18 yanvar 2021, 10:12

Teyyub Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi əzəli və əbədi torpaqlarımızın düşməndən azad edilməsi, eləcə də, həm koronavirus pandemiyasının, həm də Vətən Müharibəsinin iqtisadiyyatımıza müəyyən təsirinə baxmayaraq, 2020-ci ilin bütövlükdə müvəffəqiyyətlə başa çatması münasibətilə Azərbaycan Təkamül Partiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Hörmətli cənab Prezident,

Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Vətən Müharibəsində qazandığımız Qələbə Azərbaycan xalqının, dövlətimizin tarixində əbədi qalacaqdır. Heç şübhəsiz ki, bu möhtəşəm Qələbənin əldə edilməsində Sizin təşəbbüsünüz və bilavasitə rəhbərliyinizlə son illər ölkəmizdə sosial-iqtisadi-siyasi sahədə aparılan islahatlar, bu islahatların nəticəsində xalq-iqtidar birliyinin bərqərar olması, mövqeyindən asılı olmayaraq demək olar ki, bütün siyasi partiyaların bir yumruq kimi, Sizin rəhbərliyinizlə, Ordumuzun ətrafında sıx birləşməsi önəmli rol oynamışdır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, müxalifət mövqeyi sərgiləyən siyasi partiyaların torpaqlarımızın azad edilməsi kimi xalqımızın, dövlətimizin taleyində mühüm rol oynayan ümummilli məsələdə Ali Baş Komandan kimi Sizin ətrafınızda sıx birləşməsində son illər ölkəmizdə Sizin təşəbbüsünüzlə yeni siyasi konfiqurasiyanın formalaşmasının, iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə formasına keçməsinin mühüm əhəmiyyəti olmuşdur. İqtidar-müxalifət münasibətlərinin yaxşılaşmasında, hər birimizi düşündürən məsələlər ətrafında müxalifət partiyaları ilə dialoqun, məsləhətləşmələrin aparılmasında Prezident Administrasiyasında siyasi partiyalarla iş üzrə ayrıca struktur bölmənin yaradılmasının önəmini qeyd etmək istərdim. Vətənimizin tərəqqisi naminə iqtidar-müxalifət dialoqunun davam edəcəyinə, daha da genişlənib möhkəmlənəcəyinə, dönməz xarakter alacağına inamımızı ifadə etmək istərdim.

Hörmətli cənab Prezident,

Təəssüf ki, koronavirus pandemiyası hələ də davam etməkdə, həm xalqımızın güzəranına, həm də iqtisadi inkişafımıza mənfi təsir göstərməkdədir. Azərbaycan Təkamül Partiyası olaraq, pandemiyanın qeyd edilən mənfi təsirlərinin minimuma endirilməsi üçün Sizin təşəbbüsünüzlə dövlət tərəfindən həyata keçirilən tədbirləri, xüsusilə aztəminatlı, işsiz vətəndaşlarımıza göstərilən maliyyə yardımlarını, çətinliyə baxmayaraq bütün sosial layihələrin tamamilə yerinə yetirildiyini təqdir edirik, bu istiqamətlərdə gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri dəstəkləyirik.

Qeyd etmək istərdim ki, Azərbaycan Təkamül Partiyası yarandığı gündən konstruktiv müxalifət mövqeyi sərgiləmiş, dövlətçilik mövqeyindən çıxış etmiş, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutmuşdur. Azərbaycan Təkamül Partiyası heç vaxt ümumdövlət, ümumxalq mənafeyinə müxalifətdə olmamışdır və deyildir! Azərbaycan Təkamül Partiyası üçün xalqımızın, dövlətimizin mənafeyi hər şeydən üstündür. Bununla yanaşı, fəaliyyətinin bütün dövrü ərzində Azərbaycan Təkamül Partiyası dövlətimizin müxtəlif sahələrdə uğurlarını təqdir etmiş, dəstəkləmiş, eyni zamanda bəzi məmurların fəaliyyətlərində yol verdikləri qüsurları, qanun pozuntularını obyektiv mövqedən tənqid etmiş, onların aradan qaldırılması üçün konkret təkliflərini vermişdir. Azərbaycan Təkamül Partiyası dövlətimizin tərəqqisi naminə qeyd edilən istiqamətlərdə fəaliyyətini davam etdirmək əzmindədir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək məni, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi və Azərbaycanda təhsilin inkişafında göstərdiyim xidmətlərə görə Tərəqqi medalı ilə təltif etdiyinizə görə Sizə təşəkkür edirəm. Bundan sonra da Vətənimiz naminə əlimdən gələni edəcəyimə əmin ola bilərsiniz.

Hörmətlə,

Əliyev Teyyub Qəni oğlu,

Azərbaycan Təkamül Partiyasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.