21 oktyabr 2021, 11:16

İcaz Məmmədovdan, Qubadlı, Azərbaycan


Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Bu gün Qubadlı rayonu və onun Teymur Müskanlı kəndinin sakinlərinin sevinci yerə-göyə sığmır. Hər bir kənd sakini hazırda xoş əhval-ruhiyyə ilə yaşayır, doğma kəndimizə böyük qayıdışı səbirsizliklə gözləyirik.

Bu böyük Qələbəyə görə ilk növbədə biz Sizə torpaqlarımızı öz qanları ilə yuyan şəhidlərimizə, qazilərimizə və dost-qardaş dövlətlərin dəstəyinə minnətdarıq.

Möhtərəm Prezident, torpaqlarımızın işğaldan azad olunması ulu öndərimiz Heydər Əliyevin on böyük arzusu idi. Şükür bu günə ki, bu ağır və gərgin işi Siz ləyaqətlə həyata keçirdiniz. Ən ağır yükü Siz çiyinlərinizdə daşıdınız. Bir yandan odlu müharibə, bir yandan da informasiya müharibəsi.

Diplomatik səyləriniz, qərəzli müxbirləri qətiyyətlə susdurmağınız 44 günlük müharibədə bizi Qələbəyə gətirib çıxardı. Düşməni iti qovan kimi əzəli torpaqlarımızdan qovduq.

Cənab Prezident, bu gün biz Sizinlə fəxr edir, başımızı dik tutur və ürəyimizdə mənfur düşmənə nifrət bəsləyirik. İnanırıq ki, bu gündən sonra da, Sizin gərgin əməyiniz sayəsində kənd və şəhərlərimiz, o cümlədən bizim doğma Teymur Müskanlı kəndi də yenidən bərpa olunacaq.

Kəndimiz əvvəlkindən yaraşıqlı bir yaşayış məskəninə çevriləcək. O günü biz səbirsizliklə gözləyirik. Odur ki, biz kənd sakinləri həmişə olduğu kimi Sizi dəstəkləyir, Sizə inanır, Sizə sağlam həyat arzulayır və sonsuz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Məmmədov İcaz İsmayıl oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Teymur Müskanlı kəndi.