İlham Əliyev Bakıda görkəmli müğənni Bülbülün abidəsinin açılışında iştirak etmişdir

31 oktyabr 2012, 13:00

Prezident İlham Əliyev Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir.

Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri, xaricdən gəlmiş qonaqlar və müğənninin ailə üzvləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü.

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoydu və çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı


- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar, hörmətli qonaqlar!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan xalqının böyük oğlu Bülbülün abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan dövləti və Azərbaycan xalqı görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə böyük hörmətlə yanaşmışdır. Görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir.

Bülbül böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi idi. Onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir. Əlli ildən çoxdur ki, Bülbül aramızda deyildir. Ancaq xalqımızın qəlbində ona olan sevgi bu gün də yaşayır. Bu sevgi onun istedadına olan məhəbbət, onun nə qədər böyük sənətkar olduğunu bir daha əyani şəkildə göstərir.

Bülbül əsl milli müğənni, milli xanəndə, milli sənətkar idi. Onda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Bülbül, eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün də yaşayır və bir çoxları üçün Koroğlu obrazı məhz Bülbülün obrazı ilə eyniləşdirilir. Gənc nəsil, orta nəsil və yaşlı nəsil təbii ki, Koroğlu haqqında düşünəndə mütləq Bülbülün obrazı yada düşür.

Koroğlu partiyasının ifası demək olar ki, onun opera ifaçısı kimi fəaliyyətinin zirvəsi idi.

Əlbəttə, Bülbülün yaradıcılığı haqqında bir vətəndaş, Azərbaycan xalq musiqisinə bağlı olan bir insan kimi mən öz fikirlərimi bu gün bölüşmək istəyirəm. Doğrudan da, onun təkrarolunmaz səsinin məlahəti unudulmazdır. Onun ifasında səslənən mahnılar ölməz mahnılardır. Artıq əlli il keçdi, bundan sonra da əlli il, yüz il keçəcək və Bülbülün sənəti, onun təkrarolunmaz səsi yaşayacaq və bizim hamımızı sevindirəcəkdir.

Bülbül, eyni zamanda, böyük ictimai xadim, əsl Azərbaycan ziyalısı, öz xalqına, öz milli köklərinə bağlı və həmçinin dünyaya açıq insan idi. O, Azərbaycanın musiqi sənətini sovet məkanında və dünyada təbliğ edirdi. O illərdə xalqımızı dünyaya tanıtdırmaq üçün incəsənət, musiqi, ifaçılıq sənəti, ədəbiyyat yeganə bir vasitə idi. Çünki Azərbaycan müstəqil deyildi və Azərbaycan xalqı, Azərbaycan diyarı haqqında dünyada və sovet məkanında təsəvvürü məhz bizim görkəmli incəsənət xadimləri yaratmışlar. Bülbülün bu istiqamətdəki rolu çox böyük idi.

Bülbülün adı hamımız üçün əzizdir. Onun adı Azərbaycanda əbədiləşdirilib. Bu prospekt onun adını daşıyır. 1982-ci ildə Şuşada və 1983-cü illərdə Bakıda Bülbülün ev-muzeyləri yaradılmışdır. Onun adını daşıyan musiqi məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyini dövlət səviyyəsində qeyd etmək üçün xüsusi tədbirlər planı hazırlanmış və icra edilmişdir. O ildən başlayaraq bu günə qədər beynəlxalq Bülbül müsabiqəsi keçirilir və müsabiqənin iştirakçıları bu gün bizim qonaqlarımızdır.

2007-ci ildə artıq mənim Sərəncamımla Bülbülün 110 illik yubileyi münasibətilə dövlət tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Bu il Bülbülün 115 illik yubileyi qeyd olunur. Bu gün isə onun abidəsi şəhərimizin mərkəzində, onun yaşadığı evin yaxınlığında ucaldılıb. Bu, əlbəttə, Azərbaycan xalqının və dövlətinin onun xatirəsinə olan münasibətidir, eyni zamanda, bu, Azərbaycan mədəniyyətinə, görkəmli şəxsiyyətlərin xatirəsinə olan böyük ehtiramın əlamətidir.

