16 yanvar 2021, 11:38

Təranə Tağı-zadədən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan! Dünyanın ən nüfuzlu diplomatı, böyük insan, Azərbaycan xalqını zülmdən azad edən İlham Əliyev!

Biz hamımız Sizin intellektinizə, qətiyyətinizə sevinərək Sizinlə fəxr edirik.

Öncədən icazə verin, bir daha Sizi böyük Qələbə münasibətilə ailəm və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Qırx dörd gün davam edən Vətən müharibəsində Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, Azərbaycan xalqının birliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində ədalətsizliyə və haqsızlığa son qoyuldu. Bu böyük Zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu.

Xalqımızın, dövlətimizin əlamətdar bir məqamda Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya akademik Adilə Əvəz qızı Namazovaya hər zaman göstərdiyiniz böyük hörmət və qayğıya, diqqətinizə görə ailəmiz adından dərin minnətdarlığımızı bildirməyi özümüzə borc sayırıq. Adilə xanım mənə analıq edib və 35 ildən artıq mən onun rəhbərliyi altında işləmişəm. Adilə xanıma Qarabağı və onun doğma Vətəni – Ağdamı erməni faşistlərinin tapdağı altından azad etməklə, ona ömrünün son günlərində çox böyük sevinc və xoşbəxtlik hisslərini Siz bəxş etdiniz. Bu tarixi anda Azərbaycan xalqının və bizim hamımızın xatirəsini daim yad etdiyimiz dahi Heydər Əliyevi xatırlamaq istəyirəm. O, deyirdi: “Həkim üçün ən əsas keyfiyyət yüksək mənəviyyatdır”. Bu ideya, əqidə ilə Adilə xanım daim Heydər Əliyev siyasətinə bütün ömrü və ürəyi ilə sadiq olub və biz var gücümüzlə çalışacağıq ki, bu işin davamçısı olaq.

Hörmətli cənab Prezident, Siz Ali Baş Komandan olaraq bu taleyüklü dönəmdə tarix yazdınız və ətrafınızda sıx birləşən Azərbaycan xalqı üçün böyük bir qəhrəmana çevrildiniz.

Əziz və çox hörmətli Ali Baş Komandan! Biz – Azərbaycan xalqı üçrəngli Bayrağımızın altında, Sizin ətrafınızda sıx birləşmişik. Sizin strategiya və taktikanızı bəyənib yüksək qiymətləndiririk.

Uca Allah Sizi qorusun!

Qarabağ Azərbaycandır!

Yaşasın çoxmillətli Azərbaycan xalqımız! Yaşasın Azərbaycanımızın sülhü və firavanlığı!

Hörmətlə,

Akademik Adilə Namazovanın ailəsi adından,

Tağı-zadə Təranə Qadir qızı, dosent.

Azərbaycan Respublikası, Bakı şəhəri.