24 noyabr 2020, 18:30

Yavər Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Bu gün bizlər o taylı, bu taylı Azərbaycanımızda, dünyanın dörd bir tərəfində yaşayan 50 milyonluq böyük Azərbaycan Xalqının övladları qürur və fəxarət anları yaşayırıq. Əminliklə deyə bilərəm ki, tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunacaq bu günlərin, bu tarixi zəfərimizin əhəmiyyəti barədə hələ uzun illər danışılacaq, bu şanlı Qələbə haqqında böyük əsərlər yaradılacaq.

Bu tarixi zəfər milli birliyimizi möhkəmləndirəcək, milli kimliyimizi səciyyələndirən mənəvi dəyərlərimizin zirvəsində öz layiqli yerini tutacaqdır. Böyük millətlər böyük zəfərlərdən doğulur. Bizləri əsrlər boyu qəflət yuxusunda uyutmaq istədilər. Ancaq onlar anlamadılar ki, altaylardan başlayan böyük tarixə imza atan türk oğlunun qan yaddaşını ona unutdurmaq olmaz. O qan oyanarsa heç bir qüvvə onun qarşısında dayana bilməz. Bizlər bunu bu gün döyüş meydanında dünyaya sübut etdik.

Demək olar ki, bütün dünya ilə amansız savaşa qalxan Azərbaycan xalqı mübarizə meydanda biləyinin və ağlının qüdrəti ilə bunu elə həmin dünyaya sübut etdi. Sübut etdik ki, həqiqətən də biz məğrur və cəsarətli xalqıq. Ancaq cəsarətli oğulların başında əzmli və müdrik Sərkərdə dayanmalıdır. Türk xalqı böyük sərkərdələr yetişdirib. Bu sərkərdələr arasında artıq Sizin də adınız var.

Möhtərəm Ali Baş Komandan, Siz ümummilli lider Heydər Əliyevin başladığı böyük yolu layiqincə davam etdirirsiniz. Siz böyük siyasi lider, strateq, əsl komandan olmaqla bərabər layiqli övladsınız. Şəxsən məni bir ata kimi, Sizin Şuşa sevincini atanızla bölüşməyiniz çox təsirləndirdi. Bütün Azərbaycan xalqı o böyük, möhtəşəm anları izləyərkən Sizinlə eyni hissləri yaşadı. Fəxarət və sevinc göz yaşları dolu bu böyük qürur anlarını bizə yaşatdığınız üçün Sizə ilk öncə bir ata kimi öz hədsiz təşəkkürümü bildirmək istəyirəm.

Cənab Ali Baş Komandan. Mən Qarabağlıyam. 28 ildir işğal altında olan doğma yurdum - Cəbrayıl şəhərinin mənfur düşməndən azad olunması mənim həyatımın ən böyük sevinci oldu. Bu sevinci bizə yaşatdığınız üçün Sizə bütün ailəm, cəbrayıllılar adından sonsuz təşəkkürümü bildirmək istəyirəm.

Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında biz bu gün güclü dəmir yumruğa çevrilmişik. Biz - Azərbaycan xalqı artıq bir Ordudur. Sizin bu cəsarətli sözləriniz bizi qürurlandırır. Bu böyük qürur hissini bizlərə yaşatdığınız üçün Vətən oğulları adından Sizə təşəkkürümü bildirmək istəyirəm

Sözlərimi ümummilli liderimiz Heydər Əliyevin tarixi sözləri ilə bitirmək istəyirəm: ”Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Hörmətlə

Hüseynov Yavər Davud oğlu,

Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu