Qəhrəman Təhməzovdan, Bakı, Azərbaycan
13 oktyabr 2021, 14:00
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Siz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə yanaşı, Azərbaycan xalqına öz milli qürurunu qaytardınız. Siz həm beynəlxalq hüququ, həm də insani ədaləti bərpa etdiniz. Siz “dəmir yumruğ”unuz hesabına düşməni diz çökdürdünüz, ölkəmizin ərazi bütövlünü bərpa etdiniz, şanlı Zəfərlə adınızı tariximizə qızıl həriflərlə yazdınız. Sizin kimi müdrik, qətiyyətli, cəsarətli Prezidentimizin olması ilə fəxr edirik. Tarixi Qələbəmiz xalqımızın birliyini möhkəmləndirdi, eyni zamanda, Sizə olan güvənini, məhəbbətini daha da artırdı. İşğaldan azad edilmiş ərazilərimizdə bu gün Sizin bilavasitə nəzarətinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri dövlətimizin gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirir. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu torpaqlarda mərhələli şəkildə, sektorlar üzrə sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Bu bərpa prosesində yerli şirkətlərin iştirakının da mühüm əhəmiyyət kəsb etdiyi Sizin tərəfinizdən dəfələrlə vurğulanmışdır..
Cənab Prezident, bizim şirkət də, öz fəaliyyət növləri üzrə işğaldan azad olunmuş Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd və Ağdam rayonlarında öz sərmayəsi hesabına restoran fəaliyyəti, kənd təsərrüfatının heyvandarlıq sahəsində, həmçinin Azərbaycanın milli mədəniyyət paytaxtı adlandırılmış Şuşa şəhərində öz şəxsi sərmayəmiz hesabına hotelçilik xidməti və restoran biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyimiz barədə Sizə müraciət etmişdi. Nəticədə aidiyyəti qurumlar tərəfindən bu müraciətimizlə bağlı müsbət qərar verilmiş və şirkətimizə restoran açılması üçün Şuşa şəhəri, Pənahəli xan küçəsində yerləşən binada təmir işlərinin başlanmasına “QOÇ ƏT Restoran və Fermer Market“ MMC-yə icazə verilmişdir. Həmin binada şirkətimiz tərəfindən qısa bir müddət ərzində əsaslı təmir işləri görülərək dizayn baxımından Şuşa şəhərinə yaraşan, onun tarixi motivlərini özündə əks etdirən, müasir dünya standartlarına uyğun restoran formalaşdırılmış və oktyabrın 4-də istifadəyə verilmişdir. Restoranda hazırda 25 nəfər əmək fəaliyyəti ilə məşğul olur.
Hörmətli cənab Prezident, Azərbaycan xalqını bugünkü Qələbəyə Siz çatdırmısınız. Sizin rəhbərliyinizlə ölkəmiz bundan sonra daha da sürətlə inkişaf edəcək. Şirkətimizin müraciətinə qayğı və diqqətlə yanaşıldığına və bizə bu sevincli günləri yaşatdığınıza görə “QOÇ ƏT” şirkətininin əksəriyyəti məcburi köçkünlərdən ibarət olan dörd yüz nəfərə yaxın kollektiv üzvü adından və şəxsən öz adımdan Sizə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun!
Hörmətlə,
Təhməzov Qəhrəman,
“QOÇ ƏT Restoran və Fermer Market “ MMC-nin direktoru, I qrup Qarabağ qazısı.
Azərbaycan Respublikası, Bakı şəhəri.