06 may 2021, 10:00

Taleh Etibarlıdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Gözəlliklər diyarı ölkəmiz 2003-cü ildən müasir dövrədək iqtisadi, mədəni, siyasi, hətta deyərdim ki, hərtərəfli inkişaf edərək dünyanın ən güclü, mədəni, demokratik, müasir dövlətləri sırasında yer alıb. Əlbəttə, hər bir işin səbəbi var. Dövlətimizin inkişaf edərək zirvələrə ucalmasında səbəb ulu öndərimiz Heydər Əliyevin ölkənin idarə edilməsini özünün ən layiqli varisi olan möhtərəm Prezidentimizə - Sizə etibar etməsidir. Siz Ulu Öndərimizin və xalqımızın etibarını doğruldan Lidersiniz.

Möhtərəm Prezident, Siz seçki platformanızda xalqa verdiyiniz sözləri yüksək səviyyədə yerinə yetirdiniz. Sizin apardığınız hərtərəfli uğurlu siyasət nəticəsində 44 gün ərzində 30 il həsrət qaldığımız Qarabağ torpaqlarımıza qovuşduq. Həmişə, hətta ən ağır zamanda belə Sizin siyasətinizin mərkəzində insan amili prioritet olub. Məhz insanlarımızın firavan, yaxşı, sağlam, təhsilli yaşaması üçün hər şey edirsiniz. Hakimiyyətə gəldiyiniz gündən ölkəmizdə yeni xəstəxanalar, klinikalar tikilmiş, müasir tibbi avadanlıqlar alınmışdır. Bu gün xalqımız hər addımda ölkə üçün çəkilən xərclərin, inşa olunan məktəblərin, bağçaların, “ASAN Xidmət” mərkəzlərinin, xəstəxanaların xeyrini görür. Bu gün xalqımız silahlı düşməndən daha qorxunc COVID-19 xəstəliyi ilə layiqli mübarizə aparır. Bunun bariz nümunəsinin şəxsən şahidi oldum, məmnunluğumdan bu təşəkkür məktubunu Sizə ünvanlamaq istədim.

Mən koronavirusa yoluxduğumdan Şəkidə və Bakıdakı modul tipli xəstəxanalarda müalicə almışam. Şükürlər olsun Uca Yaradana ki, həkimlərimiz məni ölümün pəncəsindən xilas ediblər. İndi səhhətim normaldır, xəstəliyimi unuduram, amma həkimlərimizin mənə etdikləri yaxşılıqları heç zaman unutmayacağam.

Hörmətli cənab Prezident, əlbəttə, vətəndaşların belə gözəl tibbi təminatında Sizin və Mehriban xanımın bu sahəyə diqqət və qayğısının misilsiz rolu var. Mən Sizlərdən həddindən artıq məmnunam, ölkəmizdə belə gözəl şərait yaratdığınız üçün hər birinizə şəxsən öz adımdan, ailəmin, valideynlərimin, dostlarımın, körpə övladımın adından minnətdarlığımı bildirirəm.

Nə yaxşı ki, Azərbaycan adlı məmləkətimiz, Sizin kimi Prezidentimiz, Mehriban xanım Əliyeva kimi Birinci vitse-prezidentimiz var. Allah Sizlərə yar olsun. Sizlərə cansağlığı, uzun sağlam ömür, çiçəklənən Azərbaycanın daha da zirvələrə ucalması naminə görəcəyiniz işlərdə yeni-yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Etibarlı Taleh Etibar oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri.