05 may 2021, 18:00

Alim Ələkbərovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müharibədən dərhal sonra göstərişinizlə rayonumuzda aparılan tikinti və quruculuq işlərinə, mütəmadi olaraq rayonumuza diqqət və qayğı göstərdiyinizə görə tərtərlilər adından Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bu günlər Tərtərin hər küçəsində, hər döngəsində abadlıq işləri aparılır. Yaşadığımız Mübariz İbrahimov küçəsinin timsalında biz bunu aydın görürük. Küçəmiz genişlənir, kommunikasiya xətləri qaydasına salınır, yolun yatağı işlənir, qum-çınqıl tökülərək bərkidilir. Tezliklə küçəmizə asfalt örtük salınacaq.

Buna görə bütün tərtərlilər, o cümlədən küçəmizin sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Siz özünüz dediyiniz kimi, hər bir vətəndaşın Prezidentisiniz. Biz tərtərlilər bunu hər zaman hiss edirik. Allahdan Sizə cansağlığı, Azərbaycanımızın gələcək inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Ələkbərov Alim Vahid oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.