16 yanvar 2021, 10:21

Cəbi Bəhramovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

30 ilə yaxın bir həsrətə son qoyub bütün xalqımıza, o cümlədən mənə böyük zəfər sevincini yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bir azərbaycanlı kimi Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyur, Sizin müasiriniz olduğum üçün özümü xoşbəxt sayıram.

Möhtərəm cənab Prezident, Siz elə bir zəfərin müəllifisiniz ki, onu tarixi nöqteyi-nəzərdən tədqiq və analiz etmək, ona dəqiq elmi qiymət vermək heç də asan məsələ deyildir. Sizin bir sərkərdə və professional diplomat kimi əldə etdiyiniz böyük uğur hazırda dünya elmi və hərbi mərkəzlərinin tədqiqat obyektinə çevrilmişdir. 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan xalqının, əsgər və zabitlərinin göstərdikləri saysız-hesabsız qəhrəmanlıq və igidliyin nəticəsidir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqı bu zəfəri ilə yeni bir tarix yazdı və bu tarix artıq milli tariximizin qızıl səhifəsidir.

Müharibənin gedişatı zamanı dünyanın 30-dan çox ölkəsinin müxtəlif kütləvi informasiya vasitələrinə verdiyiniz müsahibələriniz Sizin müdrik dövlət başçısı, professional diplomat və tarixçi alim olmanızı bir daha sübut etdi. Qəbul etdiyiniz qərarlar, atdığınız addımlar təcavüzkarı və onun havadarlarını tərksilah etdi. Siz müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin layiqli övladı olduğunuzu, onun yaratdığı milli dövlətçilik məktəbinin məzunu olduğunuzu öz əməlinizlə sübut etdiniz.

Siz bu Vətən müharibəsində bütün Azərbaycan xalqını öz ətrafınızda dəmir yumruq kimi birləşdirdiniz, bütün insanlığın düşməni olan erməni faşizmi və nasizmini məhv etdiniz. Bu qələbə erməni faşizmi üzərində qələbə olmaqla bərabər, həm də Ermənistanı himayə edən, ona hərbi və maliyyə yardımı göstərənlər üzərində qələbə idi. Elə təkcə buna görə region xalqları Sizə minnətdardır. Siz Azərbaycan xalqının xilaskar xalq olduğunu bütün dünyaya sübut etdiniz. Siz ön cəbhədə vuruşan əsgər və zabitlərimizin hər birinin əməyinə, göstərdikləri qəhrəmanlıqlara böyük qiymət verdiniz.

Sizin fərmanlarınızla on minlərlə əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olundular. Onların üç nəfərinə - Polad Həşimova, İlqar Mirzəyevə və İbad Hüseynova ən yüksək adı – Azərbaycanın Milli Qəhrəmanı adını verdiniz. Bu məni bir vətəndaş kimi çox sevindirdi. Bu üç milli qəhrəmanımızdan birini – İbad Hüseynovu şəxsən tanıyıram. Vətən yolunda şəhid olmuş bütün qəhrəmanlarımızın, o cümlədən Polad Həşimovun və İlqar Mirzəyevin xatirəsi mənim üçün çox əvəzsizdir. İbad Hüseynovla bağlı verdiyiniz Sərəncam ədalətin, haqqın təntənəsidir. O, həqiqətən də erməni faşizminin və nasizminin ən qəddar nümayəndəsi olan, ASALA beynəlxalq terror təşkilatının hərbi qanadının yaradıcılarından biri Monte Melkomyanı 1993-cü il iyunun 12-də məhv etməklə həmin ərəfədə ölkəmizin ərazilərinin işğalı ilə bağlı hazırlanmış planın pozulmasına nail olmuşdur. Bu ölməz qəhrəmanlarımızın fəaliyyət tarixini yazmağı və gələcək nəsillərə qoymağı özümün vətəndaşlıq borcu hesab edirəm.

Hörmətli cənab Prezident, Sizə bir daha təşəkkür edir, Vətənimiz Azərbaycanın bundan sonra da qüdrətli dövlətə çevrilməsində böyük uğurlar diləyir, ideoloji cəbhədə həmişə Ulu Öndərimizin və hazırda Sizin müsəlləh əsgəriniz olmaqla fəxr edirəm.

Şəxsiyyətinizə hörmət və ehtiram hissi ilə,

Cəbi Bəhramov,

AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini,

Tarix üzrə fəlsəfə doktoru, dosent.

Azərbaycan Respublikası, Bakı şəhəri.