15 yanvar 2021, 17:17

Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin nümayəndələrindən, Amerika

Möhtərəm cənab Prezident,

Biz Vətəndən uzaqda yaşayan azərbaycanlılar, ölkəmizdən gələn hər bir səsi-sədanı həyəcanla gözləyir, Azərbaycanla bağlı bütün xəbərləri mütəmadi olaraq izləyirik. Sizin apardığınız müdrik daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyada öz müstəqilliyi, demokratik ideyaları və nüfuzu ilə tanınır, qiymətləndirilir. Ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması uğrunda, eləcə də iqtisadi qüdrətinin inkişafı yolunda göstərdiyiniz çox mühüm və mütərəqqi fəaliyyətinizdən qürur hissi duyuruq.

Sizin liderliyiniz, şücaətiniz və sarsılmaz inamınız nəticəsində 28 ildən sonra Qarabağ azad olunub və bu gün qarabağlılar öz ata-baba yurdlarına qayıtmaq imkanına malikdirlər. XXI əsr dünya siyasətində bu, möhtəşəm bir qələbədir. Bu böyük qələbə münasibətilə Sizi, Qarabağ sakinlərini və dünya azərbaycanlılarını ürəkdən təbrik edir, Sizə dərin təşəkkürümüzü bildiririk.

Qələbəmiz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları çox ruhlandırır və bizə mənəvi qüvvə verir. Bu əlamətdar hadisə ilə bağlı dünyada fəaliyyət göstərən azərbaycanlı incəsənət xadimləri, Azərbaycanın dostları bir araya yığılıb, Sizin xeyir-duanızla “Peace for Karabakh” adlı mədəni tədbir keçirmək arzusundadırlar. Tədbir çərçivəsində yaralı əsgərlərə, şəhid olan hərbçilərin ailələrinə və bölgənin ümumi sülh prosesinə dəstək göstərmək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində zərər çəkmiş mədəni və tarixi abidələrinin bərpasına dəstək üçün ianə kampaniyası keçirmək nəzərdə tutulur. Tədbir ölkəmizə olan məhəbbətin və Milli Ordumuza sonsuz minnətdarlığımızın ifadəsinin rəmzidir. “Peace for Karabakh” layihəsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin üzvləri tərəfindən təşkil edilir.

Tədbir zamanı toplanan ianələri Sizin 2020-ci il 8 dekabr tarixli Fərmanınız əsasında yaradılmış “YAŞAT” Fonduna köçürmək niyyətindəyik.

Sizə uzun ömür, cansağlığı və doğma, bütöv Azərbaycanımızın işıqlı gələcəyi naminə apardığınız mübarizədə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin nümayəndələri adından,

Dr.Cavadova-Spitzberq Cəmilə (layihə müəllifi),

İradə Axundova,

Tərlan Əhmədov,

Alyona Badalova.

Amerika Birləşmiş Ştatları.