, zabitlər, generallar.

Əziz hərbçilər.

Hörmətli qonaqlar.

Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram.

Bugünkü hərbi parad ordumuzun 95 illik yubileyinə həsr olunur. Bugünkü paradda Azərbaycan dövləti öz hərbi qüdrətini nümayiş etdirəcəkdir.

Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu, hər bir ölkə üçün belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində yaşayan ölkələr üçün bu, çox böyük əhəmiyyətə malik olan məsələdir.

Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar və qətnamələrini qəbul etmişlər. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac vardır.

Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşamış, yaratmışdır. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bugünkü Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalları bizim tarixi diyarlarımızdır. Azərbaycan dövləti və xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəkdir. Biz çalışacağıq ki, məsələ tezliklə həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir.

Danışıqlar prosesi hələ də davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulubdur. Çünki bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi qalacaqdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normaları tərəfindən dəstəklənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Bu məqsədlə son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir. Ordumuz inkişaf edir. Bu inkişaf daimi prosesdir. Mən hərbi hissələrə tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır. Nizami ordumuz vardır. Ordumuzun peşəkarlığı artır. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alırlar. Orduda xidmət edənlər Vətəninə, xalqına bağlı olan, Vətənini sevən insanlardır. Bu amillər ordumuzu daha da gücləndirir. Eyni zamanda, son illər ərzində ordumuzun texniki təchizatında da çox böyük inkişaf vardır. Son illər ərzində ən müasir texnika, silah-sursat alınmışdır. Son illər ərzində alınan və Azərbaycanda istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcəkdir. Burada mövcud texnikanın sadəcə olaraq cüzi bir hissəsi göstəriləcəkdir.

Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur.

Bu da təbiidir. Biz son illər ərzində ən müasir texnikaları almışıq. XXI əsrdə müharibələr daha çox texnologiyalar, biliklər üzərində qurulacaqdır. Bu, zəmanənin tələbidir. Azərbaycanın son illər ərzində əldə etdiyi silahlar müasir silahlardır.

Yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan silahlardır. Son illərdə yüzə yaxın döyüş və nəqliyyat helikopteri alınmışdır. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir. Bu proses davam etdirilir.

Növbəti illərdə də hərbi xərclər ümumi büdcəmizdə üstünlük təşkil edəcəkdir. Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi iki milyard dollara yaxındır. Yəni, ancaq hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur.

Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.

Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artmışdır. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz vardır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər, - bir daha demək istəyirəm, tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi-hərbi gücümüz, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır.

Eyni zamanda, biz yerli istehsala da böyük diqqət göstəririk. Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf etmişdir, çoxlu hərbi zavodlarımız vardır. Bu zavodlarda 750 adda məhsul istehsal edilir. Biz bütün növ patronları istehsal edirik. Tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr – bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız vardır. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir və eyni zamanda, bizim ixrac imkanlarımız da artmaqdadır. Bu, onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər. Təki iradə, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnika alırıq, eyni zamanda, daxili istehsalı da gücləndiririk və gücləndirməliyik.

Hərbçilərin sosial müdafiəsi məsələləri də uğurla həllini tapır. Mən dünən hərbi hospitalın yeni korpusunun açılışında iştirak etmişəm, iki gün bundan əvvəl hərbçilərin maaşları qaldırılmışdır. Artıq orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərin məişət problemləri də həllini tapmaqdadır. Bu kateqoriyadan olan hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Artıq 200-ə yaxın mənzil verilmişdir və bu proses gələcək illərdə daha da geniş vüsət alacaqdır. Yəni, hərbçilərin sosial-məişət problemləri həllini tapmaqdadır.

Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti ordu quruculuğuna çox böyük əhəmiyyət verir. Bu, bizim başlıca vəzifəmizdir və gələcək illərdə bu proses daha da sürətlə gedəcəkdir.

Bizim gücümüz bizim birliyimizdədir. Azərbaycan müstəqil dövlət kimi böyük zirvələrə çata bilmişdir, dünya miqyasında çox böyük nüfuza malikdir. Biz dünyanın ən mötəbər təşkilatına - BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq və bu təşkilatda öz mövqeyimizi müdafiə edirik. Azərbaycan nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilmişdir. Bizim xarici siyasətimizlə bağlı olan bütün təşəbbüslərimiz sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətləndirilibdir.

