Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01 fevral 2013, 19:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci və 32-ci bəndlərini rəhbər tutaraq, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sistemini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılsın.
2. “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 100 ştat vahidi müəyyən edilsin.
5. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yenidən təşkil olunaraq “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyinə verilsin.
6. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətə verilsin.
7. Müəyyən edilsin ki, “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) alternativ və bərpa olunan enerji mənbələri üzrə kəşfiyyat, işlənmə, enerji istehsalı, nəqli, paylanması, enerji alınması üçün avadanlıq, qurğu və obyektlərin layihələndirilməsi, istehsalı, tikintisi, istismarı və infrastruktur təminatı sahələrində fəaliyyət göstərir.
8. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
8.1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə:
8.1.1. Cəmiyyətin strukturunun, işçilərin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;
8.1.2. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
8.1.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
8.1.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;
8.1.5. Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;
8.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi.
8.2. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
8.2.1. Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona edilən dəyişikliklərin təsdiqi;
8.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
8.2.3. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
9. Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
10.1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı məsələləri bir ay müddətində həll etsin;
10.2. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini bina və zəruri avadanlıqla təmin etsin;
10.3. Cəmiyyətin əmlakı nəzərə alınmaqla, onun nizamnamə kapitalının formalaşdırılması və ilkin mərhələdə saxlanılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin ayrılmasını bir ay müddətində həll etsin;
10.4. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
10.5. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
10.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
10.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
12. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görsün.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04