Diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində İlham Əliyevin nitqi

21 sentyabr 2012, 15:10
Diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində İlham Əliyevin nitqi

-Hörmətli səfirlər.

Xanımlar və cənablar.

Əziz qonaqlar.

Bu gün ölkəmizin tarixində çox gözəl və əlamətdar bir gündür. Diplomatik Akademiyanın yeni binasının açılışını qeyd edirik. Eyni zamanda, ənənəvi olaraq səfirlərlə müşavirəni açırıq.

Diplomatik Akademiyanın yaradılması ölkəmizin tarixində çox əlamətdar bir hadisə idi. Çox şadam ki, qısa müddət ərzində Akademiya sürətlə inkişaf etmiş, ölkədə, regionda və dünyada böyük nüfuz qazanmışdır. Bu gün peşəkar kadrların hazırlanması işində Akademiyanın fəaliyyəti gözəgörünəndir. Əminəm ki, gələcək illərdə Akademiya öz fəaliyyətini daha da genişləndirəcəkdir.

Bu gün biz Akademiyanın rektoru ilə bu barədə söhbət etdik.

Akademiya üçün gözəl bina tikilmişdir. Deyə bilərəm ki, son illər ərzində təhsil sahəsində tikilən binaların içində öz gözəlliyi, dizaynı, funksional tərəfləri ilə seçilən bir binadır. Burada əlbəttə ki, oxumaq, çalışmaq üçün bütün şərait vardır. Əminəm ki, burada oxuyan və oxuyacaq gənclər gələcəkdə Azərbaycanın milli maraqlarını şərəflə müdafiə edəcəklər.

Akademiyanın inkişafı ilə bağlı yeni təkliflər, yeni planlar vardır. Hesab edirəm ki, biz bu bazada Akademiyanın fəaliyyətini, istiqamətlərini, çoxşaxəli funksiyalarını daha da genişləndirməliyik.

Təsadüfi deyildir ki, səfirlərlə ənənəvi müşavirə məhz yeni binada keçirilir. Bu binada birinci tədbir bu mövzu ilə bağlıdır. Bu da təbiidir. Çünki Azərbaycanın xarici siyasəti çox çevikdir, dinamikdir, sürətlə inkişaf edəndir və ölkəmizə böyük uğurlar gətirən xarici siyasətdir.

Səfirlərlə mənim təmaslarım əlbəttə ki, mütəmadi xarakter daşıyır. Həm onları yeni vəzifəyə təyin edəndə görüşürük, həm vaxtaşırı görüşürük, həm də Xarici İşlər Nazirliyi vasitəsilə bütün müvafiq göstərişlər, tapşırıqlar verilir. Bir sözlə, indi bizim dünyadakı səfirliklərimizin sayı sürətlə artmaqdadır. Əlbəttə, bu, bizim xarici siyasətdəki uğurumuzu şərtləndirən amillərdən biridir. Gələcəkdə biz diplomatik nümayəndəliklərin sayını artıracağıq ki, Azərbaycan öz maraqlarını daha da böyük uğurla müdafiə edə bilsin.

Səfirlər peşəkar diplomatdırlar. Onların arasında gənclər də kifayət qədər çoxdur, təcrübəli diplomatlar da vardır. Onlar öz vəzifə borclarını yaxşı bilirlər və hesab edirəm ki, bütövlükdə öz vəzifə borclarını yaxşı yerinə yetirirlər. Səfirlərin qarşısında duran vəzifələr bəllidir, aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə inkişaf edir, beynəlxalq münasibətlər dəyişir və beynəlxalq aləmdə yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Əlbəttə ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən düzəlişlər etməliyik. Nəzərə almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyən etmişdir. Bu gün bu sahədə və bütün başqa sahələrdə strateji xətt icra edilir.

Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır.

Əgər müstəqillik dövrünə nəzər salsaq görərik ki, bu 20 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni uçurum daha da böyük olmuşdur. Növbəti illərdə bu fərq yalnız və yalnız böyüyəcək və Azərbaycanın üstünlükləri daha da görünəcəkdir.

Diplomatik səylər davam etdirilir. Səfirliklərin bu istiqamətdə fəaliyyəti məqsədyönlüdür. Dünyadakı dostlarımızın, dost ölkələrin sayı artmaqdadır. Beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinə dair ədalətli, yəni, maraqlarımızı təmin edən qətnamələr kifayət qədər qəbul edilmişdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT-in qərarları, digər beynəlxalq təşkilatların - İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının qətnamələri, NATO-nun qərarları, yəni, hüquqi baza kifayət qədər genişdir, möhkəmdir və sarsılmazdır. Münaqişənin həlli üçün ilk növbədə hüquqi baza möhkəm olmalıdır. Bu məsələ ilə bağlı Ermənistanın mövqeləri çox zəifdir, bizim mövqelərimiz isə çox güclüdür.