Bülbül ölkəmizin gözəl diyarında – Qarabağda dünyaya gəlmişdir, Şuşada doğulmuşdur. Qarabağın gözəl təbiəti, havası, bulaqları, gözəl mənzərələri ona güc, ilham verirdi. Onun təkrarolunmaz səsi məhz Qarabağ diyarının sərvətlərindən, nemətlərindən qaynaqlanırdı.

Onun doğulduğu Şuşa şəhəri 20 ildən artıqdır ki, erməni işğalı altındadır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti törədilmişdir. Bu etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı soyqırımı törədilmişdir. Xocalı soyqırımı ki, artıq dünyanın üç ölkəsi bunu soyqırımı kimi rəsmən tanımışdır və bu proses davam etdirilir.

Eyni zamanda, bizə qarşı mədəni soyqırımı törədilmişdir. Bizim dini, tarixi, mədəni abidələrimiz dağıdılmışdır. Onların içində Bülbülün, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Şuşadakı büstləri erməni güllələri ilə deşik-deşik edilmişdir. O büstlər bu gün İncəsənət Muzeyində saxlanılır. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Bülbülün Şuşadakı evi yarıdağılmış vəziyyətdədir.

Yəni, bu, böyük faciədir, böyük dərddir. Ancaq mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edəcəkdir. Bunu deməyə əsas verən müxtəlif amillər vardır. İldən-ilə artan gücümüz, qüdrətimiz, beynəlxalq müstəvidə artan təsir imkanlarımız, beynəlxalq aləmin Azərbaycanın haqq işinə dəstək olması, beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyini dəstəkləməsi və əlbəttə, bizim iqtisadi qüdrətimiz qələbə gününü yaxınlaşdırır. Mən əminəm ki, yaxın zamanlarda biz qələbə gününü qeyd edəcəyik.

Əlbəttə, bütün dünya ictimaiyyəti çalışır ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Ancaq eyni zamanda, biz istənilən varianta da hazırıq. Heç vaxt imkan vermərik ki, qədim Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın və mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ondan sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin abidələri yenə də Şuşada qoyulacaqdır. Əminəm ki, biz o abidələrin açılışında iştirak edəcəyik, və Xankəndidə, Şuşada Azərbaycanın milli bayrağı qaldırılacaqdır.

Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Bülbülün ailəsini, onun yaxınlarını, bütün musiqi ictimaiyyətini bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad BƏDƏLBƏYLİ çıxış edərək dövlətimizin başçısının xalqımız üçün ən ağrılı problem olan Dağlıq Qarabağ məsələsi və Bülbülün dünyaya göz açdığı Şuşa ilə bağlı çox dəyərli fikirlər söylədiyini vurğuladı.

Fərhad Bədəlbəyli Bülbüllə bağlı xatirələrdən danışaraq dedi:

- Bülbül həqiqətən Azərbaycan üçün çox əziz bir insan idi. Bu küçələrdə gəzərkən ona hamı ehtiramla “Salam, professor” deyirdi. Onu hamı - taksi sürücüsü də, akademik də, kolxozçu da çox sevirdi. Onu bütün millət sevirdi.

Burada Ada xanım əyləşib, mən onun qonaqpərvərliyi haqqında danışmaq istərdim. Bülbülün evi bu yaxındadır. Həmişə Ada xanım gözəl süfrə açırdı. Böyük ifaçılar Bakıya gələrkən hər bir konsertdən, hər bir tamaşadan sonra Bülbülün evi bir kluba çevrilirdi. Mən də, Polad da o vaxt on yaşında uşaq idik. Xoşbəxt idik ki, bu ev bizim ikinci universitet, ikinci konservatoriya idi.

Çünki orada dahi insanlar toplaşırdı.

