04 may 2021, 17:44

Məhəmməd Hacıyevdən, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 21 aprel 2021-ci il tarixli sərəncamınızla Muğan – Birinci Paşalı – İkinci Paşalı – Şorbaçı – Birinci Udullu – Tağılı – İkinci Udullu – Qubalı avtomobil yolunun və eyni zamanda Pirsaat çayı üzərindəki qəzalı vəziyyətdə olan körpünün tikintisi üçün dövlət büdcəsindən ilkin olaraq beş milyon manat vəsaitin ayrılması on iki min nəfərdən çox kənd sakinlərimizin böyük sevincinə səbəb olmuşdur. Dahi öndərimiz Heydər Əliyev demişdir: “Yol abadlıqdır, yol mədəniyyətdir”. Bir neçə gündür ki, Udullu ərazisinin sakinləri hədsiz sevinc və fərəh hisslərini yaşayırlar. Neçə vaxt idi ki, kənd sakinlərimiz yolların bərbad hala düşməsinə görə gediş – gəliş zamanı çox əziyyət çəkirdilər. Şükürlər olsun Allaha, Sizin bu sərəncamınızdan sonra yollarımız daha da abadlaşacaq. Pirsaat çayı üzərindəki qəzalı vəziyyətdə olan körpünün yenidən qurulması isə bizim kənd adamlarının həyatında yeni bir inkişaf mərhələsi olacaqdır. Bütün bunlar üçün möhtərəm Prezidentimiz, Sizə ürəkdən minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanıma uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın gələcəyi naminə məqsədyönlü və çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar və nailiyyətlər arzulayıram. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun.

Dərin hörmətlə,

Məhəmməd Hacıyev

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Birinci Udullu kəndi