25 noyabr 2020, 09:18

İlahəxanım Həsənovadan, Ağdam, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə tariximizin yeni şərəf və ləyaqət səhifəsini yazdı. 27 illik həsrətdən sonra ürəyi yenidən Ağdama qovuşmaq arzusu ilə döyünən bütün həmvətənlərim kimi, bizim ailəmiz də “Vətən!” deyərək, doğulub boya-başa çatdığımız Ağdamın işğaldan azad olunmasının sevincini yaşayır. Ağdamın azad olunduğu gün həm də bu günün həsrəti ilə dünyadan köçən atamın, o torpaqlarda uyuyan doğmalarımın ruhunun azadlığı günüdür. Qarabağın qapısı, alınmaz qala olan Ağdam indi əzəli və əbədi sahiblərinə qovuşdu. Azad edilən hər qarış torpağımız həmin torpaq uğrunda canını fəda edən Azərbaycan əsgərinin qanı ilə yazılmış qəhrəmanlıq salnaməsidir. Bu torpaqlarda indi əzəmətli Azərbaycan bayrağı dalğalanır. Artıq o torpaqlara həyat qayıdacaq, öz doğma yurdlarının həsrəti ilə dünyasını dəyişmiş insanların ruhu şad olacaq, övladlarımız daha xoşbəxt həyat yaşayacaqlar. Bu hisləri bizə yaşatdığınıza görə Sizə, Vətən uğrunda canından keçməyə hazır olan əsgərlərimizə sonsuz minnətdarlığımı bildirirəm. Tanrı yardımçınız olsun!

Dərin hörmətlə,

Həsənova İlahəxanım Aydın qızı.

Azərbaycan Respublikası, Ağdam rayonu.