16 yanvar 2021, 12:15

Ağabala Mehrəliyevdən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan İlham Əliyev!

Sizin uzaqgörən siyasətiniz nəticəsində uzun illərdir düşmən tapdağında olan Qarabağımız işğaldan azad edildi. Siz öz gücünüzü 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə bir daha sübut etdiniz.

Siz müzəffər Ordumuzun əsl Ali Baş Komandanı oldunuz və nəticədə Azərbaycanın ərazi bütövlüyünü təmin etdiniz. Siz güclü ölkə başçısı olmaqla yanaşı, həm də yaxşı övladsınız. Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz.

Xalqı, milləti üçün yaşayan, ömrünü millətinə həsr edən Ulu Öndərimizin ruhu indi şaddır. O, Azərbaycanımızın inkişafı, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün əlindən gələni etmişdir. Nə xoş Sizə ki, bu çətin işi layiqincə yerinə yetirdiniz. Siz də Ulu Öndərimiz kimi xalqımızın yaddaşında əbədiyaşarlıq qazandınız.

Siz öz dəmir yumruğunuz ətrafında Azərbaycan xalqını birləşdirdiniz. Biz 44 günlük Vətən müharibəsində Sizə və güclü Ordumuza güvənərək bir yumruq olduq. Döyüş meydanında əsgərlərimiz, masa arxasında isə Siz düşmənlərimizə qalib gəlib, onların cavabını layiqincə verdiniz. Mən Sizin simanızda müdrik siyasi lider, görkəmli dövlət xadimi, qayğıkeş ölkə başçısı görməklə yanaşı, həmçinin Allahın Azərbaycan xalqına lütfünü və mərhəmətini də görürəm. Siz tarixdə zaman və məkan anlayışının imkanlarından xalqının firavanlığı naminə səmərəli istifadə edən nadir siyasi liderlər sırasındasınız. Bu günlərdə Azərbaycan tarixinə Sizin sayənizdə Vətən müharibəsinin zəfər paradı kimi tarixi bir gün həkk olundu. Bu, milli iradəmizin, yenilməzliyimizin təntənəsi idi.

Mən əminəm ki, 30 il düşmən əlində olan boynubükük xarı bülbülümüz yenidən dirçələcək. Bir azərbaycanlı olaraq Sizə təşəkkür etməyi özümə borc bildim. Mən Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bir daha hər şey üçün çox sağ olun. Biz Sizin kimi Prezidentimiz olduğu üçün şanslıyıq. Allah Sizi və müzəffər Azərbaycan Ordusunu qorusun! Şəhidlərimizin ruhu şad olsun! Ulu Öndərimizin dediyi kimi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mehrəliyev Ağabala Səfər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.