İlham Əliyev Səadət sarayının əsaslı təmirdən sonra açılışında iştirak etmişdir
05 iyul 2012, 17:30
Bakı şəhərindəki Səadət sarayı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Bakının memarlıq ansamblında özünəməxsus yeri olan Səadət sarayının binası məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarov tərəfindən XX əsrin əvvəllərində tikdirilmişdir. Həyat yoldaşı Liza xanım Tuqanova ilə birgə tez-tez Avropa səyahətinə çıxan və belə səfərlərdən birində xanımının Venesiyada bir saraya heyranlığını görən M.Muxtarov bu binanın bənzərini Bakıda tikdirmək qərarına gəlir. Bakının memarlıq incilərindən biri olan bu bina polyak mənşəli arxitektor İosif Ploşkonun layihəsi əsasında, “Qasımov qardaşları” şirkəti tərəfindən tikilmişdir.
Bina fransız qotik üslubunda inşa edilmiş, interyeri klassik, qotik və rokoko ənənəsində işlənmişdir. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi və memarlıq abidəsi kimi qeydə alınmışdır.
Səadət sarayı uzun illər Bakıda nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi şöhrət qazanmışdır. Prezident İlham Əliyevin
Bakıda tarixi memarlıq abidələrinin qorunması, paytaxtın simasının müasirləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində 2007-ci ildə Səadət sarayında da təmir-bərpa və yenidənqurma işlərinə başlanmışdır. Burada yenidənqurma işləri 2010-cu ildə yüksək sürətlə aparılmışdır.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına və xanımına binada həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, binada ümumi bərpa işləri və interyerin yenidən qurulması fransalı, italiyalı və yerli mütəxəssislər tərəfindən hazırlanmış layihə əsasında həyata keçirilmişdir. Yenidənqurma işləri zamanı binanın interyerində 12 min 500-dən artıq bəzək elementi bərpa olunmuşdur. Döşəmə, divarlar mozaik mərmər və parketlə üzlənmiş, məhəccərlər şəbəkə metaldan hazırlanmışdır.
Fasaddakı qırılmış bəzək elementləri və lövhələr yeniləri ilə əvəz olunmuş, çatlar bərpa edilmiş, binanın tikintisində istifadə olunmuş vulkan tipli üzlük daşlarının eynisi tapılaraq dəyişdirilmişdir. Bünövrə yeni dəmir-beton lövhələrlə möhkəmləndirilmiş və binanın qrunt sularından müdafiəsi təmin edilmişdir. Səadət sarayının 9 bal gücündə zəlzələyə davamlı hala gətirilməsi üçün binanın konstruksiyası, yükdaşıyan divarları,arakəsmələri xüsusi “Histeretik dempfer” sistemi ilə möhkəmləndirilmişdir. Bu cür yenidənqurma işləri dünyanın bir çox yerlərində - Berlin Tarixi Muzeyi, London Britaniya Muzeyi və digər tarixi əhəmiyyət kəsb edən abidələrdə də həyata keçirilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva neft milyonçusu Murtuza Muxtarovun həyat və fəaliyyətinin əks olunduğu fotoşəkillərə baxdılar. Bu fotolar arasında 20-ci əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən Bakı elitasının nümayəndələrinin də şəkilləri vardır. Həmin fotolar o dövrün ziyalı qadınlarının, Şərqdə ilk dəfə Azərbaycanda açılan qızlar məktəbinin, qadın məclisinin
üzvlərinin fəaliyyəti barədə geniş məlumat verir. Bina ilə tanışlıq zamanı o da qeyd olundu ki, interyerdə aparılan təmir-bərpa işləri xüsusi zövq və dizaynla, ən əsası isə tarixi görkəm saxlanılmaqla həyata keçirilmişdir.
Təmir-bərpa işlərindən sonra bina təyinatına görə yenidən planlaşdırılmış və iki hissəyə ayrılmışdır. Birinci hissə işgüzar görüşlərin və rəsmi qəbulların keçirilməsi, ikinci hissə isə nikah mərasimlərinin təşkili üçün nəzərdə tutulmuşdur. Binada geniş hollarla yanaşı, üstü açıq terras da yaradılmışdır. İnteryeri klassik üslubda işlənən təntənəli mərasim, rokoko üslublu VİP qəbul, rəqs və gözləmə zalları, qəbul zamanı elektron və texniki xidmətin təmin edilməsi üçün otaqlar da Səadət sarayının funksionallığını artıran yeniliklər sırasındadır. Bununla yanaşı, interyeri qotik və rokoko üslublarında işlənən rəsmi görüş otağı, rəsmi danışıqların aparılması üçün geniş zallar və digər yardımçı otaqlar da qonaqların zövqünü oxşayacaqdır.
Beləliklə, yüksək zövqlə və bütün parametrlər nəzərə alınaraq görülən əsaslı yenidənqurma işləri nəticəsində Bakının daha bir memarlıq abidəsinə yeni həyat verilmiş, Səadət sarayının əvvəlki şöhrəti qaytarılmışdır.