Mən məsələnin tarixi aspekti haqqında dəfələrlə fikirlərimi bildirmişəm, müvafiq göstərişlər vermişəm, o cümlədən bizim alimlərə ki, məsələnin tarixi aspektinə dair tutarlı arqumentlərlə zəngin yeni kitablar dərc edilsin. Bu istiqamətdə də işlər gedir və araşdırmalarımız, əsərlərimiz həqiqəti əks etdirir, yəni, tarixi həqiqət üzərində qurulmuşdur. Məsələnin tarixi aspekti də çox önəmlidir. Çünki uzun illər ermənilər öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy formalaşdırmağa çalışırlar ki, Dağlıq Qarabağ qədim erməni torpağıdır və erməni xalqı əsrlər boyu bu torpaqda yaşamışdır. Bunlar tamamilə yalan, təhrif edilmiş məlumatlardır. Hazırda biz bu yalanları ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni zamanda, münaqişənin həlli üçün tarixi bazanı da möhkəmləndiririk.

Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni, xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və bundan sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik.

Məsələnin digər tərəfləri də münaqişənin həlli üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə, iqtisadi məsələlər. Bu gün Ermənistan ilə Azərbaycan arasında fərq kifayət qədər böyükdür. Bizim iqtisadiyyat müqayisəedilməz dərəcədə irəliyə gedibdir. Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir. İqtisadi tərəfdaşlarımızın sayı artmaqdadır, ixrac potensialımız artır. İqtisadiyyat artıq çoxşaxəli iqtisadiyyatdır və bu ilin altı ayının yekunları, - doqquz ayın yekunları bu yaxınlarda bəlli olacaqdır, - göstərir ki, qeyri-neft sektorunda artım on faizdən çoxdur.

Yəni, biz istədiyimizə nail ola bilmişik. Enerji resurslarımızdan səmərəli şəkildə istifadə etməklə iqtisadiyyatımızı şaxələndirmişik və bu gün qeyri-neft iqtisadiyyatı uğurla inkişaf edir. Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa Ermənistan iqtisadiyyatı tamamilə çökəcəkdir. Bu yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına görə Ermənistanın ixrac nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları üzə çıxdı. Yəni, qurbağalar, - bəlkə bu auditoriyada bu barədə danışmaq yersiz olar, - amma bu, reallıqdır. Yəni, bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyildir, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcəkdir.

Biz isə uğurla inkişaf edirik. Azərbaycanın dünyadakı nüfuzu artır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz tarixi qələbəmizdir, nəinki diplomatiyada, ümumiyyətlə, deyə bilərəm ki, tarixdə ən böyük siyasi və diplomatik qələbədir. Müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə ölkəmizin uğurlu inkişafını göstərir. Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi tərəfindən Azərbaycan haqqında yanlış rəy formalaşmasında ermənilərə böyük zərbə vura bilmişik. Yəni, biz o rəyi dəyişdirə bilmişik və bu gün 155 ölkə Azərbaycanı dəstəkləyir. Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman mən demişəm ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik və ilk günlərdən bu prinsiplərə sadiqik. Bu gün mənim həmkarlarımla keçirilən görüşlərdə daim bu mövzu haqqında fikir mübadiləsi aparılır. Azərbaycanın ədalətli, cəsarətli mövqeyi daim vurğulanır.

Təhlükəsizlik Şurasında olmağımız bizə imkan verəcəkdir ki, dünyada özümüz haqqında daha da dolğun məlumat verək, özümüzü gənc, dinamik, müasir, inkişafda olan ölkə kimi təqdim edək. Əlbəttə, Ermənistan bu qələbələr qarşısında acizdir, əslində öz məğlubiyyətini etiraf edir. Çünki diplomatlar yaxşı bilirlər ki, Ermənistan da Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etmişdi. Ancaq ondan sonra götür-qoy etdi və anladı ki, onları çox acı və biabırçı məğlubiyyət gözləyir. Çünki Azərbaycan, əlbəttə ki, daha da böyük mövqelərə malikdir. Ermənistan sakitcə bu yarışdan çəkildi. Bütün başqa yarışlardan da çəkilmək zorundadır. Yəni, bizimlə rəqabət aparmaq iqtidarında deyildir. Biz gücümüzü artıracağıq. Yenə də deyirəm, tarixi, hüquqi, iqtisadi amillər bizim mövqeyimizi möhkəmləndirir. Bizimlə dost olmaq istəyən ölkələrin sayı artmaqdır. Mən bu işdə səfirliklərin rolunu yüksək qiymətləndirirəm. Çünki biz xüsusilə son bir neçə il ərzində ikitərəfli formatda, böyük irəliləyişə nail ola bilmişik.

Demoqrafik vəziyyət gələcəkdə, ümumiyyətlə, çox şeyi müəyyən edəcəkdir. Bu amil nədənsə o qədər də nəzərə alınmırdı.

Ancaq biz görürük ki, ölkələrin imkanları da, nüfuzu da, təsir gücü də bir çox hallarda əhalidən, onun sayından asılıdır. Bizdə bu dinamika müsbətdir. Nazirlər Kabinetinin toplantısında mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Biz elə etməliyik ki, Azərbaycan əhalisi daha sürətlə artsın. Əgər Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ ki, qalıbsa, anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Hazırda əgər onlar danışıqlar masasında olan varianta razılıq verərlərsə və işğal edilmiş torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqının gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük təhlükələr gözləyir. Dünya dəyişir, bölgədə gedən proseslər sizə bəllidir. İstisna edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna hazırdır.

Çünki onsuz da biz iyirmi il ərzində təkbaşına mübarizə aparırıq. Bəzi hallarda bizdən qat-qat böyük qüvvələr qarşısında öz maraqlarımızı təmin edirik, heç kimin qarşısından geri çəkilmirik.

Regionda baş verən bəzi son hadisələr onu göstərir ki, bizim maraqlarımızı nəzərə almadan bölgədə siyasi təşəbbüslər icra edilə bilməz. Biz ən böyük sınaqlardan üzüağ çıxmışıq. Hətta bizim mövqeyimizi, necə deyərlər, bölüşməyən və əks mövqedə olan böyük qüvvələr vahid bir mövqe nümayiş etdirərkən, Azərbaycanın mövqeyi imkan vermədi ki, bölgədə bizim maraqlarımıza zidd olan hər hansı bir hadisə baş versin. Yəni, biz təkbaşına mübarizəyə nəinki hazırıq, bu mübarizəni aparırıq, özümüzü dünyada təsdiq edirik, gələcəyimizi özümüz müəyyən edirik. Ermənistan isə aydın məsələdir ki, xarici yardım olmadan ümumiyyətlə, heç bir gələcəyi olmayan ölkədir. Regionda gedən proseslər, bir daha demək istəyirəm, o vəziyyətə gətirib çıxara bilər ki, Ermənistan seçim qarşısında o qədər də böyük seçimə malik olmayacaqdır. Ona görə onların xeyrinədir ki, əsassız iddialardan əl çəksinlər, özlərinə məxsus olmayan torpaqlardan çıxsınlar. O zaman bölgədə sülh, əməkdaşlıq yaranar. O zaman Ermənistan da regional məsələlərə qoşula bilər.

Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik.

Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik.

Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır.

Biz istəyirik ki, məsələ həll olunsun. İstəyirik ki, bölgədə sülh olsun. Bunu vasitəçilər də istəyir. Ancaq bununla bərabər, biz torpaqlarımızı geri istəyirik. Fərq bundan ibarətdir. Nəyin bahasına olursa-olsun, sülh olsun yanaşmasını biz qəbul etmirik. Yəni, məsələnin dondurulması mümkün deyildir. Ermənistan təbii, istəyir ki, məsələ dondurulsun, status-kvo pozulmasın, danışıqlar aparılsın, amma, necə deyərlər, heç bir nəticə əldə edilməsin.

Danışıqlar prosesində bir neçə dəfə hesab edirdik ki, biz artıq razılaşmaya yaxınıq. Ermənistanın riyakar mövqeyi, yalançı vədləri imkan vermədi ki, biz razılaşmaya nail olaq. Yəni, bizim üçün sirr deyildir, Ermənistan çalışır ki, məsələni dondursun, nə qədər mümkünsə məsələni uzatsın.

Həmsədr ölkələrin prezidentlərinin bəyanatları bizi, əlbəttə, ruhlandırır ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq bu bəyanatlardan sonra biz konkret addımlar gözləyirdik. Biz nəhayət gözləyirdik ki, işğalçıya çox ciddi siqnallar veriləcək ki, daha bəsdir, bu torpaqdan çıxmasan Azərbaycan məsələni başqa yolla həll edəcəkdir.

Ona görə daim məsələnin sülh yolu ilə həll edilməsi prioriteti səslənəndə bu, Ermənistana yanlış mesaj göndərir ki, siz narahat olmayın, sülh yolu ilə həll olunacaqdır. Buna görə bu məsələni uzada bilərsiniz. Bu, yanlış yanaşmadır. Mən dəfələrlə bizim tərəfdaşlara bu barədə fikirlərimizi demişəm. Biz də sülh istəyirik, amma bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşlarımız işğal edilmiş torpaqlara qayıtmalıdırlar.

Yəni, bu məsələ bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələdir, milli məsələdir və bundan sonra da biz səylərimizi gücləndirəcəyik. Biz düzgün yoldayıq. Biz hər gün qələbəni yaxınlaşdırırıq. Qələbənin yaxınlaşdırılması üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə diplomatik fəaliyyətlə məşğul olanlar hər gün fəal çalışmalıdırlar.

Xarici siyasətlə bağlı digər mühüm vəzifə, - o da bu məsələ ilə bilavasitə bağlı olan məsələdir, - Xocalı soyqırımını dünyada tanıtdırmaqdır. Mən hesab edirəm ki, biz bu istiqamətdə çox uğurlu siyasət aparmışıq və qısa müddət ərzində üç ölkənin parlamenti Xocalı qırğınını soyqırımı kimi qəbul edib. Artıq başqa ölkələrdə Xocalı abidələri ucaldılır. Ermənilər 50-ci illərdən başlayaraq və əlbəttə ki, diaspor qurumlarının gücü ilə müxtəlif ölkələrdə dırnaqarası erməni soyqırımı məsələsini qaldırmışlar və bəzi ölkələr bunu qəbul edib. Ancaq biz bu məsələ ilə bir neçə ildir ki, məşğul oluruq və artıq gözəl nəticələr vardır. Ona görə mən hesab edirəm ki, bu siyasət davam etdirilməlidir. Bizim səfirlər, səfirliklərin nümayəndələri bu məsələni harada mümkündür qaldırmalıdırlar. Onların, səfirliklərin çalışdıqları ölkələrin qanunvericilik orqanlarında Xocalı soyqırımı məsələsi qaldırılmalıdır.

