16 yanvar 2021, 11:11

Xasay Məmmədovdan, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Sizə Ağdaş rayonundan, Birinci Qarabağ müharibəsində şəhid olmuş Çingiz Məmmədovun atası kimi müraciət edirəm. Sizə müraciət etməkdə məqsədim odur ki, bir şəhid atası olaraq qərara gəldim ki, öz şəhid övladımın timsalında Ağdaşda şəhid olan bütün şəhidlərin xatirəsini əbədiləşdirmək üçün şəhidlər muzeyi yaradam. Bu məqsədlə Ağdaşın mərkəzində M.İsayev küçəsində öz həyətyanı torpağımda 100 kvadratmetr sahədə şəhidlərə muzey yaratdım. Öz şəxsi vəsaitimlə bu muzeydə 3 otaqdan ibarət sərgi otağı təşkil elədim. Burada Birinci Qarabağ müharibəsində şəhid olan 180 nəfərin fotostendindən ibarət şəhid guşəsi yaratmışam və onların həyat fəaliyyəti müxtəlif sənədlərdə və fotoşəkillərdə öz əksini tapmışdır.

Hörmətli cənab Prezident, 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Ağdaşdan şəhid olmuş 32 gəncin fotoları muzeyə əlavə olunmuş və geniş guşə yaradılmışdır.

Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizin bütün şəhidlərimizin ruhuna və şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət Azərbaycan xalqı tərəfindən çox böyük qiymətləndirilir. Dövlət büdcəsindən hər il şəhid ailələrinə ayrılan təqaüd və birdəfəlik maddi yardımlar milyon manatlarla ölçülür. Buna görə Azərbaycan xalqı daim Sizə minnətdardır. Sizin göstrədiyiniz qayğı və diqqət şəhid atası və I qrup əlil kimi məni ruhlandıraraq bu muzeyi yaratmağa vadar etdi. Yaratdım da. Muzeyin açılışı zamanı dövlət qurumlarının nümayəndələri də iştirak etmişdilər. Muzey rayonun mərkəzində yerləşdiyi üçün tez-tez muzeyə ictimaiyyət tərəfindən baxış keçirilir. Daima Ağdaş sakinləri öz şəhidlərini ziyarət edir.

Çox hörmətli cənab Prezident, indi yeganə arzum yaratdığım muzeyin Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin balansına keçirilməsidir.

Çox hörmətli cənab Prezident, Sizə şəhid ailələri adından çox təşəkkür edirik.

Hörmətlə,

Məmmədov Xasay Süleyman oğlu

Azərbaycan Respublikası, Ağdaş rayonu.