Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçılarına

18 noyabr 2021, 12:53

Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması, eyni zamanda, sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu Forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2021-ci il 

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10