18 yanvar 2021, 11:35

Nazim Adıgözəlovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi Sizin sərkərdəlik məharətinizlə torpaqlarımızın qısa müddətdə - 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı. Artıq Vətən müharibəsi Zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Ağdamın, Kəlbəcərin və Laçının bir güllə atılmadan işğaldan azad edilməsi Azərbaycanın, həm də böyük siyasi-diplomatik qələbəsidir. Əlbəttə, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə və Laçında da aparılsaydı, o zaman itkilərimiz daha çox olardı. Lakin Sizin - Müzəffər Ali Baş Komandanın böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yolla azad etməklə döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu. Nəhayət, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etdi. Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə əslində bütün Qafqazı erməni faşizmindən xilas etdi.

Cənab Prezident, Sizin uzaqgörən hərbi və siyasi-diplomatik bacarığınız sayəsində dövlətimiz nəinki Qarabağımızı azad etdi, həmçinin Zəngəzur mahalının bir hissəsi olan, lakin Ermənistanın Gorus rayonu tərəfindən vaxtilə zəbt olunan Şurnuxu kəndinin bir hissəsi azad edildi. Bu, Sizin dəfələrlə söylədiyiniz “Zəngəzur dədə-baba yurdumuzdur, ora Azərbaycanın qədim diyarıdır” fikrinin real nəticəsidir. Biz şurnuxlular bunu bu cür qəbul edirik.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan kimi bu tarixi Qələbə sevincini, bu möhtəşəm Zəfər qürurunu Azərbaycan xalqına, o cümlədən ailəmizə bəxş etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımızı bildirik.

Mən 1951-ci ildə Şurnuxu kəndinlə çoxuşaqlı bir ailədə doğulmuşam. Bizim əslimiz Şurnuxuludur. 1988-ci ildə Ermənistan Respublikasının deportasiya və soyqırımı siyasəti nəticəsində öz dədə-baba yurdumuzdan qaçqın düşmüşük.

Cənab Prezident, Siz çıxışlarınızın birində qeyd etdiniz ki, Prezident Administrasiyasına göstəriş vermisiniz sorğular keçirilsin, dədə-baba yurdlarına, öz torpaqlarına qayıtmaq niyyəti olanlar öyrənilsin. Mən və ailəm əməkqabiliyyətli təqaüdçülər olaraq öz doğma dədə-baba torpaqlarımıza getmək, orada təsərrüfatla məşğul olmaq istərdik. Sizin əmrinizlə öz doğma yurdumuza qayıtmağa hazırıq. Dövlətimizin çiçəklənməsində əlimizdən gələni əsirgəməyəcəyimizi bildiririk.

Allah Sizi qorusun!

Hörmətlə,

Adıgözəlov Nazim Nuru oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.