Çalışmalıyıq ki, bu soyqırımı müxtəlif səviyyələrdə tanınsın. Biz istər regional, istər munisipal, - əlbəttə ki, federal səviyyədə olarsa daha yaxşı olar, - səviyyədə bu işi daim aparmalıyıq. Əldə edilmiş nəticələr əlbəttə ki, bizi ruhlandırır, göstərir ki, bu, mümkündür.

Ümumiyyətlə, ölkəmizin dinamik inkişafı və artıq dünyada Azərbaycan haqqında çox müsbət rəyin formalaşması göstərir ki, mümkündür, çox şey mümkündür. Sadəcə olaraq, işləmək lazımdır, konkret proqram olmalıdır, tapşırıqlar verilməlidir və icra edilməlidir. Ona görə, əminəm ki, gələcəkdə Meksikaya, Pakistana, Kolumbiyaya digər ölkələr də qoşulacaq və Xocalı soyqırımı digər ölkələr tərəfindən tanınacaqdır. Vaxt gələcək bu soyqırımını törədənlər qanun qarşısında cavab verəcəklər.

Xarici siyasətlə bağlı vəzifələr, yenə də deyirəm, səfirlərə bəllidir, aydındır. Bir neçə məsələ haqqında fikirlərimi bir daha demək istəyirəm – biz ikitərəfli formatı gücləndirməliyik. İkitərəfli format bizə böyük uğurlar gətirir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan ilə daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı artır, bizim xarici diplomatiyamız çox fəaldır. Mənim çoxsaylı xarici səfərlərim bu gözəl bazanı möhkəmləndirir və ölkəmizə mənim həmkarlarımın səfərləri və aparılan danışıqlar ikitərəfli formatı gücləndirir. Yəni, bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli əlaqələrdə tərəfdaş ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər formalaşdıra bilmişik. Bu, çox vacibdir.

Bu, belə də olmalıdır. Çünki ikitərəfli formatda bərabərhüquqlu münasibətlər yeganə mümkün olan münasibətlərdir. Bizim yanaşmamız ondan ibarətdir ki, siyasətimiz xoşniyyətlidir, əməkdaşlığa, bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə yönəldilibdir. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulmalıdır. Deyə bilərəm ki, bütün ölkələrlə, - bunu diplomatlar bilir, ictimaiyyət də bilsin, - münasibətlərimiz bax, bu müstəvidə qurulubdur. Ona görə gələcəkdə səfirliklərin sayı artacaq və beləliklə, ikitərəfli format daha da geniş olacaqdır. BMT Təhlükəsizlik Şurasındakı səsvermədə bizi dəstəkləyən 155 ölkə ilə əlbəttə ki, daha da fəal əlaqələr qurmalıyıq. Deyə bilərəm ki, 155 ölkənin heç də hər biri ilə bizim fəal münasibətlərimiz yoxdur, yəni onların bizə dəstək verməsi bir avans idi, biz indi bu münasibətləri möhkəmləndirməliyik.

Qoşulmama Hərəkatında fəaliyyətimiz daha da fəal olacaqdır. Biz bu təşkilata təzə üzv olmuşuq və əgər Qoşulmama təşkilatının qətnaməsinə 120 ölkənin dəstəyini, NATO kimi mötəbər təşkilatın qətnaməsini nəzərə alsaq, - orada da münaqişənin həlli ərazi bütövlüyü prinsipləri əsasında nəzərdə tutulubdur, - görərik ki, dünya birliyinin ən azı dörddə üç hissəsi münaqişənin həllini ərazi bütövlüyü və yalnız ərazi bütövlüyü prinsipləri əsasında görür.

Biz ikitərəfli formatda iqtisadi mövzuları artıq daha da qabağa çəkməliyik. Azərbaycan indi öz investisiya siyasətində, - əlbəttə ki, yenə də deyirəm, həyat yerində durmur, - düzəlişlər edir. Biz indi xaricə investisiyalar qoymağa başlamışıq. Əlbəttə, bu proses region ölkələrindən başlanmışdır. Ancaq bizim investisiyalara dünyada tələbat artır. Xüsusilə, böhrana düçar olmuş ölkələrin maliyyə resurslarına böyük ehtiyacı vardır. Biz bu maliyyə resurslarını məqbul olan şərtlərlə təqdim edə bilərik. Beləliklə, investisiyalar, kreditlər və iqtisadi sahədə yeni formalar artıq tətbiq edilir. Səfirlər də bu sahədə daha da fəal olmalıdırlar. Biz Azərbaycan şirkətlərinin xaricdəki fəaliyyətini stimullaşdırırıq. Sahibkarlarla keçirdiyim son müşavirədə bu məsələ ilə bağlı konkret tapşırıqlar vermişəm, təkrar etmək istəmirəm. Ancaq Azərbaycan şirkətləri – istər dövlət, istər özəl investor və podratçı, kontraktor kimi xarici bazarlara çıxmalıdır. Səfirlər də Azərbaycan şirkətlərinin fəaliyyətini təmin etməlidirlər. Bu, belə olmalıdır.

