18 yanvar 2021, 11:11

Laçın rayonu Arduşlu kənd sakinlərindən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Öncə Sizə və ailə üzvlərinizə Allahdan uzun ömür, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Biz sözlərimizə B.Babazadənin bir beyt şeiri ilə başlamaq istəyirik:

Bədəndə hər üzvün olur öz yeri,

Qolun qol yeri var, gözün göz yeri.

Ölkəyə “dəmir yumruq”lu qol da gərəkdir,

Qılınca bərabər söz də gərəkdir.

Bəli, Siz ikinci Qarabağ müharibəsində həm “dəmir” yumruğunuzla, həm də xarici ölkələrin aparıcı media nümayəndələrinə verdiyiniz dəqiq, məntiqli cavablarınızla, siyasi savadınızla və qətiyyətli mövqeyinizlə qalib gəldiniz. Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Bizlərə böyük qələbə əzmini yaşatdınız.

Biz, Laçın rayonunun Arduşlu kəndindən olan məcburi köçkünlər həmişə ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasətini dəstəkləmişik. Hazırda onun layiqli davamçısı kimi Sizin də uzaqgörən və müdrik siyasətinizi dəstəkləyirik və Sizi Azərbaycanın daimi Prezidenti, Müzəffər Ali Baş Komandanı qəbul edirik. Növbəti seçkilərdə əminliklə Sizi ömürlük Prezident seçəcəyik.

Ulu Öndərimiz demişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” Biz də fəxr edirik ki, azərbaycanlıyıq və Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var.

Uca Tanrıdan arzu edirik ki, Sizin “dəmir” yumruğunuz və “Demokl qılıncı”ndan kəsərli “qılınc”ınız düşmənlərin başının üstündən heç vaxt əskik olmasın.

Allah Sizə və ailə üzvlərinizə yar olsun!

Hörmətlə,

Laçın rayonu Arduşlu kənd sakinləri adından,

Cabbarov Əli Lənkəran oğlu,

Alməmmədov Çingiz İdris oğlu,

Mirzəyev Tahir Əlaslan oğlu,

Pənahov Telman Talış oğlu,

Cabbarov Əmirxan Mirzə oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.