Araz Budaqovdan, Sabirabad, Azərbaycan
06 dekabr 2020, 11:25
Qoy ədalət zəfər çalsın! H.Ə.Əliyev
Ulu öndər, ruhunuz şad olsun, tək Sizin yox, bütün Azərbaycan xalqının sevimli oğlu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədalət zəfər çaldı!
Əziz və hörmətli Prezident! Bu mənim Sizə yazdığım ikinci məktubumdur. Onu böyük sevinc və qürur hissi ilə, ürəkdən və səmimi qəlbdən yazıram. Xalqımın gözü aydın olsun. 44 gün ərzində gedən Vətən müharibəsi dövründə Sizin Komandanlığınızla Azərbaycan Ordusunun rəşadətli Qələbəsi nəticəsində torpaqlarımız erməni işğalçılarından azad edildi. 30 illik işğaldan sonra artıq torpaqlarımız azaddır. 30 illik həsrətə son qoyuldu. Qoy şəhidlərimizin ruhları şad olsun. Sizi və xalqımı bu münasibətlə ürəkdən təbrik edirəm.
Hörmətli Prezident, mən birinci məktubumda yazmışdım ki, ot kökü üstə bitər. Əgər böyük dövlət xadimi və siyasi xadim Heydər Əliyev olmasaydı Azərbaycan kiçik əyalətlərə bölünərdi və Azərbaycan bir dövlət kimi mövcud olmazdı. Ona görə də Heydər Əliyev və Azərbaycan elə dialektik vəhdət təşkil edir ki, bunları ayırmaq olmaz. Azərbaycan – Heydər Əliyev, xalq – Heydər Əliyev. Bu, elə bir birlikdir ki, bizim gücümüz də bundadır.
Əziz və hörmətli Prezident, nə yaxşı ki, Siz varsınız. Allah, Sizi xalqımıza çox görməsin, ömrünüz uzun olsun. Qoy, Sizin rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyü həmişə tam olsun. Bu Qələbə tarixi qələbədir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Qoy, Sizin rəhbərliyiniz altında xalqımız xoşbəxt və firavan yaşasın, inkişaf etsin. Xalqımız həqiqətən birlikdə güclüdür. Qarabağın əsl qəhrəmanı İlham Heydər oğlu Əliyev və onun qəhrəman Ordusudur. Ürəyimdən bir hiss keçir, İlham Əliyev ömürlük Prezident və Ali Baş Komandan olsun. Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə sonsuz uğurlar, şəxsi həyatınızda nəhayətsiz sevinclər arzulayıram. Çoxlu nəvə-nəticə, kötücə görəsiniz, hər birinə baxıb sevinəsiniz.
Səmimi və dərin hörmətlə,
Budaqov Araz Məhəmməd oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Surra kəndi.