İnkişaf etmiş ölkələr daim öz şirkətlərinə başqa ölkələrdə yaxşı vəziyyətin yaradılması üçün səylər göstərirlər. Biz də bu yolla getməliyik və gedirik. Ona görə iqtisadi istiqamət nisbətən yeni bir istiqamətdir və səfirlər buna daim diqqət göstərməlidirlər.

Azərbaycanın diaspor təşkilatlarının sayı artır, onların fəaliyyətinin keyfiyyəti yüksəlir. Dünyada vaxtaşırı keçirilən nümayişlər, etiraz piketləri, tədbirlər, konfranslar göstərir ki, biz doğrudan da güclü diaspor təşkilatları yarada bilmişik və səfirliklər də diaspor təşkilatları ilə sıx əlaqədə olmalıdırlar. Əksər hallarda bu, belədir, istərdim ki, hər bir yerdə belə olsun. Çünki bu, bizim gücümüzü daha da artırır, xaricdə yaşayan azərbaycanlıları öz Vətəninə daha da bağlayır. Bir tərəfdən, biz xaricdə yaşayan azərbaycanlılara daha da böyük dəstək göstəririk. Onlar da bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti vardır. Bizim üçün diaspor təşkilatlarının fəaliyyəti, xüsusilə Ermənistan-Azərbaycan məsələsi ilə bağlı çox önəmlidir. Bu istiqamət daim diqqət mərkəzində olmalıdır.

Əlbəttə, səfirlərimiz dövlət orqanlarının nümayəndələri ilə sıx əlaqədə olmalıdırlar, çalışdıqları ölkələrin nazirlikləri ilə əlaqədə olmalıdırlar. Bununla bərabər, hesab edirəm ki, qeyri-hökumət təşkilatları ilə əlaqələr daha da fəal olmalıdır. Bu, yaddan çıxmamalıdır. Media ilə əlaqələr daha fəal qurulmalıdır. Çünki hələ ki, erməni lobbisinin təhriki ilə hərdənbir Azərbaycana qarşı əsassız ittihamlar səslənir. Biz bilirik bu, haradan qaynaqlanır. Əlbəttə ki, bu cür çirkin yazıların birinci mənbəyi erməni lobbisidir.

Çünki erməni lobbisi, dünya erməniliyi Azərbaycanı bir nömrəli hədəf kimi seçibdir. Yəni, bu, reallıqdır, bu, belədir. Çünki başa düşürlər ki, onlar üçün bir nömrəli təhlükə məhz Azərbaycandır.

Bizim üçün də erməni lobbisi ən böyük düşməndir. Mən yenə də bildirmək istəyirəm ki, bunu deməkdən çəkinmirəm. Çünki bu, reallıqdır, bu, həqiqətdir. Onların, necə deyərlər, çirkli pulları bəzi siyasətçiləri, bəzi ictimai xadimləri bu qəbuledilməz yola təhrik edir. Biz bunlara qarşı daim mübarizə aparmalıyıq. İkinci, Azərbaycana qarşı yanlış məlumatlarla dolu yazıların səbəbi isə ölkəmizin müstəqil siyasətidir. Müstəqil siyasət heç də hər kəsin xoşuna gəlmir. Biz qarşıya vəzifə qoymuşuq ki, müstəqil siyasəti gücləndirək, Azərbaycan xalqının maraqlarını təmin edək. Bəzi hallarda bizi hansısa məsələyə, yönəltmək, hansısa məsələdə mövqeyimizi yumşaltmaq naminə müəyyən dairələr bizə qarşı kampaniya şəklində hücumlar edirlər. Biz bunu “Eurovision” ərəfəsində də, ondan əvvəlki dövrdə də görmüşük. Ancaq həqiqət ondan ibarətdir ki, bu kampaniyaların heç bir təsiri yoxdur. Azərbaycan dövlətinin iradəsinə, siyasətinə heç kim kənardan təsir edə bilməz. Bizim müstəqillik tariximiz bunu artıq dəfələrlə göstərmişdir. Bütün bu səylər əbəsdir. Onların heç birinin bizim siyasətimizə təsiri olmayacaqdır. Ancaq bununla bərabər, əlbəttə ki, bu dairələr ölkəmiz haqqında müsbət imicə ləkə vurmaq istəyirlər. Ona görə səfirlərimiz, səfirliklərin nümayəndələri daim bu mətbu orqanları ilə əlaqədə olmalıdır, onların yanlış siyasətini onlara bildirməlidir. Bəzi hallarda bilməyərəkdən belə yazılar dərc edilir. Yəni, xarici media ilə münasibətlər daha da fəal olmalıdır və ölkə haqqında daha da dolğun məlumat verilməlidir - Azərbaycan necə inkişaf edir, Azərbaycanda iqtisadi, sosial məsələlər necə həll olunur, azadlıqlar necə təmin edilir.

