03 mart 2021, 18:40

Yüen Sikundan, Pekin, Çin

Möhtərəm cənab Prezident.

Əvvəla, Sizə ən səmimi salamlarımı çatdırır, dərin hörmətimi ifadə edirəm.

Çin Yeni İlinin başlanğıcında Sizin Sərəncamınızla Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafındakı xidmətlərimə görə “Dostluq” ordeni ilə təltif edilməyim barədə sevindirici xəbəri aldım və bundan çox şad oldum. Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətlə Azərbaycanda 2021-ci ilin “Nizami ili” kimi qeyd edildiyini nəzərə aldıqda, məhz bu ildə yüksək dövlət mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir.

Məlum olduğu kimi, Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyi münasibətilə dahi mütəfəkkir-şair Nizami Gəncəvinin büstünü hazırlamışam. Bu xüsusda bildirmək istərdim ki, dahi Nizaminin daxili aləmini dərindən açmaq və onun irsini gələcək nəsillərə dolğun surətdə çatdırmaq məqsədilə 8 ay onun əsərlərini dərindən araşdırmışam. Sevindirici haldır ki, 2012-ci il dekabrın 6-dan etibarən həmin büst Pekindəki Çaoyan parkında dünyanın böyük şəxsiyyətlərinin abidələri arasında əbədi olaraq öz layiqli yerini tapıb. Bu gün isə Nizaminin heykəlinin yerləşdiyi ərazi azərbaycanlıların və çinlilərin toplaşdığı, birgə layihələr həyata keçirdiyi yer olmaqla yanaşı, Azərbaycan-Çin dostluğunun rəmzinə çevrilib.

Cənab Prezident, məni Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif etdiyinizə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Gələcək fəaliyyətimdə də hər zaman Çin və Azərbaycan xalqları arasında ənənəvi dostluq münasibətlərinin, mədəni əməkdaşlığın dərinləşməsinə töhfə verməyə çalışacağam.

Fürsətdən istifadə edərək, Çin Xalq Respublikasına növbəti səfəriniz zamanı Sizi Pekin şəhərindəki Cintay İncəsənət Mərkəzini ziyarət etməyə səmimi qəlbdən dəvət edir, Sizə və ailənizə xoşbəxtlik, rifah və sevinc arzulayıram.

Hörmətlə,

Yüen Sikun, Cintay İncəsənət Mərkəzinin direktoru.

Çin Xalq Respublikası, Pekin şəhəri.