Eyni zamanda, Azərbaycanda daxili sabitlik mövcuddur. Bu da inkişaf üçün başlıca amildir. Azərbaycanda xalq ilə iqtidar arasında birlik vardır. Bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Azərbaycanda iqtisadi inkişafla bağlı çox böyük işlər aparılmışdır. Beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

Hətta böhranlı illərdə - hələ ki, bu böhran dünyada davam edir, - Azərbaycan inkişaf edir, iqtisadiyyat inkişaf edir.

İqtisadiyyatımızın bütün sahələri inkişaf edir. Bu ilin beş ayında qeyri-neft sektorumuz 11 faiz, ümumi iqtisadiyyat təxminən 5 faiz artmışdır. Azərbaycanda işsizlik, yoxsulluq problemləri aradan qaldırılır, böyük infrastruktur layihələri icra edilir. O cümlədən bütün hərbi şəhərciklər bərpa edilir və qarşıya vəzifə qoyulmuşdur ki, növbəti iki il ərzində bir dənə də təmirsiz hərbi hissə, hərbi şəhərcik və hərbi baza olmasın. Müvafiq göstərişlər verilmişdir, vəsait ayrılmışdır və bu proses uğurla gedir. Yəni, biz bütün istiqamətlər üzrə öz fəaliyyətimizi uğurla, inamla aparırıq. İnsanların rifah halı yaxşılaşır, ölkənin nüfuzu artır, iqtisadiyyat, sənaye inkişaf edir və Azərbaycan çox dinamik şəkildə qabağa gedir.

Cəmi 20 ildən bir qədər çox müstəqillik yaşı olan Azərbaycan sübut edib ki, azad, müstəqil ölkə kimi yaşaya, müstəqilliyini, öz seçimini qoruya bilər. Bizim güclü siyasi iradəmiz, güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu dövlətçiliyi, bizim seçimimizi, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır.

Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Hesab edirəm ki, Azərbaycan qısa müddət ərzində güclü dövlətlərin sırasına daxil edilibdir. Biz indi böyük layihələri icra edirik, həm ölkəyə, həm başqa ölkələrə böyük investisiyalar qoyuruq. Bir daha demək istəyirəm ki, biz beynəlxalq müstəvidə çox böyük nüfuza malikik. Əlbəttə ki, Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm.

Mən əminəm ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla icra edəcəkdir. Bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə inkişaf, konkret siyasət, proqram və gözəl nəticələr vardır. Əminəm ki, biz münaqişənin həllində də istədiyimizə nail olacağıq, tarixi ədaləti bərpa edəcəyik, doğma torpaqlarımıza qayıdacağıq! Bunun başqa yolu yoxdur! Tarixin inkişafı, tarixin gedişatı, dünyada gedən proseslər, güclənən Azərbaycan, zəifləyən, yoxsullaşan Ermənistan – bütün bunlar reallıqdır və bu reallıqları biz yaratmışıq, öz siyasətimizlə, öz iradəmizlə. Biz Ermənistanı bundan sonra da bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik.

Azərbaycanı bundan sonra da gücləndirəcəyik. Güclü dövlətimiz bu münaqişənin həllində öz sözünü deyəcək və

Azərbaycan Ordusu bir daha demək istəyirəm ki, Ali Baş Komandanın əmrini icra edəcəkdir.

Eşq olsun, Azərbaycan Ordusuna!

Yaşasın, Azərbaycan!

X X X

Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başladı.

Meydana əvvəlcə Azərbaycan Respublikasının dövlət bayrağı gətirildi.

Uzun illərdən sonra ulu öndər Heydər Əliyevin yenidən dalğalandırdığı Azərbaycan Xalq Cümhuriyyətinin şanlı üçrəngli bayrağı bu gün də etibarlı əllərdədir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada da dalğalanacaqdır”.

Dövlət bayrağının ardınca quruda, dənizdə və havada müqəddəs Vətənin keşiyini çəkən Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqlarını aparan hərbçilər addımlayırdılar.

Azərbaycan əsgəri şücaət və rəşadət rəmzi olan bu bayraqlar altında daha böyük qələbələr qazanmaq əzmindədir.

Sonra ümummilli lider Heydər Əliyevin 42 il öncə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik məktəblərinin kursantları tribunanın önündən vüqarla keçdilər.

Onların ardınca cəbhə bölgələrindəki hərbi birlikləri təmsil edən motoatıcılar addımlayırdılar. Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə orden və medallarla təltif olunmuş döyüşçülərimiz onların sıralarında idi.

Doğma Azərbaycanımızın qorxmaz, igid övladları – Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları, Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da nizami addımlarla tribunanın önündən keçdilər.