Çünki bəzi hallarda mənim də qəbuluma gələn xarici qonaqlar da, mən onlara izah edəndə təəccüb edirlər ki, Azərbaycanda azad internet vardır?! Heç də hər bir ölkədə azad internet yoxdur. İndi məsəl üçün, bəzi ölkələr interneti məhdudlaşdırmaq, yaxud da ki, senzura tətbiq etmək haqqında fikirləşirlər. Bizdə azad internet vardır. İndi bizdə internetdən istifadə edənlərin sayı 65 faizə çatıbdır. Yəni, mətbuatı necə məhdudlaşdıra bilərik ki, bizdə internet azaddır və istifadəçilərin sayı artır. Bizdə bütün media azaddır. Sərbəst toplaşmaq azadlığı tam təmin edilir. Hər bir siyasi qüvvə getsin müəyyən edilmiş yerlərdə öz tədbirlərini keçirsin. Yaxın keçmişdə belə hadisələr olubdur. Sadəcə olaraq bu tədbirlərə heç kim gəlmir. Onun üçün bəzi siyasi qüvvələr Fəvvarələr meydanında, yaxud da ki, başqa mərkəzi yerlərdə bu nümayişləri keçirmək istəyirlər ki, hər hansı bir kanal gəlsin bunu çəksin və göstərsin. Biz bunu da bilirik.

Ona görə bütün azadlıqlar vardır. Yəni, vicdan azadlığı. Bəzi ölkələr Azərbaycandan ibrət götürməlidir. O ölkələr ki, islamofobiya meyillərini süni şəkildə gücləndirirlər, gəlsinlər bizdən öyrənsinlər, dinlərarası münasibətlər necə qurulmalıdır. Biz bunu təcrübə naminə etmirik. Bu, bizim həyat tərzimizdir. Amma belə olmalıdır. Bizdə necədirsə, bax, belə olmalıdır. Dini, milli zəmində heç vaxt nəinki qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz. Biz buna imkan vermərik. Ona görə vicdan azadlığı tam şəkildə təmin edilibdir. Siyasi fəaliyyətlə bağlı heç bir məhdudiyyət yoxdur.

Azərbaycanda azad cəmiyyət vardır. Azərbaycana gələn xarici nümayəndələr, əgər qərəzsizdirlərsə bunu görürlər. Bu həqiqətlər ölkələrin ictimaiyyətinə çatdırılmalıdır ki, Azərbaycan haqqında dolğun məlumat verilsin. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur.

Xarici siyasətlə bağlı bizim kifayət qədər açıq siyasətimiz vardır. Beynəlxalq təşkilatlarda üzvlüyümüzə və fəaliyyətimizə gəldikdə, bu sahədə də ictimaiyyət üçün açıq olmayan heç bir məqam yoxdur. Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik, maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz ola bilməz. Bu, aksiomdur. Çünki əgər o təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz. Çünki bu, qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır.

Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik. Heç kimdən yardım istəmirik.

Onsuz da bilirik ki, heç kim bizə yardım etməyəcəkdir. Çünki yardım lazım olan zaman kimsə gəlib bizə arxa durdu?! Yox. Bizim iqtisadiyyatımız çökəndə, Ermənistan torpaqlarımızı zəbt edəndə, bir milyona yaxın azərbaycanlını sürgün edəndə kimsə gəlib bizə kömək etdi?! Heç kim. Ona görə belə illüziyalar məndə yoxdur, çoxdan yoxdur. Belə olan halda ölkələrlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu yanaşmanın tərəfdarıyıq. Biz beynəlxalq təşkilatlara könüllü şəkildə üzv oluruq. Əgər görsək ki, maraqlarımız orada tapdalanır, yaxud da ki, Azərbaycana qarşı qərəzli mövqe sərgilənir, könüllü şəkildə də oradan çıxa bilərik. Biz bu qərəzli mövqeni dəfələrlə görmüşük. Mən şəxsən görmüşəm. Mən bu qərəzli mövqenin, ikili yox, üçlü, bəlkə beşli standartların şahidiyəm. Heç nə dəyişməyibdir. Yəni 2000-ci illərin əvvəlindən bu günə qədər bu məsələ ilə bağlı heç nə dəyişməyibdir. Sadəcə olaraq Azərbaycan dəyişibdir.

Azərbaycan güclənib. Azərbaycan o ölkəyə çevrilibdir ki, bizə təzyiq etmək, bizi şantaj etmək mümkün deyildir. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir. Götürün, bütün bizim iqtisadi göstəricilərimizi. Sadəcə olaraq, onların bir səhifəsi deməyə kifayətdir ki, biz sosial sahədə nəyə nail olmuşuq. Pensiyalar əmək haqlarının 40 faizini təşkil edir.

Bu, Avropa İttifaqının kriteriyalarıdır. Biz buna nail olmuşuq. Bir çox təhlilçi bunu bəlkə də bilmir. Davos İqtisadi Forumunun hesablamalarında ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 46-cı yerdədir, MDB məkanında birincidir.

Ondan sonra “Doing Business” proqramında qabaqcıl yerlərdəyik. Böhran zamanı bütün Avropa ölkələrinin iqtisadiyyatlarının kredit reytinqləri aşağı salınır, bizim kredit reytinqimiz isə artır. “Standard & Poor's”, “Fitch”, “Moody's” - bunlardan yuxarı kredit agentlikləri yoxdur. Üçü də bizim reytinqimizi qaldırıbdır. Yəni, bunu neftin hesabına etmişik?!