Bülbül, əlbəttə, bizim Bakı Musiqi Akademiyamız üçün, - onda Konservatoriya idi, - çox önəmli bir insan idi. Siz tamamilə doğru dediniz, o, həm də böyük alim idi. Onun kabineti xalq musiqisi kabineti idi. Fikrət Əmirov ilə bu kabinetdə muğam üzərində işləyirdilər. Ona görə Fikrət Əmirov simfonik muğamları yazdı. Bu cür çox misal çəkmək olar. Əlbəttə, Koroğlu obrazı həmişə yaşayacaqdır.

Fərhad Bədəlbəyli Bülbülün İtaliyada təhsil almasının onun yaradıcılığında böyük rol oynadığını qeyd edərək, görkəmli ifaçının milli və Avropa musiqi dəyərlərini özündə ehtiva etdiyini xüsusi vurğuladı. Bakı Musiqi Akademiyasının rektoru Azərbaycan musiqi sənətinin inkişafına verdiyi böyük dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Çünki il ərzində Bakıda musiqi sənəti ilə bağlı çox hadisələr olub. Bülbülün adını daşıyan müsabiqə, Qəbələ, Şəki festivalları, caz, muğam festivalları, Rostropoviç adına festival. Bizim qonaqlarımız deyir ki, biz iki il bundan əvvəl Bakıda olmuşuq, indi Bakını tanımadıq. Bakı belə inkişaf edib.

Buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim cənab Prezident. Sizinlə bir yerdə, inşallah Şuşada muzeyin açılışında iştirak edəcəyik.

X X X

Xalq Artisti Arif BABAYEV çıxış edərək dedi: 

- Hörmətli Bülbül səsini sevənlər!

Bu gün doğrudan da, böyük bir bayramdır. Azərbaycanın böyük xanəndəsinin, vokalistinin heykəlinin açılışıdır. Bizim hamımızın, bütün Azərbaycan xalqının böyük bayramıdır.

Bülbül hamı tərəfindən - nəinki Azərbaycanda, xarici ölkələrdə də sevilən sənətkar idi. Mən xarici ölkələrdə olanda da görmüşəm ki, onun lent yazılarını necə əzizləyirlər, necə qoruyurlar.

Bülbülün səsi əvəzolunmaz səsdir. Biz onun sənətini, oxumağını tələbələrimizə aşılayırıq. Tələbələrimizə deyirik ki, böyük Bülbülü dinləyin, onun oxu tərzini öyrənin. Onun hər bir ifası, hər bir xalq mahnısı böyük bir əsərdir. Sevinirik, çox sevinirik ki, biz Bülbül səsindən istifadə edirik. Burada doğru qeyd etdilər, Bülbül həm vokalist, həm xanəndə idi, o kişidə hər şey var idi.

Allah-Təala ona əvəzolunmaz səs bəxş etmişdi.

Bu mərasimin Bülbül sənətinin yaşadılmasına töhfə olduğunu deyən Arif Babayev böyük sənətkarın abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi:

- Bu gün bu gözəl heykəlin açılmasına, bu sevinci bizə bəxş etdiyinə görə biz cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.

Biz sevinirik. Sevinirik ki, Bülbül sənəti vardır və yaşayır. Bülbülün əvəzolunmaz səsi həmişə yaşayacaqdır.

Sağ olun cənab Prezident! Siz ölkədə çox işlər görürsünüz. Siz sənət adamlarına böyük diqqət və qayğı göstərirsiniz.

Azərbaycan mədəniyyətinin xarici ölkələrdə yüksək səviyyədə təbliğ edildiyini bildirən Arif Babayev bu yaxınlarda Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının böyük hadisə olduğunu vurğulayaraq dedi:

- Bu yaxınlarda Fransada nümayəndə heyətinin bir üzvü də mən idim. Orada böyük bir binanın - Azərbaycan Mədəniyyət Mərkəzinin açılması çox böyük bir işdir.

Bu gün böyük bir tarixi hadisədir ki, Bülbülün heykəli onun adını daşıyan bu prospektdə, gözəl Bakının gözəl bir yerində ucaldılıb.

Çox sağ olun cənab Prezident! Allah Sizdən razı olsun!

X X X

Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey LEYFERKUS da mərasimdə çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli cənab nazir, hörmətli Ada xanım!

İlk növbədə icazə verin, gözəl həmkarımız, dünya musiqi mədəniyyətinə və təkcə Azərbaycanın yox, bir sıra ölkələrin incəsənət tarixinə öz töhfələrini vermiş böyük musiqiçinin abidəsinin açılışında iştirak etmək şərəfinə görə Bülbül müsabiqəsinin beynəlmiləl münsiflər heyəti adından təşəkkürümü bildirim. Bülbülü təkcə Azərbaycanda, təkcə Rusiyada deyil, həm də İtaliyada, Fransada, dünyanın bir sıra ölkələrində tanıyırlar. Onu da demək istəyirəm ki, gözəl Bakı şəhərində iyirmidən çox küçəyə görkəmli incəsənət və mədəniyyət xadimlərinin adları verilmişdir. Təəssüf ki, belə bir faktla öyünə biləcək ölkələr və şəhərlər çox deyildir. Azərbaycanda bir sıra istedadlı artistlərə, müğənnilərə, musiqiçilərə, bəstəkarlara abidələr ucaldılmışdır. Bizim kəşməkəşli əsrimizdə bu, bəlkə də çox nadir haldır ki, sənət adamlarına belə gözəl abidələr ucaldılır.

Bilirsinizmi, Siz bu abidəni açanda mənim qəlbim sevinclə döyündü. Ona görə ki, təəssüflə etiraf edək, bu gün Yer kürəsinin çox guşələrində müşahidə edilən adilik fonunda bu abidə, mənim fikrimcə, böyük mədəni dəyərə malik olan ən mühüm sənət nümunələrindən biri olacaqdır.

Sergey Leyferkus Bülbülün abidəsinin yüksək sənət əsəri olduğunu qeyd edərək bu abidənin Bülbül ruhunu dolğun əks etdirdiyini və yaşatdığını vurğulayaraq bildirdi:

- Mən bu mərasimə gələndə xəyalımda belə bir səhnə canlanmışdı. Mən bu barədə Ada xanıma da danışdım. Həmin səhnə belə idi: Bülbül prospektində balaca qız nəvəsi ilə bir baba gəzir. Qız babasından soruşur:

- Baba, bu abidənin üzərində nə yazılmışdır?

Baba cavab verir:

- “Bülbül” yazılmışdır.

- Axı burada adam dayanır, nə üçün “bülbül” yazılmışdır?

Baba cavab verir:

- Ona görə ki, bu adam bülbül kimi oxuyurdu. Hətta bülbüldən də yaxşı oxuyurdu.

Çox sağ olun.

X X X

Daha sonra Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert KÖRNER çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli Ada xanım, Çingiz və Polad!

Bu gün dahi Bülbülün abidəsinin açılışında iştirak etmək mənim üçün böyük şərəfdir.

Bu abidə Azərbaycan xalqının Bülbülə əllə ucaltdığı abidədir. Lakin əllə ucaldılmayan abidə də vardır. Bu, artıq 15 ildir Bülbülün adını daşıyan müsabiqədir. Bu müsabiqə sayəsində Bülbülü Yer kürəsinin bütün guşələrində tanıyırlar. Bu il müsabiqədə iştirak etmək üçün Amerikadan tutmuş Yaponiyayadək 300-dən çox adam arzusunu bildirmişdir.

Mən bu müsabiqənin münsiflər heyətinin işində ikinci dəfə iştirak etmək kimi böyük şərəfə layiq görülmüşəm. Mən bu təklifi məmnuniyyətlə qəbul etdim, çünki Bakı şəhərinin gözəlliyi və bakılıların qeyri-adi qonaqpərvərliyi məni heyran qoymuşdur.

Yəqin ki, Bülbülün özü də xasiyyətcə və mənəviyyatca belə gözəl insan olmuşdur.

Robert Körner Azərbaycanda gənc istedadlı ifaçılarla görüşündən məmnunluğunu ifadə etdi, onların Avropada və dünyada Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ etdiklərini vurğulayaraq bildirdi:

- Mən burada hazırda əməkdaşlıq etdiyim bir çox azərbaycanlı gənc müğənni - Bülbül adına müsabiqənin laureatları ilə tanış olmuşam. Onlar öz ölkəsini Avropada və digər qitələrdə şöhrətləndirirlər.

X X X

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad BÜLBÜLOĞLU dedi: 

- Hörmətli cənab Prezident!

Hörmətli, xanımlar, cənablar!

Hörmətli qonaqlar və əziz dostlar!

Təbii ki, mən çox həyəcanlıyam. İnanın, mən dünyada yüksək kürsülərdən çıxış etmişəm, təcrübəli adamam, amma bu gün o qədər həyəcanlıyam ki, söz tapa bilmirəm öz duyğularımı ifadə edim. Hörmətli Prezidentimiz burada çox gözəl çıxış etdi. Bu məzmunlu çıxışda təkcə Bülbülə deyil, Azərbaycan mədəniyyətinə, Azərbaycan sənətinə, Azərbaycan xalqının nümayəndələrinə çox böyük hörmət vardır. Azərbaycanda çox gözəl bir məsəl vardır. Deyirlər: Ot kökü üstündə bitər.

Sənətkara, sənətə, musiqiyə, incəsənətə hörmətin əsasını bizim unudulmaz liderimiz möhtərəm Heydər Əliyev qoyub. Bu ənənə məhz Heydər Əliyev tərəfindən hələ sovetlər vaxtından başlamışdır.

Burada toplaşanların hamısı bilir ki, sovet vaxtında hər bir addımı gərək Moskva ilə razılaşdıra idin. Amma Heydər Əliyev heç kəsdən soruşmamış bizim böyük şəxsiyyətlərə ev muzeyləri yaratdı. O vaxt sovetlərdə bu, görünməyən bir iş idi. Birinci muzey Üzeyir bəyin muzeyi idi. Sonra böyük şairimiz Səməd Vurğunun muzeyi açıldı. Daha sonra böyük dramaturqumuz Cəfər Cabbarlının muzeyi yaradıldı. Bunun ardınca Bülbülün muzeyi açıldı. Mən Bülbülün oğlu kimi, atamın ev muzeyinin və digər muzeylərin məhz ulu öndərin böyük diqqəti, qayğısı, onun bilavasitə nəzarəti və tapşırığı ilə açıldığını yaxşı bilirəm. O vaxtı bizə Ukraynadan, Moskvadan məktublar gəlirdi. Soruşurdular ki, bir ifaçının, müğənninin ev muzeyi necə açılıb?! Bu, ümumiyyətlə Sovet İttifaqında muzey işində yeni bir istiqamət idi.

Burada hörmətli Prezidentimiz dedi ki, Bülbülün 100 illiyində böyük öndərimiz xüsusi bir Sərəncam imzaladı və o Sərəncamla bu müsabiqənin əsası qoyuldu. 1997-cı ildən - artıq 15 ildir ki, bu beynəlxalq müsabiqə keçirilir. Artıq 6-cı dəfədir ki, bu beynəlxalq müsabiqə təşkil olunur. Burada deyildi ki, bu dəfə müsabiqədə Amerikadan tutmuş Yaponiyaya qədər iştirak etmək istəyənlər vardır. Bu müsabiqədə beynəlxalq münsiflər heyəti fəaliyyət göstərir.

