10 iyun 2021, 11:13

Əhməd Səfərovdan, Salyan, Azərbaycan

Hörmətli Prezident, hörmətli Mehriban xanım.

Mən şəhid atasıyam. Bütün şəhid valideynləri adından fəxrlə deyə bilərəm ki, Siz müstəqil Azərbaycanın tarixində misilsiz işlər görürsünüz. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə bütün dünyaya sübut etdi ki, biz mübariz xalqıq və öz torpaqlarımızı işğaldan azad etmək iqtidarındayıq.

Mənim 2 oğlumdan biri, kiçiyimiz Coşqun Səfərov 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdu. O, ölkəmizin çətin günündə könüllü olaraq hərbi təlimlərə qoşulmuş və Vətən müharibəsi dövründə Füzuli, Xocavənd, Cəbrayıl rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və sentyabrın 28-də Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Düzdür oğul itkisi çətindir. Lakin qürur hissi keçiririk ki, oğlumuz torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qan axıdılmasa torpaq azad olunmaz. Biz bunu bir daha gördük. Bütün Azərbaycan xalqı şəhidləri, qaziləri ilə fəxr edir.

Sizin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə ayırdığınız diqqət və qayğı hər kəsə çox yaxşı məlumdur. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial problemlərinin həllinə hər zaman olduğu kimi, hazırda da böyük diqqət göstərilir. Mənim övladım da bu yaxınlarda işlə təmin olunmuşdur.

Göstərilən köməyə görə Sizlərə minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Hörmətlə,

Səfərov Əhməd Bayramqulu oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Salyan şəhəri.