Çünki əvvəllər paxıllar, bədxahlar, uğurlarımıza ləkə vurmaq istəyənlər deyirdilər ki, Azərbaycanın nefti vardır, ona görə inkişaf edir. Bizdən on dəfə çox nefti olan ölkələr vardır. Orada vəziyyət necədir? Onların reytinqləri niyə düşür? Orada niyə sosial partlayışlar baş verir? Söhbət neftdən getmir. Söhbət düzgün iqtisadi və siyasi istiqamətlərin seçilməsindən, eyni zamanda, xalqla iqtidar arasında olan birlikdən gedir. Çünki bu olmasa onda heç bir islahat mümkün deyildir.

Ona görə, biz iqtisadi sahədə sözümüzü dünyada demişik. Biz yoxsulluğu neçə dəfə azalda bilmişik. Yadımdadır, hələ mən Dövlət Neft Şirkətində çalışdığım dövrdə, təzə-təzə xarici şirkətlərlə kontraktlarımız bağlananda bəzi təhlilçilər deyirdilər ki, Azərbaycanı “Holland sindromu” gözləyir, iqtisadiyyat birtərəfli olacaqdır, batacaqdır, neft qurtarandan sonra çökəcəkdir. Nə oldu? İndi yoxsulluq 49 faizdən səkkiz ildə 7 faizə düşübdür. Əgər bu, doğrudan belə idi isə heç vaxt belə olmazdı, iqtisadiyyat üç dəfə artmazdı. Mən bunları sadalamaqla, sadəcə, demək istəyirəm ki, biz müstəqil siyasət aparmağa qadirik, bunu edirik. Hətta ən çətin dövrdə, iqtisadiyyatımız ağır vəziyyətdə olan dövrdə biz yolumuzdan dönməmişik, qaldı ki, indi. Azərbaycan regionda lider ölkədir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan iqtisadiyyatıdır. Bizim enerji diplomatiyamız vardır. Bu barədə mən hələ ki, bir şey deməmişəm. Amma bu da diplomatik vasitədir və biz bu vasitədən istifadə edirik.

Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq infrastruktur olmadan coğrafi vəziyyət heç nə deməkdir. Biz infrastruktur yaradırıq.

Bizim təşəbbüsümüzlə Asiyanı Avropa ilə birləşdirən dəmir yolu yaradılır. İndi hələ vaxtı gəlməyib ki, mən bir çox məsələləri açım, vaxt gələcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunu reallaşdırmaq istəyəndə biz nə qədər böyük təzyiqlərlə üzləşmişdik. Bölgə ölkələrindən nə qədər təzyiqlər göstərilmişdi ki, amandır, bunu etmək olmaz. Bunu etsəniz Ermənistan batacaqdır, yəni, Ermənistanın blokadası, təcridi məsələsi tamamilə təmin ediləcəkdir. Amma buna baxmayaraq, bizi bunu etmişik. Amma indi bu yoldan nəinki biz, vaxtı ilə onun əleyhinə gedənlər də istifadə etmək istəyirlər. Əgər, o vaxt biz zəiflik göstərsəydik, yaxud da ki, kiminsə xoşuna gəlmək üçün bu təşəbbüsdən kənara çəkilsəydik, bunlar olmayacaqdı. Təzyiqlər də, sifarişli yazılar da, ləkələmə kampaniyaları da oldu, amma biz nəticə etibarı ilə Azərbaycan xalqının, dövlətinin maraqlarını təmin etdik. Ona görə coğrafi vəziyyətimiz elədir ki, bizim razılığımız olmadan bu bölgədə heç bir nəqliyyat layihəsi mümkün deyildir. Bölgədə isə, xüsusilə Əfqanıstanla bağlı məsələ ilə əlaqədar nəqliyyat məsələləri yeni müstəvidə öz həllini tapacaqdır. Burada Azərbaycanın rolu getdikcə artmaqdadır.

Enerji diplomatiyamıza gəldikdə, bu gün deyə bilərəm ki, Avropa İttifaqına üzv olan bəzi ölkələrin enerji balansında Azərbaycan neftinin payı 35-40 faizə yaxındır. Azərbaycan qazı Avropa məkanında gözlənilir və biz bu istiqamətdə işləri aparırıq. Bəlkə də 10 il ərzində müzakirə mövzusu olan bəzi Avropa layihələrinin iflasa uğraması bizi vadar etdi ki, öz layihəmizi ortaya qoyaq. Biz qısa müddət ərzində TANAP layihəsini, təşəbbüsünü irəli sürdük. Bütün hazırlıq işlərini gördük. Türkiyə ilə bütün sənədlər imzalandı.

Bu gün TANAP layihəsinə qoşulmaq istəyənlərin sayı artır. Avropa ölkələri bu layihəyə rəsmi olaraq dəstək verir. Əgər biz bu layihəni ortaya qoymasaydıq indi nə olacaqdı? Bunun adını da biz qoyduq, marşrutunu da biz seçdik. Əsas maliyyə yükünü də öz üzərimizə götürürük. Hazırda bizim orada 80 faiz payımız vardır. Ancaq bizə müraciətlər gəlir ki, o paydan bir az tərəfdaş kampaniyalara verək. Mən bunu istisna etmirəm. Yəni, yenə Azərbaycan öz təşəbbüsünü göstərdi və bu, bizə nə verəcək?

Bu, bizə imkan verəcək ki, 100 il bundan sonrakı dövrdə də Azərbaycan etibarlı enerji təminatçısı olsun. Ən azı yüz il. Bu, nə deməkdir, bəlkə də bu auditoriyada deməyə ehtiyac yoxdur. Bizim gücümüz artacaqdır. Maliyyə gücümüz, siyasi gücümüz, təsiretmə imkanlarımız genişlənəcəkdir və bizimlə daha da çox hesablaşacaqlar. Hər bir ölkə, hər bir insan bunu istəyir. Təbiidir, biz də bunu istəyirik. Biz bütün bunları öz zəhmətimiz hesabına əldə etmişik.

Bu gün Azərbaycan gənc dövlətdir. Ancaq baxın, artıq dünyada bizim nə qədər dostlarımız, tərəfdaşlarımız vardır. Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət diplomatiyamızı aparırıq. Baxın, xaricdə bizim nə qədər mədəni tədbirlərimiz keçirilir.

Dünya paytaxtlarında Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini təbliğ edirik. 20 illik müstəqilliklə əlaqədar bütün keçmiş sovet məkanında Azərbaycan yeganə ölkə idi ki, dünya paytaxtlarında böyük tədbirlər keçirmişdir. Bu, bizim təşəbbüsümüz idi və aparıcı ölkələrin paytaxtlarında böyük konsertlər, təqdimatlar, sərgilər keçirilmişdir. Bu sahə mütləq diqqət mərkəzində olmalıdır. Çünki bu sahə insanları daha çox birləşdirir və eyni zamanda, ölkə haqqında daha dolğun təsəvvür yaradır.

Biz gənc müstəqil ölkəyik. Bəzi ölkələrdə hesab edirlər ki, Azərbaycan 20 ildir dünya xəritəsində özünə yer tapıbdır. Bu, doğrudan da dünyanın siyasi xəritəsində belədir. Ancaq dünya xəritəsində biz əsrlər boyu varıq. Bizim qədim mədəniyyətimiz, tariximiz, incəsənətimiz milli sərvətimizdir. Biz, bu sərvəti təbliğ etməliyik, dünyaya təqdim etməliyik. Səfirliklərin işi burada çox əhəmiyyətlidir. İndi səfirliklərdə mədəniyyət xidmətlərinin yaradılması işi başlamışdır. Bu da çox uğurlu təşəbbüsdür. Yenə də deyirəm ki, bu təşəbbüs ancaq Azərbaycan tərəfindən irəli sürülmüşdür. Yəni, bu yeniliklər, islahatlar, yeni baxışlar bizi qabağa aparır.

Bu gün Azərbaycanda iqtisadi, siyasi sahələrdə, xarici siyasətlə bağlı elə vəziyyət yaranıbdır ki, bəzi hallarda mənə deyirlər, bəlkə bir az yavaşlayaq. Bəlkə bu qədər sürətlə getməyək. Çünki bu, Bakının, digər şəhərlərimizin gözəlliyi bəzilərini qıcıqlandırır. Çünki biz çox sürətlə qabağa gedirik. Bəlkə də burada məntiq var, qıcıqlandırmamaq. Ancaq mən özümdə fikirləşirəm, görün vəziyyət nəyə gətirib çıxarıb ki, Azərbaycan indi o qədər inkişaf edibdir ki, bizə deyirlər bir az yavaşlayın, çünki siz çox sürətlə gedəndə başqa ölkələrdə buna qısqanclıqla yanaşırlar.

Amma, eyni zamanda, mən tam əminəm ki, biz bir addım da yavaşlaya bilmərik. Biz irəliyə getməliyik. Çünki həllini gözləyən məsələlər çoxdur. Dünya dinamik şəkildə inkişaf edir və hətta bir ay, bir həftə də gözləmək olmaz. Biz xarici siyasətdə, iqtisadi sahədə, texnologiyalar sahəsində hadisələri qabaqlamalıyıq. Bax, bu gözəl Diplomatik Akademiyanın üstünlüklərindən biri də odur ki, burada ən müasir texnologiyalar tətbiq olunur. Gənclərimiz bu texnologiyalar əsasında təhsil alacaqlar. Yəni, yeni texnologiyalar, kosmik sənayenin inkişafı. Bəzilərinə təəccüblü gəlib ki, Azərbaycan kimi ölkədə kosmik sənaye necə ola bilər? Niyə də olmasın?! Bizim istedadlı kadrlarımız, maliyyə resurslarımız və gələcəyə baxışımız vardır. Ona görə biz bir addım da yavaşlamayacağıq. Biz irəliyə gedəcəyik, istədiyimizə nail olacağıq. Əminəm ki, suverenliyimizi bərpa edəcəyik və bir gün gələcək Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Sağ olun!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10