19 iyun 2021, 15:42

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının üzvlərindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycandakı Rus Pravoslav Kilsəsinin rəhbəri, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar kədərli günlərdə Bakı və Azərbaycan Yeparxiyasına göstərdiyiniz dəstəyə görə Sizə ürəkdən təşəkkür edirik.

Azərbaycan onilliklər ərzində arxiyepiskop Aleksandr üçün qədim tarixini, zəngin mədəniyyətini, xalqın mübariz ruhunu çox sevdiyi ikinci Vətən oldu. Onun gözləri önündə vaxtilə daxili müharibə və çəkişmə astanasında dayanan bir ölkə dirçəlməyə, güclənməyə və inkişaf etməyə başladı. Arxiyepiskop Aleksandr vəzifələrinin icrası zamanı malik olduğu güc və imkanlarla daim ölkənin inkişafına töhfə vermiş, Azərbaycanın dünya birliyi tərəfindən tolerant və multikultural ölkə kimi tanınmasına xidmət etmişdir.

Arxiyepiskop Aleksandr Azərbaycan Respublikasının vətəndaşı və bir din xadimi olaraq daim Zati-alinizin diqqət və qayğısını hiss etmişdir. Bu, həm Bakı Yeparxiyasının fəaliyyəti ilə bağlı bir çox məsələlərin həllində, həm də on iki il ərzində onun üçün sınağa çevrilən və həyatla mübarizə apardığı çətin günlərdə Sizin tərəfinizdən göstərilən dəstəkdə öz ifadəsini tapırdı. Məhz Sizin və dövlətin dəstəyi ilə Azərbaycanın və Almaniyanın ən yaxşı mütəxəssisləri arxiyepiskop Aleksandrın səhhəti uğrunda yorulmadan mübarizə aparırdı. Ölkənin pravoslav icmasının rəhbərinin həyatının son ayları da Sizin diqqətinizdən kənarda qalmadı, arxiyepiskop Aleksandrın səhhətinin yaxşılaşdırılması üçün mümkün olan hər şey edildi. Bütün səylərə baxmayaraq Uca Allahın iradəsi fərqli idi.

Bakı Yeparxiyasının Birinci Arxiyepiskopunun vəfatı hər zaman ölkənin rifahı üçün dua edən, sülhün möhkəmləndirilməsinə qayğı göstərən, dinlərarası dialoqun, qardaş Azərbaycan və rus xalqları arasında dostluğun möhkəmləndirilməsinə xidmət edən səmimi dostunu, müdrik din xadimini itirən çoxmədəniyyətli Azərbaycan cəmiyyəti üçün ağır bir itki oldu.

Sizin tapşırığınıza əsasən Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Birinci Fəxri xiyabanda dəfn edilib.

Hörmətli cənab Prezident!

İcazə verin, hər zaman Azərbaycan xalqı ilə bir olan arxiyepiskop Aleksandra və onun şəxsində bütün Bakı Yeparxiyasına göstərilən şərəfə görə Sizə təşəkkür edək.

Fürsətdən istifadə edərək, Zati-alinizi əmin edirik ki, bundan sonra da gücümüz və imkanlarımız daxilində ölkəmizdə dinlərarası dialoqun inkişafı və gücləndirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.

Dərin ehtiram və hörmətlə,

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının üzvləri,

Leonid Miltıx, Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsinin baş keşişi,

Antoniy Dolinin, Bakı və Azərbaycan Yeparxiyası rəhbərinin birinci köməkçisi,

Mefodiy Əfəndiyev, Bakı Yeparxiyası İdarəsinin katibi,

Konstantin Pominov, Bakı Yeparxiyası İdarəsinin mətbuat katibi,

Dionisiy Sveçnikov, Yeparxiya Şurasının katibi.