25 oktyabr 2021, 16:30

İradə Məmmədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Otuz ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın Sizin rəhbərliyinizlə işğaldan azad edilməsi və şanlı Zəfər Azərbaycanın saysız-hesabsız uğurlarının uca nöqtəsidir desəm, yəqin ki, yanılmaram. Çünki bundan böyük uğur təsəvvür edə bilmirəm.

Siz düşmənin başını “dəmir yumruq”la əzərək, işğalçıları “ağ bayraq” qaldırmağa məcbur etdiniz. Bu, Müzəffər Ali Baş Komandan olaraq şəxsən Sizin bacarıqlı, savadlı, qətiyyətli bir rəhbər və sərkərdə olmağınızın sübutu idi.

Möhtərəm cənab Prezident, mən, əsası 1830-cu ildə qoyulan, Azərbaycanda ilk dünyəvi təhsil məktəbi olan Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimiyəm. Azərbaycana bir çox böyük şəxsiyyətlər bəxş edən, şərəfli inkişaf yolu keçən, yaxın vaxtlarda 191 yaşını qeyd edəcək məktəbimizin payına düz 29 il köçkün taleyi yaşamaq da düşdü, ağır şərtlər altında fəaliyyət göstərmək də... Köçkünlük dövründə Bakı məktəblərinin nəzdində sığınacaq tapmış məktəbimiz heç bir zaman dövlət qayğısından kənarda qalmadı. 2011-ci ildə məktəbimiz üçün Bakı şəhərində yeni binanın tikilməsi üçün Sərəncam imzaladınız və 2015-ci ildə tikintisi başa çatmış müasir standartlara cavab verən yeni məktəb binasında fəaliyyətimizi davam etdiririk.

Bu təhsil ocağının mənim həyatımda da çox böyük rolu olmuşdur. Bu yaxınlarda Sizin Sərəncamınızla “Tərəqqi” medalına layiq görülmüşəm. Dövlətimin ali mükafatına layiq görülmək gözəl hissdir. Bu mükafat uzun illik pedaqoji fəaliyyətimə verilən yüksək qiymətdir. Buna görə də Sizə dərin təşəkkürümü bildirirəm.

Böyük Qələbəmiz nəticəsində azad olunan doğma Şuşamızda məktəbimiz üçün 960 şagird yerlik yeni məktəb binasının şəxsən Sizin tərəfinizdən təməlinin qoyulması məni və kollektivimizi ürəkdən fərəhləndirdi. Bir şuşalı müəllim olaraq doğma şəhərimizdə yaşayacağım və yeni məktəb binasında fəaliyyətimi davam etdirəcəyim günü səbirsizliklə gözləyirəm. Bu mənim həyatımın ən xoşbəxt günü olacaq.

Cənab Prezident, bizim arzularımızı gerçəkləşdirdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Məmmədova İradə Maşallah qızı,

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.