Mən bir xırda məsələni də deyim, bəlkə bunu deməməliyəm. Amma bir insan kimi deyəcəyəm. Dünən cənab Prezident xüsusi tapşırıq verib ki, Poladın anası yaşlı adamdır və orada mütləq yaşlı insanlar olacaq, stullar qoyun ki, onlar əyləşsinlər. Çox sağ olun, cənab Prezident! Mən Sizə 90 yaşında anamın, bütün musiqiçilərin adından minnətdarlığımı bildirirəm. Siz burada Qarabağ haqqında danışdınız. Qarabağlıların adından, - icra başçısı da, Şuşanın ziyalıları da buradadır, - Sizə dərin təşəkkürümüzü bildiririk. Ona görə ki, bu, ancaq Bülbülün deyil, bu, bir Qarabağ oğlunun, Qarabağ musiqiçisinin, Qarabağ səsinin abidəsidir. Bu gün bizim xalqımız üçün bu, çox vacibdir, çox önəmlidir.

Bir sirri də açım ki, bu yeri məhz cənab Prezident özü seçib. Deyib ki, burada yaxşı olar! Doğrudan da, bura Bülbülün abidəsi üçün çox münasib yerdir. Üzbəüzdə Opera Teatrıdır. Bülbül 40 ildən çox Opera Teatrına gedib-gəlib. Qarşımızda Gənclər Teatrıdır. Yaxınlıqdakı bu evdə böyük bəstəkarımız Qara Qarayev, böyük dirijorumuz Niyazi yaşayıb. Bizim evdə böyük simalar - Məmməd Səid Ordubadi, Süleyman Rüstəm, Mirzə İbrahimov, Qəmər Almaszadə, daha kimlər, kimlər yaşayıb. Şəhərin bu yerində belə bir mühit var idi. Bu gün Fərhad çox gözəl dedi. Onlar bu küçələrdə gəzirdilər. Qonşumuz olan Niyazi bizə gələrdi, atam onlara gedərdi. Bilirsiniz, o vaxt indiki kimi mobil telefon yox idi. Kim-kimi tapmaq istəyirdisə axşamlar bu küçəyə çıxardı. Bu küçədə kimi istəsən tapmaq mümkün idi. Doğrudan da bu, sanki həmin tarixin qorunub saxlanmasıdır. Mən belə hesab edirəm. Əgər doğrudan da bunların hamısı varsa, bu gün Bülbülün, Üzeyir bəyin, bu böyük insanların ruhu şad olmalıdır. Ona görə ki, bu gün bizim Prezidentimiz onlara böyük hörmət, böyük ehtiram bəsləyir. Bu adların yaşaması, tarixdə qalması üçün çox işlər görür. Mən onu da demək istəyirəm ki, cənab Prezident, bu gün bu mərasimdə iştirak edən qonaqlarımız Bakıya valeh olublar.

Polad Bülbüloğlu Şuşada gülləbaran edilmiş abidələrin vaxtilə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə göstərişi və köməyi ilə Bakıya gətirildiyini vurğuladı, bu abidələrin yenidən Şuşaya qayıdacağına inamını ifadə etdi.

X X X

Sonra Prezident İlham Əliyev Bülbülün ailə üzvləri və mərasimdə iştirak edən qonaqlarla xatirə şəkli çəkdirdi. 

Dövlətimizin başçısı Bülbülün ailə üzvləri, mərasimə gələn mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdi.

X X X

Qeyd edək ki, qeyri-adi dərəcədə məlahətli səsinə görə xalq tərəfindən Bülbül adı verilən görkəmli Azərbaycan musiqiçisinin abidəsinin müəllifi heykəltəraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidənin Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında ucaldılması xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində atılan mühüm addımlardan biridir.

SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
16:02
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixl...

17 noyabr 2018, 16:02
SƏNƏDLƏRSərəncamlar17 noyabr 2018
11:05
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1258-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikas...

17 noyabr 2018, 11:05
SƏNƏDLƏRQanunlar17 noyabr 2018
10:30
“Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medalla...

17 noyabr 2018, 10:30
SƏNƏDLƏRFərmanlar16 noyabr 2018
22:39
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD n...

16 noyabr 2018, 22:39