İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak etmişdir

01 oktyabr 2010, 17:12
İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak etmişdir

Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Universitetin kollektivi dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladı. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan Azərbaycan Tibb Universitetinin keçdiyi yol da səhiyyəmizin inkişafı baxımından mühüm mərhələdir. Prezident İlham Əliyevin Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının tikilməsi ilə bağlı 2007-ci il sentyabrın 11-də imzaladığı Sərəncam və bir neçə gündən sonra da həmin klinikanın təməlqoyma mərasimində iştirakı bir daha göstərdi ki, dövlətimizin başçısı milli səhiyyənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu məsələdə Heydər Əliyev Fondunun fəaliyyəti də geniş maraq doğurur. Azərbaycanda səhiyyənin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ana və uşaq sağlamlığının qorunması, talassemiyadan əziyyət çəkən körpələrin müalicəsi, bütövlükdə səhiyyəmizin inkişafı ilə bağlı həyata keçirdiyi geniş fəaliyyət proqramı ölkəmizdə səhiyyə sisteminin inkişafında əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər əhalinin sağlamlığının qorunması, gənc nəslin fiziki tərbiyəsi və sağlam böyüməsi işinə mühüm töhfələr verir.

Bu il həm də Azərbaycan Tibb Universitetinin fəaliyyətə başlamasının 80 ili tamam olur. Ölkədə yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında müstəsna xidmətləri olan universitet ötən dövrdə şərəfli yol keçmişdir. Bu ali təhsil ocağı dünya tibb elminə Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Zərifə xanım Əliyeva, Abdulla Qarayev, Mirməmməd Cavadzadə, Adilə xanım Namazova, Cəmil Əliyev, Əhliman Əmiraslanov və onlarla məşhur simalar bəxş etmişdir. Böyük tarixi ənənələrə malik olan Azərbaycan Tibb Universiteti bu gün də məhsuldar dövrünü yaşayır. Ötən müddətdə səhiyyəmizə 65 mindən çox həkim və əczaçı kadr bəxş edən universitet xeyli böyümüşdür. İndi bu ali təhsil ocağında 7 fakültə, 3 klinika, 9 dekanlıq, 14 şöbə, 74 kafedra, 11 kurs, 6 tədris korpusu və digər elmi tədqiqat və tədris mərkəzləri daxildir. Prezident İlham Əliyevin ölkədə səhiyyə sahəsində xidmətlərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2010-cu aprelin 28-də imzaladığı Sərəncam da bu ali təhsil ocağına dövlət səviyyəsində verilən dəyərin təzahürüdür. Dövlətimizin başçısı universitetin inkişafını, onun maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqətdə saxlayır.

Klinikanın foyesində ulu öndər Heydər Əliyevin “Azərbaycan Tibb Universiteti Azərbaycan Respublikası və xalqı qarşısında böyük xidmətlər göstərmişdir” kəlamı yazılmış lövhə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ATU-da keçirilən tədbirlərdə iştirakını əks etdirən fotostend vardır.

Bina ilə tanışlıq zamanı universitetin rektoru, akademik Əhliman Əmiraslanov məlumat verdi ki, tədris-terapevtik klinika elmi tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən nadir universitet klinikasıdır.

Tamamilə kompyuterləşdirilmiş klinikada terapevtik, pediatrik və nevroloji xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, reabilitasiyası nəzərdə tutulur. Bunun üçün klinikada dünyanın aparıcı şirkətlərinin istehsalı olan angioqrafiya, kompyuter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mamoqrafiya, hemodializ, qaraciyərin və böyrəklərin birbaşa punksion biopsiyası aparatları, eləcə də klinik biokimyəvi, immunoloji tədqiqatların zəncirvarı protez reaksiyaları, genetik müayinələri aparmaq üçün laboratoriya avadanlığı istifadəyə verilmişdir. Reanimasiya və intensiv terapiya şöbəsi ən müasir süni tənəffüs aparatları ilə təchiz olunmuşdur. Avadanlığı yerli “ARASH Medical” şirkəti quraşdırmışdır.

Ümumi sahəsi 25 min kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq stasionar şöbələrə və məsləhət-diaqnostika şöbəsinə malik klinikada hər gün stasionar müalicə alan 400 xəstədən başqa, gündə 300-350 xəstəyə ambulator yardım göstərilməsinə şərait yaradılmışdır.

Diqqətə çatdırıldı ki, belə bir klinikanın yaradılması zərurəti universitetin klinik fənlər tədris edilən kafedralarının çoxunun Bakının müxtəlif rayonlarının ərazisindəki xəstəxanalarda yerləşməsi ilə bağlı idi. Bu, tədris prosesinin təşkilinə mənfi təsir göstərməklə yanaşı, bir sıra başqa narahatlıqlara da səbəb olurdu. Həmin kafedraların vahid mərkəzdə cəmləşməsi isə, ilk növbədə tədrisin keyfiyyətini və maddi-texniki təminatını yaxşılaşdırmağa imkan verəcək, elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradacaqdır. Burada 15 klinik kafedra yerləşmişdir. Eyni vaxtda 2140 tələbə yeri olan 8 mühazirə zalı, 70-ə qədər dərs otağında universitetin 3-cü və 4-cü kurs tələbələrinə terapiya, pediatriya, ailə təbabəti, nevrologiya, klinik farmokologiya, fizioterapiya, şüa diaqnostikası və klinik biokimya fənləri tədris olunacaqdır. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksəkixtisaslı kadrların hazırlanması həyata keçiriləcəkdir.

