Aqil Əsədovdan, Bakı, Azərbaycan
24 noyabr 2021, 17:40
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun əldə etdiyi şanlı Qələbə 2020-ci ilin 25 noyabr tarixində bizi doğma Kəlbəcərimizə də qovuşdurdu. O möhtəşəm tarixdən bir il ötür, bir ömrə bərabər bir il, 30 illik nisgili sevincə çevirən bir il.
30 ilə yaxındır həsrət qaldığımız torpaqlarımızın erməni quldurlarından təmizlənməsini, ata-baba yurdlarımızın işğalçılardan azad edilməsini şərəf və qürur hissi ilə qeyd edirik. Bu şərəfi, qüruru bizə yaşadan, bizi məcburi köçkünlük yükündən qurtaran Müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza eşq olsun. Allah şəhidlərimzə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Müzəffər Ali Baş Komandan, işğal zamanı Kəlbəcərin Başlıbel kəndində də heç zaman unudulmayacaq erməni vandalizmi baş verib və kütləvi qırğınlar törədilib. Rayonumuzun işğaldan azad edilməsi ilə həm də bu faciə qurbanlarının kütləvi məzarlıqları aşkar edilib. Sizin tapşırığınızla Başlıbel kəndində 1993-cü ildə baş vermiş faciənin araşdırılmasına başlanılıb və faciə dünyaya bəyan edilib.
Cənab Prezident, bu əlamətdar gündə Kəlbəcərin ən böyük kəndlərindən biri olan Başlıbel sakinlərinin Sizə sonsuz minnətdarlığını və tükənməz ehtiramını ifadə etmək istərdim.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əsədov Aqil Məhyəddin oğlu
Dosent, Kəlbəcər rayonundan məcburi köçkün, Başlıbel kənd orta məktəbinin məzunu
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.