13 yanvar 2021, 18:00

Hikmət Kərimovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizə bu minnətdarlıq məktubunu yazan bir neçə həftə əvvələ qədər koronavirus epidemiyasına yoluxmuş və olumla ölüm arasında həyat uğrunda mübarizə aparan bir vətəndaşdır.

Mən şüurlu həyatımın əsas hissəsini Heydər Əliyev və İlham Əliyevin hakimiyyəti illərində yaşamış və fəaliyyət göstərmişəm. Heydər Əliyevin bəşəriyyət tarixinin ən dahi siyasətçilərindən biri olduğuna heç vaxt şübhəm olmayıb və məhz Heydər Əliyev azərbaycanlıdır deyə, azərbaycanlı olmağımla həmişə fəxr etmişəm. Siz isə Ulu Öndərimizin qoyduğu siyasi yola sadiq qalaraq, Azərbaycan dövlətinə və xalqına həm hərbi, həm diplomatik, həm də siyasi sahədə uğurlar qazandırdınız.

Azərbaycanın Qarabağ savaşında tarixi qələbəsi sübut etdi ki, ulu öndər Heydər Əliyev və qədirbilən xalqımız Sizə etimad göstərməklə əsla yanılmamışlar. Bu tarixi qələbə Sizin illərdir ən kiçik detalına qədər hesabladığınız və səbirlə həyata keçirdiyiniz dövlət siyasətinin məntiqi nəticəsidir.

Sizin müəllifi olduğunuz Qarabağ zəfərinin qazanılmasında heç şübhəsiz Azərbaycanın səhiyyə sisteminin də böyük rolu oldu. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın səhiyyə sistemi günün tələblərinə tam şəkildə cavab verir.

Bir tərəfdən pandemiyanın tüğyanı, digər tərəfdən müharibənin nəticələrinin minimum itkilərlə aradan qaldırılması tələbinin yerinə yetirilməsi kimi çağırışlar ilə üz-üzə qalmış Azərbaycan səhiyyəsi bunun öhdəsindən çox şərəflə, alnıaçıq və üzüağ gəldi. Mən özümü çox xoşbəxt hesab edirəm ki, təşəbbüskarı Mehriban xanım Əliyeva olan və Sizin güclü siyasi dəstəyinizlə həyata keçirilən İcbari Tibbi Sığorta sisteminin qurulması ilkin mərhələdə pilot layihə kimi mənim doğma şəhərim olan Mingəçevir şəhərində gerçəkləşdirilib, layihənin uğurlu nəticələrindən sonra isə bütün respublika üzrə icbari tibbi sığortanın tətbiqinə imkan yaradıldı.

Mən özüm koronavirus xəstəliyini çox ağır formada keçirdim. Lakin çox təcrübəli, peşəkar və fədakar tibbi personalın səyi və qüsursuz fəaliyyəti nəticəsində həyatda qaldım. İlk növbədə, çox mükəmməl bir tibbi sistemin qurucusu olaraq Sizə, bütün uğurlu islahatların mərkəzində dayanan hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!

Hörmətlə,

Kərimov Hikmət İsfəndiyar oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.