26 noyabr 2021, 16:30

Musa Quliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi - dünya azərbaycanlılarının Liderini və Müzəffər Ali Baş Komandanı ürəkdən salamlayır, ərazi bütövlüyünü təmin etdiyiniz dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın firavanlığı və xoşbəxtliyi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Zati-aliləri.

Kiçik əməyimə olduqca böyük diqqət göstərərək 60 yaşımın tamam olmağı münasibəti ilə məni dövlətimizin ən qiymətli ordenlərindən biri olan “Şöhrət” ordeni ilə təltif etmisiniz. Bu yüksək təltifə görə, möhtərəm cənab Prezident, Sizə öz adımdan və ailə üzvlərim adından dərin minnətdarlığımı bildirirəm. Bu təltifi yüksək qiymətləndirir, daha böyük xidmətlər üçün ciddi stimul, gələcək fəaliyyətim üçün əsas hesab edirəm.

Mənim həyatda əldə etdiyim bütün uğurlarım və nailiyyətlərim ulu öndər Heydər Əliyevin, Sizin və hörmətli Mehriban xanımın şəxsimə hərtərəfli qayğınızla bağlıdır. Ümummilli lider Heydər Əliyevin mənə böyük etimadı və tövsiyəsi sayəsində Yeni Azərbaycan Partiyasının 1-ci qurultayında partiyamızın Siyasi Şurasının üzvü və 2000-ci ildə YAP proporsional siyahısı üzrə Milli Məclisə deputat seçilmişəm. YAP-ın VII qurultayında Sizin tərəfinizdən mənə daha böyük etimad göstərilmiş və mən partiyamızın İdarə Heyətinə üzv seçilmişəm.

Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimad və daimi qayğını həyatımın hər günündə böyük minnətdarlıqla hiss edirəm və bu etimadı doğrultmaq üçün daha böyük məsuliyyətlə fəaliyyət göstərməyə çalışıram.

Bir daha bu yüksək təltifə görə Sizə dərin minnətdarlığımı bildirir, ulu öndər Heydər Əliyevin siyasi kursunu bundan sonra da dönmədən dəstəkləyəcəyimə söz verir, qüdrətli dövlətə çevirdiyiniz bütöv, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi naminə apardığınız zəfər mübarizənizdə ön cərgədə hər bir əmrinizə və tapşırığınıza hazır olduğumu bildirirəm.

Sizə dərin hörmət və ehtiramla,

Musa Quliyev

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.