Azadlıq meydanındakı hərbi paradda mətin addımlarla Ali Baş Komandanın qarşısından keçən igidlərimiz ötən qısa müddətdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan inkişafı əyani nümayiş etdirdilər. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Milli Ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır.

Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etməyə hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur.

Daha sonra müqəddəs Azərbaycan bayrağı altında hərbi texnikanın keçidi başladı.

Azadlıq meydanına əvvəlcə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulmuş, üzərində müxtəlif silah sistemləri quraşdırılmış “Gürzə”, “Bəbir” və “Əqrəb” xüsusi avtomobilləri daxil oldu.

Onların ardınca meydandan üzərində müxtəlif çaplı pulemyotlar quraşdırılmış “Land Rover” avtomobilləri, döyüş zamanı şəxsi heyətin daşınması və yüngül zirehli texnikaların, sığınacaqlardakı canlı qüvvələrin, eləcə də zirehli texnikaların məhv edilməsi üçün nəzərdə tutulmuş “Kobra” yüngül zirehli döyüş maşınları, şəxsi heyətin döyüş meydanında daşınmasını təmin edən transportyorlar, ZPT, “Storm-Sofa” markalı zirehli maşınlar və 107 millimetrlik reaktiv buraxıcı qurğular keçdi.

Ölkəmizdə istehsal olunan “Şahin” və “Qaranquş” pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurdu. Bu aparatlar düşmənin taktiki dərinliklərində kəşfiyyat aparılması üçün istifadə edilən ən müasir və səmərəli texnikadır. Həmin aparatlar ən geniş ərazilərdə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verir.

Sonra meydandan Azərbaycanın müdafiə sənayesinin istehsalı olan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Maral” və “Maral-1” zirehli döyüş maşınları keçdi. Düşmənin canlı qüvvə və hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulmuş bu maşınlar yüksək keçid manevrinə malikdir.

Zirehli döyüş maşınlarının ardınca meydana “Gürzə” haubitsaları, ilk dəfə hərbi paradda nümayiş etdirilən “SANİ” minaatan sistemləri, eləcə də “Cardom” tipli özüyeriyən minaatanlar, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin istehsalı olan 82 millimetrlik minaatanlar daxil oldu.

Ən müasir reaktiv yaylım atəş sistemləri, “Sakarya”, “Qrad-1M”, “Leysan”, “Ekstra”, “Smerçlər”, “Toçka-U” raket kompleksləri tribunanın önündən keçdi. Bu raket kompleksləri ən uzaq dərinlikdə günün istənilən vaxtında düşmənin hərbi təyinatlı strateji obyektlərinə tələfat vermək üçün nəzərdə tutulmuşdur.

Sonra Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş texnikaları meydana daxil oldu.

Azərbaycanda yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində “Kaman-2T” zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş “Qalxan” zenit-raket kompleksinin hədəfi məhvetmə zonasının uzaq məsafəsi 250 kilometrdir. “S-300-Favorit” zenit-raket kompleksi sonuncu və ən müasir radar sistemidir. Bu radar sistemi eyni anda 115 müxtəlif hədəfi müşahidə etməyə qadirdir. S-300 PMU-2- “Favorit” zenit-raket sisteminin məhvetmə zonasının məsafəsi isə hədəflərə qarşı 200 kilometrdir.

Azərbaycanda modernləşdirilmiş yüksək döyüş qabiliyyətinə malik, hədəf üzrə ikikanallı “OSA-AK” mobil, avtonom, yaxın məsafəli zenit raket kompleksinin məhvetmə zonasının uzaq məsafəsi 12, hədəfləri vurmaq hündürlüyü 7 kilometrə qədər artırılmışdır. “BUK-1MB – 569” zenit-raket kompleksi ilk dəfə olaraq Azadlıq meydanında təqdim edilir. Bu kompleks bütün növ döyüş fəaliyyətlərində, həmçinin mühüm hərbi və iqtisadi geniş hündürlük diapazonunda qorunması, uçan pilotlu, pilotsuz hava hücumu vasitələri, qanadlı və ballistik raketləri məhv etmək üçündür.

