Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

11 iyun 2021, 15:40

Hörmətli Vladimir Vladimiroviç,

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsində böyük yol keçmiş və əhəmiyyətli uğurlar qazanmışdır. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı olaraq aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələləri həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə vacib töhfə verir.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur. Ölkələrimizin ən geniş məsələlər spektri üzrə ikitərəfli konstruktiv dialoqunu və səmərəli əməkdaşlığını da qeyd etmək istərdim.

Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlara nail olunmasında və onların həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. Əminəm ki, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin olunması naminə Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti yeni məzmun ehtiva edərək bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara isə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 iyun 2021-ci il

SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10