05 may 2021, 14:22

Yunis Qasımov və başqalarından, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti Sizin rəhbərliyinizlə gündən - günə güclənərək regionda ən qüdrətli dövlətə çevrilmişdir. Ölkəmizin iqtisadi qüdrəti artmış, onun müdafiə qabiliyyəti möhkəmlənmiş, beynəlxalq aləmdə nüfuzu yüksəlmişdir. Ölkə vətəndaşlarının sosial - müdafiəsi yüksəlməkdə davam etmişdir.

Sizin 21 aprel 2021-ci il tarixli sərəncamınızla Muğan - Birinci Paşalı - İkinci Paşalı - Şorbaçı - Birinci Udullu - Tağılı - İkinci Udullu - Qubalı avtomobil yolunun və eyni zamanda Pirsaat çayı üzərindəki qəzalı vəziyyətdə olan körpünün tikintisi üçün dövlət büdcəsindən ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması on iki mindən çox sakinin böyük sevincinə səbəb olmuşdur. Siz bir daha sübut etdiniz ki, Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması siyasətinizin əsasını təşkil edir və əhalinin həyat tərzinin yaxşılaşdırılması Sizin daim diqqət mərkəzinizdə dayanır.

Dahi öndərimiz Heydər Əliyev demişdir: "Yol abadlıqdır, yol mədəniyyətdir". Bir neçə gündür ki, Udullu ərazisinin sakinləri hədsiz sevinc və fərəh hissləri yaşayırlar. Əvvəllər kənd sakinləri görə gediş - gəlişdə əziyyət çəkirdilər, lakin artıq yollarımız abad olacaq. Pirsaat çayı üzərindəki körpünün yenidən qurulması isə bizim kənd adamlarının həyatında yeni bir inkişaf mərhələsi olacaqdır. Bütün bunlar üçün möhtərəm Prezidentimiz - Sizə ürəkdən minnətdarlığımızı bildiririk.

Ölkəmizə rəhbərlik etdiyiniz 18 il ərzində ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa daim sadiq qalmış, Azərbaycanın şəhər və kənd yollarının tamamilə abadlaşdırılması istiqamətində möhtəşəm infrastruktur layihələr həyata keçirmisiniz. Sözünüzlə işinizin vəhdət təşkil etməsi Sizə qarşı ümumxalq sevgisini birə on qat artırmışdır. 2003-cü ilin oktyabr ayında Siz xalq tərəfindən yekdilliklə Prezident seçilərkən andiçmə mərasimində söyləmişdiniz ki, Ulu Öndərin siyasətinə daim sadiq qalacaq, torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün əlimdən gələni əsirgəməyəcəm. 

Möhtərəm cənab Prezident, Siz Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi xalq qarşısında verdiyiniz vədi şərəflə yerinə yetirdiniz. Öz yenilməz iradənizlə, qətiyyətinizlə, yüksək sərkərdəlik məharətinizlə və dəmir yumruğunuzla Müzəffər Ordumuz tərəfindən düşmənin torpaqlarımızdan qovulmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, böyük qələbəyə nail oldunuz.

Dövlətimizin və xalqımızın firavan yaşaması üçün var gücünüzlə çalışaraq həyata keçirdiyiniz bütün tədbirlərdə Sizinlə yanaşı, Birinci vitse-prezident Mehriban xanımın da əməyi danılmazdır. Siz bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşı sizin üçün əziz və qiymətlidir.

Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, xalqın rifahının yaxşılaşdırılmasında, əhalinin sosial məsələlərinin həll edilməsində, ölkəmizi dünyanın ən qabaqcıl və qüdrətli ölkələri səviyyəsinə qaldırmaq yolunda, eyni zamanda vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir və minnətdarlığımızı bildiririk.

Biz Sizinlə qürur duyuruq. Qürur duyuruq ki, daim öz xalqını düşünən, onun taleyinə ürəkdən yanan müdrik Prezidentimiz var.

Sizə və Mehriban xanım Əliyevaya uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın gələcəyi naminə məqsədyönlü və çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar və nailiyyətlər arzulayırıq.

Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Qasımov Yunis Hüseyn oğlu - şəhid atası

Mirzəyev Fazil Əlövsət oğlu - şəhid atası

Qasımov Şöhrət Mənsum oğlu - şəhid atası

Abdurrəhmanov Böyükbək Sehrab oğlu - şəhid atası

Əsədov Ehtiram Ehtibar oğlu - Qarabağ qazisi

Dadaşov İttifaq Habil oğlu

Hacıyev Məhəmməd Ənnağı oğlu və başqaları (cəmi – 15 nəfər)

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Udullu kəndi