İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirak etmişdir

10 avqust 2010, 13:06

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir.

Prezident İlham Əliyev akademiyanın Heydər Əliyev muzeyi, akt zalı, sinif otaqları, kafedralar, yeməkxana, yataqxana, kitabxana, istirahət və idman zallarındakı şəraitlə tanış oldu.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Akademiyasına döyüş bayrağını təqdim etdi. 

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevə sərhədçilər adından minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi. Akademiyanın zabit və kursant heyətini bu ali hərbi təhsil ocağının açılışı münasibətilə təbrik edən dövlətimizin başçısı onlara sərhədlərimizin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi kimi müqəddəs xidmətlərində uğurlar arzuladı.