13 oktyabr 2021, 16:00

Məlahət İsmayılqızından, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Sizi - Vətənin qeyrətli oğlunu, igid Sərkərdəsini, Müzəffər Ali Baş Komandanını salamlayıram. Siz Azərbaycan xalqının və Vətənin xilaskarısınız. Sizinlə qürur duyuruq.

Otuz il ərzində işğal altında olan torpaqlarımızın geri qaytarılması, erməni faşizminin iç üzünün məharət və cəsarətlə açılıb dünyaya bəyan edilməsi Azərbaycan xalqının, ana və bacıların, böyüklərin, uşaqlı-cavanlı hər kəsin vaxtilə nisgil çəkən gözlərindən sevinc yaşları axıdır.

Sizinlə fəxr edirik, Azərbaycanın əbədi Prezidenti!

Siz min illər sonra belə bu xalqın tarixində şərəf və ləyaqət rəmzi kimi yaşayacaqsınız.

Bu ilin avqustunda Kəlbəcərə olan səfərinizdə Göyçə, Basarkeçər adlarını vurğulamağınız, bizim tarixi torpaqlarımız olduğunu dünyaya bəyan etməyiniz məni - öz ana ocağı Göyçənin Basarkeçər rayonu, Güney kəndi olan bir sakini çox təsirləndirdi. 1988-ci il hadisələrindən sonra camaatımız doğma yurdlarından qovuldu, əzablı-əziyyətli, Vətən-ocaq həsrətli illər bir-birini əvəz etdi. Siz ürəyimizdə daha bir inamın alovlanmasına təkan verdiniz. İnandıq ki, ulu Göyçəmizə bir qayıdış olacaqdır. 44 günlük Zəfərimiz və içərimizdən boylanan ümidlər onu da dedi ki, Göyçəyə gedən yollar Qarabağdan keçir.

Mən atamın yolunun davamçısı kimi bu gün Göyçənin tarixini, məkanlarını, yaşamış-yaratmış və mübarizə aparmış insanlarının keçdikləri ağrı-acılı, lakin şərəfli ömür yolunu işıqlandırmağa çalışıram.

Cənab Prezident, çox hörməti İlham Heydər oğlu, sağ olun, var olun ki, öz tarixi adlarımızı işlətməklə bu millətə yeni ruh verdiniz. Sizi və Mehriban xanımı çox sevirik. Siz bizim əbədi Prezidentimizsiniz.

Hörmətlə,

Məlahət İsmayılqızı - Əliyeva,

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, publisist

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.