Klinikanın 204 kompyuteri, 16 modul və PAKS sistemini özündə birləşdirən şəbəkə bütün tibbi sənədləşmə prosesini sürətlə icra etmək, arxivləşdirmək, statistik işləmək, görüntüləri və laborator müayinələrin nəticələrini müalicə həkimlərinə, eləcə də dünyanın hər hansı ölkəsindəki mütəxəssisə ötürmək imkanına malikdir. Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə videoəlaqə quraraq müzakirələr aparıb, məsləhətlər almaq mümkündür. Bütün tədris otaqları, iş kabinetləri, palatalar sürətli internet xəttinə qoşulmuşdur. Tədris prosesinin əyaniliyini artırmaq məqsədi ilə 18 mürəkkəb xəstəliyi və onların çoxsaylı fəsadlaşmalarını modelləşdirmək imkanına malik Tibbi Treninq Mərkəzi yaradılmışdır.

Bildirildi ki, hazırda universitetin cərrahiyyə klinikasının tikintisi davam etdirilir və yaxın vaxtlarda inşaat işləri başa çatacaqdır.

Dövlət başçısı və xanımı şüa-diaqnostika, intensiv terapiya və uşaq şöbələrində, palatalarda, Tibbi Treninq Mərkəzində, kompyuter və konfrans zallarında yaradılmış şəraitlə tanış oldular.

Sonra Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV təhsil ocağının kollektivini təbrik edərək dedi:

- Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb Universitetinin yeni terapiya korpusunun açılışı çox gözəl və əlamətdar hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.
Üç il bundan əvvəl - 2007-ci ilin sentyabrında burada bu gözəl binanın təməl daşını qoyduq. Mən əmin idim ki, qısa müddət ərzində və böyük keyfiyyətlə yeni gözəl xəstəxana, eyni zamanda, tədris mərkəzi yaradılacaqdır. Belə də oldu. Bu gün bu korpusla tanış olarkən bir daha gördüm ki, bizim tərəfimizdən qəbul edilmiş qərar çox düzgün qərar idi, vaxtında atılmış addım idi. Biz bu gün gözəl tibb ocağının açılışında görüşürük. Burada həm müalicə, həm diaqnostika, eyni zamanda, tədris prosesinin yüksək səviyyədə təşkili üçün ən qabaqcıl texnologiyalar, avadanlıq və bütün müasir imkanlar vardır. Eyni zamanda, bütün işlər böyük zövqlə, keyfiyyətlə görülüb və burada tələbələrin oxuması, müəllimlərin işləməsi üçün bütün şərait yaradılıbdır. O da çox vacibdir ki, artıq tələbələr şəhərin müxtəlif yerlərinə getməyə məcbur olmayacaqlar. Burada 15 kafedra fəaliyyət göstərəcək və beləliklə, tədris prosesinin daha da səmərəli aparılması üçün yaxşı imkanlar vardır.

Atılan bu addım Azərbaycanda səhiyyə sahəsində görülən işlərin bir nümunəsidir. Belə işlər çoxdur və bildiyiniz kimi, son illərdə həm Bakıda, həm də ölkəmizin müxtəlif yerlərində yeni, müasir tibb mərkəzləri yaradılıbdır. Hər bir bölgədə həm müalicə-diaqnostika mərkəzləri, rayon, şəhər xəstəxanaları tikilir və təmir olunur. Yəni, biz bu sahəyə çox böyük diqqət göstəririk. Çünki insanların sağlamlığı bizim üçün əsas məsələdir. Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar vardır və dövlət öz tərəfindən bu sahəyə böyük investisiyalar qoymaqla bu vacib missiyanı yerinə yetirir.

Əlbəttə, öz növbəsində, həkimlər də elə etməlidirlər ki, xəstələrə lazımi səviyyədə xidmət göstərilsin. Azərbaycanda ən qabaqcıl təcrübə tətbiq olunmalıdır. Həkimlər öz biliklərini, peşəkarlığını daim artırmalıdırlar ki, dünyanın aparıcı ölkələrində mövcud olan bütün texnoloji proseslər Azərbaycanda da tətbiq edilsin. Yəni, təkcə gözəl klinikaların tikilməsi ilə işimiz bitmir. Əsas odur ki, bu gözəl şəraitdən səmərəli istifadə olunsun və xəstələrə lazımi səviyyədə tibbi xidmət göstərilsin.

Azərbaycan dövləti isə bundan sonra da səhiyyə məsələlərinin həlli üçün səylərini davam etdirəcəkdir. Bütün lazımi proqramlar da, iqtisadi inkişaf sayəsində əldə edilmiş maddi resurslar da vardır. Hər il Azərbaycanın dövlət büdcəsində səhiyyə məsələlərinin həlli üçün kifayət qədər vəsait ayrılır.

Mən xatırlayıram, üç il bundan əvvəl universitetin rektoru məsələ qaldırmışdı ki, eyni zamanda, cərrahiyyə korpusunun tikintisinə də ehtiyac vardır. Bu məsələyə də müsbət reaksiya verildi və artıq gözəl cərrahiyyə korpusu tikilir. Ümid edirəm ki, yaxın zamanlarda yeni açılışda biz sizinlə görüşəcəyik. Bir sözlə, şəhərimizin bu hissəsi bir növ gözəl, müasir tibb şəhərciyinə çevrilir. Həm universitetin binaları - yeni korpus, cərrahiyyə korpusu, ondan sonra kliniki xəstəxana - əvvəlki illərdə Semaşko adlandırdığımız o xəstəxana da əsaslı təmir olundu, Səhiyyə Nazirliyi, yəni, böyük və müasir tibb mərkəzinə çevrilibdir. Mən ümid edirəm ki, siz bu gözəl şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz və xəstələrə lazımi səviyyədə kömək göstərəcəksiniz. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.


















 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10