07 aprel 2021, 11:43

Zenfira Rəhimovadan, Bakı, Azərbaycan

Əziz və sevimli Prezidentimiz.

Vətən müharibəsində qazandığımız böyük Qələbənin qəhrəmanı kimi Sizi səmimi qəlbdən təbrik edirəm. Tam əminliklə deyə bilərəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı Sizin kimi Prezidenti olduğu üçün fəxr edir.

Cənab Prezident, ötən 30 il ərzində həmişə böyük Qələbəni xəyal etmişəm, zəfər arzusu ilə yaşamışam, “kaş o gün olaydı” demişəm. O gün bu gündür. Siz bütün xalqımızın arzusunu reallaşdırdınız, bizə Qələbə sevinci bəxş etdiniz.

Hörmətli Prezidentimiz, ölkəni idarə etmək ailəni idarə etmək kimidir. Ailə başçısı necə müdrik və zəkalı olarsa, ailə də bir o qədər möhkəm olar. Fəxr edirik ki, Sizin kimi müdrik və zəkalı dövlət başçımız var.

Cənab Ali Baş Komandan, şəhid anası kimi mənim böyük bir arzum var. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyərək sıxdığınız o dəmir yumruğu canlı olaraq ovuclarıma alıb Sizə təşəkkürlərimi bildirmək istəyirəm.

Hörmətlə,

Rəhimova Zenfira Gülhüseyn qızı, şəhid anası.

Azərbaycan Respublikası, Bakı şəhəri.