18 iyun 2021, 14:30

Nəriman Əliyevdən, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Şuşaya səfər etməsi, qardaş ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalamağınız həm tarixi, həm də qürurverici hadisədir. Dostlarımızı sevindirən, düşmənlərimizi isə məyus edən bu hadisə xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc alan Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin əbədiliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək dövlətlərimizin hər zaman bir-birinin yanında olmasının bariz göstəricisidir. Bu dəstək Vətən müharibəsi bitdikdən sonra da davam edir. Elə Türkiyə Prezidentinin Şuşa səfəri buna əyani misaldır.

Cənab Prezident, bir vaxtlar xəyal etdiklərimizi bu gün Siz reallığa çevirmisiniz. Tarixi torpaqlarımızı işğaldan azad etməyiniz, həmin torpaqlarda quruculuq işlərinin həyata keçirilməsi, müxtəlif tədbirlərin təşkil edilməsi həqiqətən də çox sevindirici və fərəhləndiricidir. Bütün bu qürurverici anları bizə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Əliyev Nəriman Xəlil oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Kərimbəyli kəndi.