Daha sonra yüksək atış sürətinə malik top və tank əleyhinə idarəolunan raket sistemi ilə silahlanmış “BMP-2” piyada döyüş maşınları, Azərbaycanda modernləşdirilmiş, atəşi və döyüşü idarəetmə sistemləri xeyli təkmilləşdirilmiş “T-72M-1” tankları, piyadaların ən müasir və güclü döyüş maşını “BMP-3”lər tribunanın önündən keçdi. “T-90S” tankları, “TOS-1A” ağır odatan sistemləri, “MSTA-S” özüyeriyən artilleriya haubitsaları hərbi paradda ilk dəfədir iştirak edir. “TOS-1A” qurğusu yaylım atəşlə 4 hektar ərazidə hər cür hədəfi məhv etmək imkanına malikdir.

Ağır artilleriyanın keçidi “Qvozdika”, “Akasiya” özüyeriyən haubitsalarının və postsovet məkanında ən nəhəng, uzaqvuran və strateji təyinatlı silah olaraq hazırda Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında mövcud olan özüyeriyən “Pion” topları ilə başa çatdı.

Ölkəmizin müdafiə potensialının əsaslı şəkildə möhkəmləndirilməsində Müdafiə Sənayesi Nazirliyinin yaradılması da mühüm rol oynamışdır. Qısa müddətdə rəqabətə davamlı müdafiə sənayesini formalaşdıran Azərbaycan artıq NATO standartları səviyyəsində məhsullar istehsalını qaydaya salır və beynəlxalq müdafiə sənayesi sərgilərində uğurla təmsil olunur. Hərbi paradda nümayiş etdirilən texnikalar ən müasir elmi-texniki yeniliklər səviyyəsindədir və istənilən döyüş tapşırığını dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir.

Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə məxsus 40-dək gəmi hərbi reyddə sıralanmışdı.

Digər qoşun növləri kimi, Hərbi Dəniz Qüvvələri də məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində formalaşmış və müasir nizami qüvvəyə çevrilmişdir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qarşısında Xəzər dənizinin Azərbaycana aid hissəsində dövlətimizin maraqlarını qorumaq vəzifəsi durur. Hərbi Dəniz Qüvvələri Xəzər dənizinin Azərbaycan sektorunda əlverişli əməliyyat rejiminin saxlanılması üzrə əməliyyat planlarını mütəmadi olaraq təkmilləşdirir, döyüş hazırlığının keyfiyyətini yüksəldir. Artıq müasir standartlara cavab verən hərbi donanmamız formalaşdırılmış və peşəkar kadrlar yetişdirilmişdir. Hərbi Dəniz Qüvvələri istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu hərbi paraddakı xüsusi əhval-ruhiyyəni daha da gücləndirdi. Hərbi paradda 100-dən çox, o cümlədən döyüş, təlim-məşq təyyarələri və vertolyot iştirak edirdi.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli vertolyotun Azərbaycanın dövlət bayrağını aparması açdı. Uçuş nümayişini “L-39” təlim-məşq, modernləşdirilmiş “MiQ-29” qırıcı-bombardmançı, “SU-25” hücumçu təyyarə qrupları davam etdirdi.

Sonra milli şahinlərimiz “Mi-17” və “Mi-24” vertolyotlarını da məharətlə idarə edərək, yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik olduqlarını bir daha təsdiqlədilər. Yeni istehsal olunan və hərbi paradda ilk dəfə iştirak edən, gecə və gündüz ən mürəkkəb hava şəraitində uçmağa qadir “Mi-35M” döyüş-hücum vertolyotları qrupu da Azadlıq meydanı üzərindən keçdi.

Azərbaycanın milli şahinlərinin məharətlə idarə etdikləri “SU-25” hücumçu təyyarə qrupu səmada Azərbaycan bayrağının üzərindəki üç rəngin təsvirini yaratdı.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş təntənəli hərbi paradın bu cür rəmzi sonluqla başa çatması müqəddəs bayrağımızın tezliklə işğaldan azad ediləcək Vətən torpaqlarında əzəmətlə dalğalanacağına olan ümidlərimizi daha da artırdı, xalqımızın bu yolda dönməzliyini və qətiyyətini, ordumuzun güc və qüdrətini növbəti dəfə təcəssüm etdirdi. 

SƏNƏDLƏRSərəncamlar16 yanvar 2021
15:45
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Lotereyaların və idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni ...

16 yanvar 2021, 15:45
SƏNƏDLƏRSərəncamlar15 yanvar 2021
18:01
“Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Əra...

15 yanvar 2021, 18:01
SƏNƏDLƏRFərmanlar15 yanvar 2021
18:00
“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş əra...

15 yanvar 2021, 18:00
SƏNƏDLƏRSərəncamlar13 yanvar 2021
19:05
Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi mə...

13 yanvar 2021, 19:05