17 iyul 2021, 12:35

Xuraman Qasımovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Bu yaxınlarda mənim “İstiqlal” ordeni ilə təltif edilməyim barədə Sərəncam imzaladınız. Bu cür yüksək dövlət mükafatına görə səmimi, dərin minnətdarlıq hisslərimi Sizə çatdırmaq üçün söz tapmaq çətindir. Xüsusən nailiyyətlərim və səmərəli yaradıcılıq fəaliyyətim barədə sözləriniz məni çox həyəcanlandırdı.

Kiçik yaşlarımda peşə seçimi qarşısında qalarkən valideynlərimin tövsiyəsi ilə Tanrının mənə yazdığı bu şərəfli yolu seçdim və vokal qabiliyyətlərimi inkişaf etdirərək həmişə zəngin mədəniyyətimizin ənənələrinə sadiq qalmağa çalışdım.

Yeganə arzum vokal sənətini Vətənimin hüdudlarından kənarda da layiqincə təmsil etmək, Azərbaycan musiqi sənətinin bütün dərinliyini və gözəlliyini dünya dinləyicisinə çatdırmaq idi. Qədim mədəniyyətimiz çoxşaxəlidir və bizim fəxr edəcəyimiz çox şey var.

Mənə inanan və inam aşılayan hər kəsi - qohumlarımı, müəllimlərimi, ustadlarımı məyus etmədiyimə görə xoşbəxtəm. Müğənni olmağımda böyük bacım Fidan Qasımovanın böyük rolu olub və mən bununla da fəxr edirəm.

Böyük səhnəyə çıxdığımız ilk günlərdən davamlı olaraq Azərbaycan rəhbərliyinin diqqətini, qayğısını, dəstəyini hiss etdik, eyni zamanda xalqımızın işimizə olan marağını və sevgisini gördük. Bütün bunlar bizi çox sevindirdi və ruhlandırdı.

25 ilə yaxın müddətdə ümummilli liderimiz Heydər Əliyevdən xüsusi diqqət, böyük mənəvi dəstək gördük. O, həqiqətən, bizim mənəvi atamız idi, həmişə düzgün yol göstərməyi və yaradıcı insanlara necə dəstək olacağını bilirdi. İlk fəxri adlarımızı və "Şöhrət" ordenini ondan aldığımız üçün qürurluyuq.

Ölkə rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi fərdi diqqət, qayğı onların yaradıcılıq fəaliyyətində hər zaman zəruri bir stimuldur. Ulu Öndərin – atanızın layiqli davamçısı olaraq, onun vəsiyyətlərini həyata keçirərək Siz inamlı və qətiyyətli addımlarla Azərbaycanı yeni, böyük dəyişikliklərə aparırsınız.

Nə xoşdur ki, yanınızda həyat yoldaşınız və silahdaşınız, respublikanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva var. Onun qayğısı ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyət xadimlərinə necə diqqət göstərildiyini, nə qədər xeyirxah işlər görüldüyünü saymaqla bitirmək olmaz. Belə münasibətə görə Mehriban xanım Əliyeva hər zaman xüsusi minnətdarlığa layiqdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yaradıcılığımla bağlı neçə-neçə möhtəşəm tədbirlərin təşəbbüskarı olmuşdur. Siz və Mehriban xanım mədəniyyətimizin bütün dünyada təbliği və çiçəklənməsi üçün böyük, ölçüyəgəlməz işlər görmüsünüz. Əminik ki, bundan sonra da həyata keçiriləcək yeni uğurlu planlarınız və layihələriniz var.

Böyük qürur hissi ilə demək istəyirəm ki, Fidan xanımın və mənim “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmağım haqqında sərəncamlar ölkəyə birgə rəhbərliyiniz dövründə imzalandı. Biz - Fidan və Xuraman Qasımova bacıları, hər şey üçün Sizə sonsuz minnətdarıq və Sizi əmin edirik ki, bundan sonra da Azərbaycan vokal sənətinin çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik!

Cənab Prezident, məni təltif etdiyiniz əvəzolunmaz “İstiqlal” ordeni yeni yaradıcılıq planlarımın həyata keçirilməsi üçün böyük bir təşviqdir. Fəaliyyətimi və yaradıcılığımı qiymətləndirdiyiniz üçün bir daha dərindən təşəkkür edirəm!

Hörmətlə,

Qasımova Xuraman, Xalq artisti

Azərbaycan Respublikası, Bakı şəhəri